Malavidə vəba epidemiyasından ölənlərin sayı 990-a yüksəlib.
Medianews.az xəbər verir ki, Malavi Səhiyyə Nazirliyinin məlumatlarına görə, son 24 saatda vəbadan 30 nəfər ölüb ki, bu, 2020-ci ilin martında başlanandan bəri bir gündə ən yüksək ölüm sayıdır.
Ümumi yoluxmaların sayı 29 995-ə yüksəldiyi halda, həyatını itirənlərin sayı 990-a çatıb.
Səhiyyə nazirliyi gigiyena qaydalarına diqqət yetirməyə və təmiz sudan istifadə etməyə çağırıb.
Digər tərəfdən ölkəyə göndərilən 2,9 milyon doza vəba peyvəndinin tükəndiyi açıqlanıb.
“Vibrio cholerae” bakteriyasının törətdiyi yoluxucu nazik bağırsaq xəstəliyi olan vəba yoluxmuş şəxsdə sulu ishal, qusma və əzələ krampları kimi əlamətlərlə özünü göstərə bilər.
Qlobal səhiyyə qurumlarının və hökumətlərin tədbirləri nəticəsində illərdir azalan vəba hadisələri iqlim dəyişikliyi, yoxsulluq və münaqişələr kimi səbəblərlə yenidən genişlənməyə başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2017-ci ildən 2021-ci ilə qədər dünyada vəbaya yoluxan ölkələrin sayı 20-dən az olduğu halda, yalnız 2022-ci ildə vəba epidemiyası 26 ölkədə müşahidə olunub.
Mehin Mehmanqızı
Medianews.az