Hazırda yeni mövsüm başlayır, yeni mövsümdə ekranda yeni layihələrlə bərabər yeni simalar da görünür. Bu simalar arasında Azərbaycan dilinin ölçü meyarını (Orfoepik,Orfoqrafik) demək olar ki, çox az halda qoruyanlar var. Telekanallarda dili bilməyən, Azərbaycan ədəbi dilin qaydalarından bixəbər, efir qaydalarına riayət etməyən əməkdaşların sayı günü gündən çoxalır. Keçirilən monitorinqlər fonunda edilən xəbərdarlıqlara, tənqidlərə rəğmən hələ də Azərbaycan televiziya və radiolarında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Onların ən başlıcası ilə dil problemidir.
Bəs görəsən televiziyalarımız efirə aparıcı seçərkən onların dil normalarına diqqət edirmi? Bu tamaşaçı üçün nə qədər önəmlidir?
Mövzu ilə bağlı Medianews.az-a açıqlamasında Xalq şairi, deputat Sabir Rüstəmxanlı bildirdi ki, hazırki vəziyyətdə bunlara riayət edən yoxdur:
“Keçirilən monitorinqlər fonunda edilən xəbərdarlıqlara, tənqidlərə rəğmən hələ də Azərbaycan televiziya və radiolarında kifayət qədər çatışmazlıqlara rast gəlmək mümkündür. Başlıca çatışmazlıq isə aparıcıların peşəkarlığı ilə bağlıdır. Çox təssüf ki, biz neçə illərdir bu mövzuda Azərbaycan televiziyasının rəhbərlərinə və televiziyada çalışan əməkdaşlara xəbərdarlıq edirik. Azərbaycan televiziyasında bir çox simalar var ki, efir üçün xarakterik deyil, həm danışıqları həm digər normativləri ilə.
İndi televiziyalarımızda təsadüfü insanlar çoxdur- kimi televiziya rəhbərlərinin tanışıdır, dostudur, hətta bir çoxları öz qohumlarıdır. Hazırda peşəkarlar tərəfindən seçilən jurnalistlər çox azdır.
Aparıcı seçərkən ilk olaraq onun diksiyasına, dilimizin qrammatik normalarına nə dərəcədə uyğunlaşmasına diqqət etmək lazımdır, amma…”
Ayşən Azadova
Medianews.az