“İmtahan ballarınız azdır? Artıq ballarınızı artıra bilərsiniz, buraxılış və blok imtahanında, kəsirlərinizin düzəlməsində sizə yardımçı ola bilərik”.
Son zamanlarda bu kimi saxta elanlar sosial şəbəkələrdə, xüsusən də “Tiktok” vasitəsi ilə bilavasitə abituriyentlərin və onların valideynlərinin diqqətini çəkməyə başlayıb.
Məsələ ilə bağlı təhsil eksperti Elçin Əfəndi Referans.az-a açıqlamasında söyləyib ki, “vətəndaşların inamından istifadə edərək kiberdələduzluq yolu ilə müəyyən ödənişlər əldə etmək birbaşa dələduzluq məsələsidir. Dövlət İmtahan Mərkəzinin də, hüquq mühafizə orqanlarının da bundan xəbəri var. Həmin şəxslər haqqında da qanunvericiliyin tələbinə uyğun olaraq addım atılacaq. Qeyd edim ki, valideynlər, eyni zamanda imtahan verən namizədlər bu barədə diqqətli olmalıdırlar. İlk olaraq bildirməliyəm ki, belə bir hal mümkün deyil . Yəni kibermüdaxilə istiqamətində onların balının artırılmasına yönəlik addımların atılması qeyri- mümkündür. DİM həmin sistemi xüsusi olaraq qoruyur. Eyni zamanda bu təkcə DİM-in marağında olan məsələ deyil, həmçinin xüsusi mühafizə xidmətinin də diqqətində olan məsələdir. Ona görə də kiminsə belə fikirlərlə valideynlərə yaxud abituriyetlərə müraciət etməsi doğru deyil. Bu məsələdə valideynlər diqqətli olmalıdırlar.
Qaldı ki, balın artırılması məsələsinə… Onsuz da DİM imtahan nəticələri elan ediləndən sonra müvafiq olaraq appelyasiya komissiyasının fəaliyyətini başladır. Və appelyasiya komisiyyası da konkret olaraq əsaslı müraciətlərə baxır. Hər hansısa bir sualın şərtində müəyyən anlaşılmazlıq, elmi yaxud texniki xəta varsa və bunu da şagirdlər görüb bildirirsə araşdırma aparılır. Sualın şərtində yaxud da cavabında elmi səhv aşkar edilirsə, yaxud da cavabların yoxlanılması zamanı ola bilər ki, marker müəllim tərəfindən hər hansısa texniki xətaya yol verilsin, bu zaman sualın cavabı üçün nəzərdə tutulan bal şagirdin xeyrinə hesablanır. Tutaq ki, şagird əgər 250 bal toplayıbsa həmin suala görə əlavə olaraq 3-5 bal artırılır. Yəni bundan kənar hər hansısa müdaxilə əsasında balın artırılması və digər məsələlər konkret olaraq qeyri qanunidir, mümkün deyil .
DİM-in mətbuat xitmətindən verilən məlumatda bildirilir ki, həqiqətən qəbul kampaniyası dövründə sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzi adından saxta səhifə və qruplar yaradılır. Aparılan araşdırmalar zamanı bu səhifələrdə tələbə qəbulu kampaniyasının gedişi, dövlət qulluğuna qəbul, eləcə də Dövlət İmtahan Mərkəzinin fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olur. Bəzi səhifə və qruplar “profil” şəkli və “cover” fotoları üçün Mərkəzin loqotipindən (emblemindən) istifadə etməklə istifadəçiləri aldadır, öz fəaliyyətlərinə rəsmi xarakter verməyə çalışırlar. Ona görə də istifadəçilərə daha diqqətli olmağı və bu tip səhifələri şikayət (report) etməyi tövsiyə edirik. Mərkəzə aid məlumatlar yalnız rəsmi mənbələrdən izlənilməlidir. Xatırladaq ki, DİM-in Feysbuk, Telegram və TikTok səhifələri rəsmi təsdiq nişanına malikdirlər.
Bəs görəsən bu cür kiberdələduzluq hallarının qarşısını almaq üçün hansı tədbirlər görmək lazımdır ?
Hüquqşünas Elşad İsayevin sözlərinə görə saxta profillər, saxta istifadəçi adları altında reklamların yerləşdirilməsi, saxta məlumatların yayılması bunların hamısı cinayət qanunu ilə nəzərdə tutulmuş məsuliyyət deməkdir. Cinayət məcəlləsinin 148.1-ci maddəsinə əsasən saxta istifadəçi adının yaradılmasının özü bir cinayət məsuliyyəti yardır. Ona görə də buna qarşı mübarizə fikirləşdiyinizdən də çox çətindir. Bildiyim qədərilə belə məsələlərlə bağlı Daxili İşlər Nazirliyində şöbə yaradılıb. Hətta kibercinayətkarlığa qarşı mübarizə idarəsi belə yaradılıb. Göründüyü kimi dövlət bununla bağlı öz mübarizəsini aparır. Saxta profillər bütün dünyanın, o cümlədən bizim də problemimizdir. Maarifləndirmə işi yüksək səviyyədə aparılmalıdır, insanlar daim ayıq olmalıdır. Profilin yaranma tarixinə , profildə olan şəkilə, əlaqə nömrələrinə diqqət etmək lazımdır. 3-4 günlük profillərə isə qətiyyən etibar etmək olmaz .