Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin spikeri Alen Simonyan Ermənistanın Azərbaycandan qaz alışı məsələsini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
“Əgər Ermənistan Azərbaycandan qaz alarsa, bunu müsbət hal kimi qiymətləndirirəm. Biz bu məsələni müzakirə etməliyik”, – deyə Alen Simonyan bildirmişdi.
Sözügedən məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Medianews.az-a danışıb.
Natiq Cəfərli deyib ki, Azərbaycan Ermənistana qaz satışı hər iki ölkə üçün sərfəli ola bilər:
“Əslində, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də maraqlı açıqlama verib. Bu həm də realdır, sovet vaxtından qalan infrastruktur da var. Sadəcə, bu məsələ Ermənistandan aslıdır. Ermənistan nə qədər tez sülh müqaviləsinin imzalanması ilə bağlı maneələri aradan qaldırıb və iki ölkə arasında artıq bütün müqavilələr bağlandıqdan sonra, hətta konsulluq və səfirlik məsələlərinə qədər bütün problemlər həllini taparsa, niyə də olmasın. Bu Azərbaycana da, Ermənistana da sərfəlidir. Azərbaycana sərfəlidir, çünkü bu əlavə yeni bir qaz bazarıdır, həm də Ermənistan enerji məsələlərində Azərbaycandan asılı vəziyyətə düşür. Bunun özü də pis bir şey deyil.
Ekspert daha sonra bildirib ki, Ermənistanın qaz almaq üçün nə qədər çox alternativi olacaqsa, bir o qədər çox öz enerji təhlükəsizliyini təmin etmək üçün fürsəti olacaq:
“Ermənistana isə sərfəlidir ona görə ki, demək olar ki, 100 faiz çox böyük ölçüdə Rusiyadan aslıdır. Rusiya ilə Ermənistan münasibətləri gələcəkdə gərginləşəcəksə, Rusiya qiymətləri kəskin artıra bilər. Ermənistanın qaz almaq üçün nə qədər çox alternativi olacaqsa, bir o qədər çox öz enerji təhlükəsizliyini təmin etmək üçün fürsəti olacaq. Dediyim kimi infrastruktur olaraq da bir problem yoxdur. Sovet vaxtından qalan boru xətləri var ki, onların sadəcə cari təmiri və test olunmasına ehtiyac var. Bu isə, bundan sonra bu fəaliyyəti həyata keçə bilmələri üçündür. İlk növbədə digər problem, hansı ki, şükür indi öz həllini yavaş-yavaş tapır. Kommunikasiyaların açılması böyük sülh müqaviləsinin bağlanması bu məsələnin qarşısında olan bütün sədləri qaldıra bilər”.
Lamiyə MİRZƏYEVA
Medianews.az