Politoloq: “İran yönümlü, eləcə də PKK terror təşkilatlı qüvvələr əs-Sədrin hakimiyyətə gəlməsinə maneçilik törədirlər”
İraqın nüfuzlu siyasi xadimi Müqtəda əs-Sədr ölkədə mövcud siyasi vəziyyətin dalana dirəndiyini bildirərək siyasətdən uzaqlaşdığını elan edib. Müqtəda əs-Sədrin siyasi fəaliyyətinə son verməsi barədə açıqlamasından sonra onun tərəfdarları etiraz aksiyası keçirərək Respublika Sarayını mühasirəyə alıb. Nüfuzlu şiə ilahiyyatçısı Müqtəda əs-Sədr aclıq aksiyasına da başlayıb və aksiyanı İraqda “zorakılıq dayandırılana qədər” davam etdirmək niyyətində olduğunu bəyan edib. Etirazçılar siyasi və diplomatik qurumların yerləşdiyi “Yaşıl zona”ya, Respublika Sarayına daxil olub. Təhlükəsizlik qüvvələri aksiya iştirakçılarının qarşısının alınması üçün su şırnaqlarından, gözyaşardıcı qazdan istifadə edib. Son məlumatlara görə, etiraz aksiyaları zamanı baş verən toqquşmalar nəticəsində onlarla həlak olan, 200-dən çox xəsarət alan var.
Paytaxt Bağdadda baş verən proseslərin arxasında hansı qüvvələr dayanır? İraqdakı sabitliyin pozulmasına əsl səbəb nədir? Maraqlı qüvvələrin hədəfləri nədən ibarətdir?
Mövzu ilə bağlı Politoloq Sədrəddin Soltan Medianews.az- a danışıb.
O qeyd edib ki, Müqtəda əs-Sədr İrana və İranyönümlü qüvvələrə qarşı etiraz aksiyaları ilə çıxış edib. Politoloqun sözlərinə görə, Bağdadda İranın maraqlarına qarşı çıxış edən təkcə Müqtəda əs-Sədr deyil, eyni zamanda kürd siyasi qüvvələri və Səudiyyə Ərəbistanının dəstəklədiyi dairələrdir: “Bütün bu qüvvələr İraqdan İranın çıxmasında maraqlıdır və bunu tələb edirlər. Bu hadisə seçkilərdən sonra İraqda baş verib. Müqtəda əs-Sədrin başçılıq etdiyi partiya seçkidə qalib gəlib və hakimiyyəti də məhz o qurmalıdır. Amma İran yönümlü, eləcə də PKK terror təşkilatlı qüvvələr əs-Sədrin hakimiyyətə gəlməsinə maneçilik törədirlər. Hadisələrin əsasında təkcə əs-Sədrin maraqları deyil, İranın İraqdan çıxması məsələsi dayanır. Çünki İran İraqda hərtərəfli möhkəmlənib. Hətta Əhdi-şəbiə adlı ordu formalaşdırıb. Bu ordu İŞİD-ə qarşı mübarizədə fəal iştirak edib. Eləcə də İran-İnqilab keşikçiləri qvardiyanın Qüds qoşunu İraqda fəaliyyət göstərir”.
Politoloq deyib ki, Bağdadda baş verən proseslərdə əsas məsələ İran silahlı qüvvələrinin nüfuzunun İraqdan çıxarılması məsələsidir: “Müqtəda əs-Sədrin partiyasının hərbi birləşmələrinin komandanı bəyan edir ki, Əhdi-şəbiə qüvvələri İraq ərazisini tərk etməlidir. Bu barədə 2 gün öncə ultimatum verib. Əvvəllər də buna bənzər hadisələr baş verib, İrana və İranyönümlü qüvvələrə qarşı etiraz aksiyaları ilə çıxış edilib. Bu qüvvələrin İraqdan çıxması ölkədəki gərginliyin azaldılmasına səbəb ola bilər. İndiyədək İraqda hökumət təkcə daxili siyasi qüvvələrin deyil, eyni zamanda İranın razılığı ilə da formalaşıb. İran, ABŞ, yaxud Qərb və eləcə də İrandakı siyasi qüvvələrin maraqları nəticəsində İraqda hökumət formalaşıb. Artıq İrana meyilli hökumətin formalaşmasını Bağdaddakı daxil qüvvələr, qərb maraqları istəmir. Ona görə də kütləvi etiraz aksiyalarına başlanılıb. İran, ABŞ, yaxud Qərb və eləcə də İraqdakı siyasi qüvvələrin maraqları əsasında hökumət formalaşır. Görünür, bu dəfə İranın maraqlarını nəzərə almaq istəmilər. İraq Prezidenti Bərhəm Salih növbədənkənar seçkilərin keçiriləcəyinin də anons edib”.
S.Soltan hesab edir ki, İranın qərblə təbii qaz məsələsində, atom nüvə proqramında razılığa gəlməməsi, rəsmi Tehranın bu istiqamətdə şəffaflığı təmin etməməsi, Rusiyanın Ukraynada tutduğu mövqeyi dəstəkləməsi də Bağdadda etiraz aksiyalarına səbəb ola bilir. Politoloqun sözlərinə görə, Bağdaddakı hadisələr İran maraqlarının İraqdan çıxmasını sürətləndirəcək, İraqda vətəndaş müharibəsinin başlanması üçün əsas olacaq. Bunun üçün İran İraqda vətəndaş müharibəsini apara biləcək tərəflərdən birinə maliyyə dəstəyi verməlidir”.
Ayşən AZADOVA
Medianews.az