Xəbərlərin oxunma reytinqini göstərən saytlara baxdıqda görürük ki, ilk sırada çox zaman qeyri-ciddi, etik olmayan xəbərlər durur. Daha ciddi xəbərlər isə demək olar ki, oxunmur. Oxunsa belə, oxunma sayı qeyri-ciddi xəbərlərdən dəfələrlə az olur. Bu, həmçinin, sosial şəbəkələrdəki paylaşımlarda da özünü göstərir. Bir şəhid barədə yazı paylaşıldıqda onun bəyənməsi və izlənməsi ilə başqa bir ciddi olmayan paylaşımı müqayisə etdikdə fərqi öz gözlərimizlə görə bilirik.
Bəs, buna səbəb nədir? Niyə insanlar daha çox qeyri-ciddi xəbərləri, paylaşımları önə çıxarırlar?
Mövzu ilə bağlı ekspertlər Medianews.az-a danışdı.
Bildirdilər ki, sözügedən məsələ hazırda ən problemli sahədir ki, onun həlli hələ də tapılmayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid bizimlə söhbətində bildirdi ki, qeyri-ciddi media hər zaman daha çox “sevilib”: “Hələ bu sosial şəbəkələr çıxmamışdan öncə də, 50-100 il bundan qabaq da qəzetlərlə bağlı müzəkirələrdə də sarı mətbuat və ciddi mətbuat arasında fərq olub. Sarı mətbuatın tirajı həmişə çox olub. Çünki yüngül xəbərlər, şou xəbərləri daha çox insanları cəlb edib. Bu mənada, qardaş Türkiyədə belə ənənələr hətta ciddi qazetlərdə də qalır ki, şou-biznes xəbərləri, özəl həyata müdaxilə daha maraqlı olub. Amma ciddi mətbuat həmişə öz sanbalı ilə seçilib və daha hörmətli olub. Onların yazısı cəmiyyətdə etibarlı bir yazı kimi qiymətləndirilib”.
R.Məcid qeyd etdi ki, sosial media çıxandan sonra artıq bu məsələ daha da qabarıq görünməyə başlayıb:
“Çünki indi insanların böyükhəcmli material oxumağa vaxtı, hövsələsi yoxdur. Ona görə də hamı yüngül, “dingiş” xəbərlərə can atır. Bu mənada, daha ciddi bir yer olan feysbukun izləyicisi azdır, amma “Tik-Tok”, “İnstagram” kimi sosial şəbəkələrin izləyiciləri daha çoxdur. Bunun sosial-psixoloji səbəbləri də, insanların yüngül məsələlərə meyl etməsi də var. Mənim yadımdadır ki, biz Qulu Məhərrəmli, Azər Həsrətlə 1998-ci ildə Ağ Evə getmişdik, orada mətbuat konfransı keçirilirdi. Məşhur Klinton və Monika Levinski əhvalatı qabarmışdı. Həmin günlər bütün dünyanın ən ciddi media orqanlarının rəhbərləri Ağ Evin mətbuat katibinə Monika Levinski barədə suallar verirdilər. O da deyirdi ki, Klinton bu yaxınlarda ibtidai məktəblərlə bağlı çox ciddi bir qərar qəbul edib, siz heç o barədə, təhsilin ciddi problemlərini soruşmursunuz, amma Monika Levinskini soruşursunuz. Levinski sindromu- yüngül xəbərlərə, şayiələrə meyl etmək həmişə olub”.
Rəşad Məcidin sözlərinə görə, sarı mətuatın davamçıları bugünkü “tik-toklardır: “Bir qism insanlar o cür xəbərləri daha çox həzm edə, özününküləşdirə və ondan zövq ala bilirlər. Buna görə də bu gün klassik sarı mətbuatın davamçıları məhz bu sosial şəbəkələr, xüsusən bu “tik-toklardır. Amma şübhəsiz ki, bunların da öz izləyiciləri var. Orta zəkalılar cənnəti sözü var. Bu, türk yazıçısı Livanelinin sözüdür. Yəni bir çox insan var ki, daha yüngül xəbərlərə meyl edirlər. Bunda da indi heç kimi günahlandırmaq mümkün deyil. İndi də elə dövrdür ki, artıq hamımızın əlində telefonlar, o telefonlarda həddindən artıq çox informasiya, xəbərlər, videoçarxlar var, ona görə də ciddi medianın oxucuları da çox kəskin surətdə azalıb. Amma yenə də mən fikirləşirəm ki, bu, ötəri bir prosesdir. Zaman gələcək, yenə etibarlı, məsuliyyətli media daha qabarıq görünməyə başlayacaq, cəmiyyətə daha çox təsir gücünə malik olacaq. İndi bütün dünya xaotik bir dövrə yaxınlaşıb, dünyanı xaos cənginə alıb. Üstəgəl, bu müharibələr, pandemiya – hamısı ola bilsin ki, insanların psixologiyasına da təsir edib. Bəlkə də insanlar heç düşünmək istəmirlər. Daha yüngül və dinclik gətirən xəbərlərə meyl edirlər. Amma düşünürəm və ümid edirəm ki, bu, keçici bir proses olacaq”.
Zərif Ülvizadə
Medianews.az