“Teatr dövlətin qayğısını hiss etməsə, məhvə məhkumdur. Çünki teatr ailənin ən dəcəl övladıdır. Hansı ki, evdə çox dəcəlliklər edir, amma heç nəyi sındırıb dağıtmır. Teatr işçiləri də azad, sərbəst dəcəl övlada oxşayırlar. Teatrın işindən yararlanmaq ölkəyə, insana, insanlığa, vətənə, dövlətə, dövlətçiliyə, milli mədəniyyətə çox böyük fayda verə bilər. Amma biz bunu bir çox hallarda unuduruq”
Bu sözləri Medianews.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan bildirib. O, qeyd edib ki, indiki vəziyyətdə teatrların ümumi vəziyyəti qeyri-müəyyəndir:
“Bundan sonra teatrların taleyinin necə olacağı bilinmir. Teatrın digər müəssisələrdən fərqi ondan ibarətdir ki, burada çalışan adamlar işlərinin fanatıdırlar. Təbii ki, bu yüz faiz hamıya şamil oluna bilməz. Teatra əməkhaqqı xatirinə gəlib gedənlər də var. “Heç yerdə iş tapa bilmədim deyə, gəldim teatrda süpürgəçi işləməyə” kimi baxanlar da.
Bu qeyri-müəyyənlik teatrların işində konkret hədəfin olmadığını göstərir. Hazırda teatr rəhbərləri teatrların yaşaması uğrunda mübarizə aparır, çalışır, işləyirlər. Bu mübarizə forması yaradıcılığa da yansıyır, təsir göstərir. Tamaşaçının dalınca qaçmağa məhkumuq. Tamaşaçının dalınca qaçanda da məcbur oluruq “3 Badam 1 Qoz” əsərləri repertuarımızda daha çox yer alsın. Birinci məqsədimiz tamaşaçının zövqünü formalaşdırmaq olmalıdır”.
İ. Soltan teatra gedən yol uşaqlarıların uşaq yaşda yetişdirilməsindən başladığını, ancaq məktəblərin teatrlardan küsülü olduğunu bildirib: “Hansısa işinin öhdəsindən gələ bilməyən məmur teatrlara məktəblərin girişini qadağan edib və bundan yeniyetmələr, gənc nəsil, valideynlər də neçə əziyyət çəkib və hələ də çəkirlər. Bu əziyyəti teatrlar da çəkir.
Küçədə gəzən hər bir adam nə vaxtsa teatrda tamaşaçı olub və ya ola bilər. Teatrın tanınması ilə bağlı böyük bir sədd çəkilib. Deyirlər “kim teatr istəyir özü getsin”. Dünən kənddən gəlmiş uşaq, gənc, yeniyetmə, tələbə teatrın nə olduğunu bilmirsə, teatr gəlib qapısını döyüb özünü tanıtmırsa, haradan bilsin ki, belə bir məfhum var?”.
Medianews.az