Milli Məclisdə iqtisadiyyat nazirinin verdiyi açıqlamadan belə çıxır ki, hökumətin hələ də işğaldan azad edilən ərazilərin taleyi haqda dədiq, konkret planları yoxdur. Sitat: “Həmin ərazilərdə biz torpaq islahatlarına dəyişiklik edə bilərik, ya yox, qərar yoxdur. İşçi müzakirələr Prezident Administrasiyasının da iştirakı ilə həyata keçirilir. Bununla bağlı yekun rəy odur ki, dəyişikliklər olmalıdır. İkinci məsələ isə burada iqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansın tapılması ilə bağlıdır. Burada problemin böyük hissəsi ondan ibarətdir ki, mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyənləşməsi məsələsi də var. Bu problem bu gün diqqət mərkəzindədir”. Sitatın sonu.
Mən bu qeyri-müəyyənliyə yalnız təəssüf edə bilərəm, çünki əlimdən başqa şey gəlmir. 27 il işğal altında qalan, 1 ildir azad edilən ərazilər üzrə niyə dəqiq planlar hazırlanmayıb? Ordu, silahlı qüvvələr öz vəzifəsini yüksək səviyyədə həyata keçiribsə, xalq da buna hər cür – həm canı, həm malı vasitəsilə – dəstək veribsə, hökumət qurumları niyə torpaq islahatına hazır deyil? Bəlkə bunun da günahını düz 14 il – 2001-ci ildən 2015-ci ilədək Torpaq və Xəritəçəkmə Komitəsinin sədri olan Qərib Məmmədovun yarıtmaz fəaliyyətinə şəlləyək, çıxsın getsin? Yaxud Qaçqınkomun köhnə sədri Əli müəllimi suç keçisi elan edək? Hər halda, keçmişdən günahkar tapmaqda ustayıq, maşallah. Hətta daha dərinə gedib AXC-Müsavat cütlüyünü günahlandırmaq olar.
Hörmətli Cabbarov bir az siyasət işlədib və açıq danışmayıb, ancaq onun fikirlərini oxucularımıza izah edə bilərik. Örnək üçün, “torpaq islahatına dəyişiklik” nə deməkdir? Axı prinsipcə Azərbaycanda torpaq islahatı, torpaqların özəlləşdirilməsi və kəndlilərə pay torpaqlarının verilməsi 1996-cı ilin qanunu ilə başlanıb. Həmin qanunda hər kəndlinin həyətyanı sahəsi, evinin yerləşdiyi sahə onun mülkiyyəti sayılırdı. Daha sonra sovxoz və kolxozların torpağı hesablanırdı, bələdiyyə və dövlət fondu çıxılırdı, qalan hissə yenə həmin kəndlərin sakinlərinə pay torpağı olaraq verilirdi. Bu zaman təkcə sovxoz-kolxoz işçiləri yox, ümumən kəndin sakinləri (müəllim, həkim və sairə də) pay alırdı. Üstəlik, müharibə əlillərinə-filana əlavə daha 1 pay torpağı verilirdi.
Deməli, belə çıxır, hökumət azad edilən ərazilərdə torpaq islahatını köhnə qayda ilə aparmaq istəmir. Bu isə vətəndaş bərabərliyi prinsipini pozmaqdır. Ağdamlını, məsələn, kürdəmirlidən fərqləndirməkdir, özü də pis mənada. Halbuki 1996-cı ilin qanununda keçid müddəalarında bu durumu nəzərə alaraq yazmışdılar: “Ermənistanın işğalında olan ərazilər azad ediləndə torpaq islahatı bu qanundakına uyğun aparılacaq” (maddə 24). İndi nə oldu bəs? Niyə Heydər Əliyevin 1996-cı ildə imzaladığı qanun unuduldu?
“İqtisadi fəallıqla sosial siyasət arasında düzgün balansı tapmaq” ifadəsi nədir? Qısa yazsaq, orada qeydiyyatı olan hər kəsə torpaq payı verilməlidir, bu, sosial siyasətdir, ancaq bəzi adamlar Bakıda, Şəkidəki… işindən ayrılıb azad edilən torpağa qayıtmayacaqsa, iqtisadi fəallıq olmayacaq. Nazir bunun arasında balans yaratmağın çətinliyini söyləyir və ilk baxışdan haqlı görünür. Doğrudan da qanlar bahasına aldığımız torpağı işlətməsək, o boyda davanın mənası nə idi? Ancaq yenə bərabərlik prinsipinə dönsək, guya bu gün Azərbaycanın qalan ərazilərində hər kəs şəxsi pay torpağının başındadırmı? Kimisi başqasına icarəyə verib, kimisi satıb, kimisi atıb gedib və sairə. İşğaldan azad edilən torpaqlarda da insanlara bu başlanğıc haqq verilməlidir.
“Mülkiyyət sənədləri və olmayan sənədlərin müəyyən edilməsində çətinliyə” gələndə, bu da normal bürokratik aparat üçün problem olmalı deyildi. Tutaq ki, kiminsə evi yanıb, pasportu da içində. Bəs mərkəzdəki, arxivlərdəki “kötüklər” hara gedib? 27 ildir Qaçqınkom hansı siyahılarla yardım verir, ev tikir, kommunal güzəştlər və sairə işlər aparırdı? Bir-iki problem varsa, bunu axı bütün islahat üçün əngəl saymaq olmaz. Üstəlik, sənədləşmədə çətinlikdən çox danışmaq beynəlxalq mövqelərdə ziyanımızadır. Düşmənlər deyə bilər ki, hələ siz bu ərazilərə mülkiyyət hüququnuzu özünüz müəyyən edin, sonra bizə qarşı iddialar qaldırın.
Hər halda, ümid eləyək orada torpaq islahatı da 27 il çəkməz.