Almaniyada cinayət təşkilatı sayılan və 2018-ci ildə qadağan edilən “Osmanen Germania” dərnəyinin rəhbərlərindən biri Taner Ayın atası Çetin Ay, “KKTC Düsseldorf”un Fəxri Nümayəndəsi vəzifəsindən azad edilib.
Medianews.az xəbər verir ki, Taner Ayın adı mütəşəkkil cinayət təşkilatının lideri Sedat Pekerin videolarında hallanıb.
Məlumat üçün bildirək ki, son bir ay ərzində Sedat Peker yüksək rütbəli rəsmilər, geniş ictimaiyyətə tanış olan siyasət, media və biznes simalarını hədəfləyən iddialarla çıxış edir.
Sedat Peker daha bir iddiası ilə Şimali Kipr Türk Respublikasını gündəmə gətirib. Hadisələr Almaniyada 2018-cı ildən bəri qadağan olan “Osmanen Germania” (Osmanlı Almaniyasında) dərnəyinin rəhbərlərindən biri olan Taner Ayın Ersin Tatarla bir masa arxasında çay içərək oturduğu bir fotoşəklinin ortaya çıxması ilə başlayıb. Ersin Tatar Şimali Kipr Türk Cümhuriyyəti prezidentidir. Sözügedən foto Taner Ay tərəfindən “instagram”da paylaşılıb.
Həmin foto ilə bağlı açıqlama verən prezident Ersin Tatar bunları deyib: “2-3 il əvvəl Ankaradakı mən qaldığım otelə gəlmişdi. O, özü gəlib yanımda oturub, onunla mənim işim yox idi, heç adını da bilmirəm.”
Taner Ayın instaqram hesabının araşdırılması zamanı, son model lüks avtomobilinin nömrəsinə “Düsseldorfdakı KKTC Baş Konsulluğu” ifadəsinin yazıldığı da müşahidə edilib.
Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri Ersan Saner də Taner Ayın atasının “KKTC Düsseldorf”un Fəxri Nümayəndəsi vəzifəsindən azad edilməsi haqqında açıqlama verib.
Sonda ətraflı məlumat üçün bildirək ki, mafiya lideri Sedat Pekerin Youtube-da yayımlanan video çarxlarında korrupsiya, qeyri-qanuni biznes, maliyyə sövdələşmələri və hətta jurnalistlərin qətlə yetirilməsi kimi iddialar əks olunur.
Qalmaqallı videolarda əsas tənqid hədəflərindən biri Türkiyənin daxili işlər naziri Süleyman Soyludur. Peker, videolardan birində deyir ki, indi onun haqqında sərt ifadələr işlədən DİN başçısı bir zamanlar ona yardımçı olub. Videolarda daha bir ittiham sabiq baş nazir Binəli Yıldırımın oğluna olub. Sedat Peker sabiq baş nazirin oğlu Erkam Yıldırımın narkotrafiklə əlaqəsi olduğu barədə danışıb.
Turan Oruc
Medianews.az