8 mart Beynəlxalq Qadınlar günü ərəfəsindəyik. Təəssüf ki, yenidən orta məktəblərdə şagirdlərdən “ənənəvi” pul yığılması halları müşahidə olunur. Təhsil Nazirliyi bu kimi hallara qarşı mübarizə apardığını dəfələrlə bəyan etsə də, neqativ hallar yenə qalmaqdadır.

Təhsil eksperti Kamran Əsədov problemlə bağlı Sfera.az-a danışarkən bildirib ki, bu cür hallara daha çox Bakı məktəblərində rast gəlinir:

“Bizə də kifayət qədər müraciətlər daxil olur – xüsusilə Bakının bir neçə məktəblərindən. Regionlarda isə bu hallara rast gəlinmir. Paytaxt məktəblərində əlamətdar günlərlə bağlı xüsusi iclaslar təşkil edilir. Əvvəllər bunu direktor, direktor müavinləri, sinif rəhbərləri edirdi. İndi valideyn-müəllim şurası yaradıblar, komitə adı veriblər və onlar “Whatsapp” qruplarında bu istiqamətdə valideynlərlə əlaqə yaradırlar”.

Ekspertin sözlərinə görə, bir neçə məktəblərdə uşaqlar pandemiyaya görə dərsə getməsələr də, maraqlı hallar baş verib:

“Belə ki, müəllimin bank hesabının nömrəsi qruplara atılır və pulun ödənilməsi tələb edilir. Sanki məktəblərimiz şadlıq sarayıdır və kimsə gəlib nəmər yazdırır. Bu, iyrənc haldır. İstənilən valideyn imkanı çərçivəsində övladının müəlliminə təşəkkürünü bildirir. Kimisi bunu hədiyyə almaqla da edə bilər. Amma bayramlara görə konkret məbləğin müəyyənləşdirilməsi və yığılması iyrəncdir.

Problem nəzarət və cəza mexanizminin olmamasıdır. Məktəblərlə bağlı mütəmadi olaraq şikayətlər daxil olur və bu araşdırılmır. Tutaq ki, Təhsil Nazirliyi, Bakı Şəhər Təhsil İdarəsi bu istiqamətdə ümumi məlumat deyil, konkret fakt tələb edirlər. Amma faktlar aşkara çıxarsa, məktəbdə həmin uşağın başına nə oyun açılacağını hər kəs bilir. Ciddi nəzarət mexanizmi olmalı, müraciət daxil olan kimi araşdırma aparılmalıdır. Təbii ki, məktəbə hansısa qurumdan nümayəndə gələndə orada işləyənlər narahat olacaqlar, bu hallara son qoyulacaq”.

Müsahibimiz qeyd edib ki, Təhsil nazirliyi uzun müddətdir, bir prinsiplə işləyir:

“Nazirlik bildirir ki, anonim müraciətlər qəbul edilmir. Anonim müraciətlər isə nazirliyin şəffaflığına inanılmadığına görə edilir. Qorxurlar ki, bundan sonra uşaq daha da sıxışdırılsın, bu zaman isə nazirlik həmin şagirdin yanında olmayacaq. Bu gün orta ümumtəhsil məktəblərində bu və ya digər məqsədlər üçün pul yığılması aidiyyatı qurumların öz işlərini görməməsinin nəticəsidir.

K.Əsədov konkret fakt göstərərək sözlərinə belə davam edib: ”Bizə məktəblərin birində 50 manat yığılması ilə bağlı müraciət daxil olmuşdu. İmkanı zəif olan şagirdlərdən biri 50 deyil, 20 manat verib və müəllim həmin pulu uşağın başına çırpıb ki, bunu nə edirəm? Valideynlər sosial şəbəkələrdə faktları yazmasalar, jurnalistlər məsələni işıqlandırmasalar, problem həllini tapmayacaq. Nazirliyin özünün alt qurumlarını idarə etmək gücü yoxdursa, o zaman insanlar nə etsin? Qarşıdan 8 mart Beynəlxalq Qadınlar günü gəlir və 4447 orta ümumtəhsil müəssislərində çalışan işçilərin 81 faizini qadınlar təşkil edir. 1,6 milyon şagird var. Təsəvvür edin, Bakıda 440 min şagird mövcuddur və ən çox pul yığımı buradadır. Hətta xüsusi qiymətlər qoyulub. Hesab edirəm ki, ciddi cəza tədbirlər görülməlidir – işdən azad etmək, şiddətli töhmət və.s. Bəlkə bundan sonra nəyinsə qarşısını almaq olar.

Pul verməyən şagirdə qarşı ciddi psixoloji təzyiqlər edilir, bunları hər kəs bilir. Düşünürəm ki, ən azından martın 8-nə yaxın tarixlərdə valideynlər məktəblərə buraxılmamalıdır. Pul yığılması ilə bağlı səs yazısı və ya digər faktlar varsa, bunlar ictimailəşdirilməlidir. Bir daha qeyd edirəm ki, bu məsələlər könüllülük prinsipi ilə ola bilər, şəxsi işləridir. Lakin konkret pulların yığılması absurddur. Bu cür halların olduğunu heç kim inkar etməsin”.