Rusiyanın Sankt-Peterburq şəhərində “Coca-Cola” şirkətinin yerli zavodunun direktoru Dmitri Soşnevin qətlində ittiham olunan 28 yaşlı Azərbaycan vətəndaşı Denis Çxituari və 46 yaşlı Dmitri Finogenovun işi üzrə istintaq davam edir.
Virtualaz.org saytı “Kurier Media” resursuna istinadən xəbər verir ki, həbs olunanlar direktoru öldürmələrini ilginc səbəblə izah ediblər.
D.Finogenovun vəkili Oleq Drobışev bildirib ki, onun müdafiə etdiyi şəxs D.Soşnevə lüləsi kəsilmiş ov tüfəngindən iki dəfə atəş açdığını inkar etmir.
Lakin D.Finogenov deyir ki, bu qətli D.Çxituari planlaşdırmışdı və D.Soşnevin öldürülməsini də onun tələbi ilə həyata keçirmişdi. D.Finogenovun verdiyi ifadəyə əsasən Azərbaycan vətəndaşı D.Soşnevin öldürülməli adam olduğunu deyərək bunu direktorun “narkotik alverçisi” olması ilə əsaslandırıb.
D.Çxituari D.Finogenova deyib ki, D.Soşnev zavodda “Coca-Cola”ya narkotik qarışdırır və nəticədə bu içkini içənlər narkotik aludəçisinə çevrilirlər.
Xatırladaq ki, istintaqın versiyasına görə, D.Soşnev özü narkotik istifadəçisi olub və narkotik maddəni müntəzəm olaraq Çxituari ilə Finogenovdan alıb. Sonuncu dəfə Finogenov və Çxituari noyabrın 28-də “Coca-Cola” direktorunu şəhərin Frunze rayonundakı qarajlardan birində görüşə çağıraraq orada öldürüblər, üzərindəki pulu və avtomobilini götürüblər. Qətlin üstü bir neçə gündən sonra açılıb.
Vəkil isə deyir ki, Çxituari kommersant olub, Finogenov da onun yanında işləyib. Finogenov narkotik istifadəçisi olmayıb və Çxituaridən asılı vəziyyətdə idi. Həmçinin onun psixi problemləri olub və narkotik alverçilərinə nifrət edir. Çünki Finogenovun qızı narkoman olub və uzun müddət müalicə alıb. Nəticədə Dmitrinin narkotik alverçilərinə qarşı nifrəti yaranıb.
“Çxituari onu uzun müddət yola gətirib, deyib ki, həmin adam narkotik alverçisidir, ölüm taciridir və onu öldürmək lazımdır” – deyə vəkil bildirib.
D.Finogenov ifadəsində bildirib ki, direktora atəş açanda “Narkotik alverçisi, nəyə görə insanları zəhərləyirsən?” deyib. Bu vaxt Çxituari kənarda dayanıb gözləyirdi.
“Mən direktora bir dəfə atəş açdım, o, ağır yaralandı. Həmin məqamda mən sarsıldım, çölə qaçıb maşından “aptekça”nı götürdüm və bint çıxarıb onun yarasını sarımağa çalışdım. Bu vaxt Çxituari qışqırdı, “sən onu öldürməlisən” dedi və bunu bir neçə dəfə təkrar etdi. Mən nə baş verdiyini dərk etmədən silahı götürüb ikinci dəfə atəş açdım” – D.Finogenov bildirib.