“İranda cinsiyyət dəyişdirənlərin sayı Qərbdəkindən 8 dəfə çoxdur”
İranlı LGBTİ üzvləri üçün Türkiyə, demokratik dünyaya keçid rolunu oynayır. Burada heç kimi cinsi orientaiyasına görə edamla cəzalandırmırlar ən azından. İranlı “6rang Lezbian və Transseksual Təşkilatı”nın koordinatoru Şadi Aminlə iki ildir İstanbulda yaşayan iranlı homoseksual Roma öz təcrübələrini “Hürriyyət” qəzetinə danışıblar. Ailəm.az-a istinadən həmin müsahibəni sizlərə təqdim edirik:
“Lambdaistanbul” könüllüsü Roma adının verilməsini və şəklinin yayımlanmasını istəməyib. Şadi Amin isə: “Artıq Almaniyada yaşayıram, mənim üçün problem deyil”, – deyib.
– Türkiyəyə köçən iranlı LGBTİ üzvləri ilə bağlı işlər görürsünüz. Bura iranlı homoseksuallar üçün qaçış yeridir?
Şadi Amin: Türkiyəyə gəlib, burdan da başqa ölkələrə gedirlər. Norveç, Amerika, Kanada, Avstraliya… Amma prosedur olaraq qaçış uzun vaxt alır. Ən azı 18 ay burada qalmalısan. 3 il qalan da var. Bu müddət LGBTİ qaçqınları üçün keçərlidir. Siyasi sığınacaq istəyənlər daha çox 6-8 il qalırlar.
– İrandan çıxandan sonra nələr olur?
Şadi: Viza tələb olunmur. İrandan Türkiyəyə turist kimi qanuni formada gəlirik. Sonra Birləşmiş Millətlər Təşkilatına sığınacaq ərizəsi verirlər və polisə gedib özlərini qeydə aldırırlar. Bura gözləmə otağı kimidir. Son dörd ildə çox adam gəlib. Kayseri iranlı homoseksualların paytaxtıdır. Denizlidə də çox var.
Roma: Dənizlidə 250-dən çox iranlı homoseksual var. 300 nəfər Kayseridə, 70-80 nəfər Eskişehirdə, 20-30 nəfər Yalovada var. “Lambdaistanbul”a bir il ərzində İrandan min telefon zəngi gəlib. Mən də qaçqınam. 2012-ci ildə Türkiyəyə gələndə iranlı LGBTİ üzvlərin sayı 80 idi, son 6 ayda 720 nəfər olub.
– Niyə Kayseri, ya da Dənizli kimi balaca şəhərlərə gedirlər?
Şadi: Məcburən. Türkiyə hökuməti onları ora göndərir. Görünür, yaşadıqları şəhərin LGBTİ təşkilatları ilə əlaqə yaratmağını istəmirlər. İstanbulda olsalar, əlaqələr quracaqlar. Oralar isə qapalı, balaca şəhərlərdi. İnsanlar o dəqiqə kim olduğunu başa düşür və səndən əl çəkmir.
– Nələrlə qarşılaşırsınız?
Şadi: İş dünyasında sui-istifadə edilirik. Ucuz işçilər kimi görürlər.
Roma: Dostlarımız tikiş fabriklərində 12 saat, 15 saat ayaq üstə işləyirlər. Gündə 15-20 lirəyə. Bəzən heç onu da ala bilmirlər. Çox çətindir. Bizə verilən şəxsiyyət vəsiqəsi ilə sosial xidmətlərdən istifadə edə bilərik. Amma bizi alçaldırlar. Hər işimizi dolaşığa salırlar. Nevşeirdə bir lezbianın və geyin evinə girib döyüblər. Şikayət elədik, amma nə fayda. Bir il əvvəl Kayseridə bir dostumuza təcavüz etmişdilər, hələ də işi gedir, nəticə isə yoxdur.
– Dünya tərəfindən daha yumşaq görülən Ruhaninin gəlişi də xeyrinizə olmadı?
Şadi: Əksinə. Əhmədinejadın hakimiyyətinin son illərində LGBTİ-nin bir az problemləri oldu. Elə bilirdik, Ruhani iqtidara gələndə vəziyyət dəyişəcək, yanıldıq. Son iki ildə hökümətdən ancaq təzyiq görmüşük. Əhmədinejad dövründən də çox. Ancaq yenə də aktivik. Birləşmiş Millətlərin insan haqları hesabatında Əhməd Şehid LGBTİ üzvlərinin vəziyyətinə işarə vurmuşdu, hökümət buna çox hirslənmişdi. Ondan sonra daha çox düşdülər üstümüzə. Artıq bütün üzvlərimizin həyatı təhlükədədir. Nə hökümət, nə də din buna icazə verir.
– Necə təzyiqlər olur?
Şadi: Kermanşahda 60 üzvümüzü həbs etdilər keçən il. Səbəb isə parti keçirmələri olub. Böyük ehtimalla əvvəldən kimsə polisə xəbər vermişdi. Bir qrup gey və transseksualı tutub xəbərin altına da “Satanistləri yaxaladıq” yazmışdılar. İranda da bu cümlənin bir qarşılığı var, o da: “Onları öldürə bilərsiniz!”-dir. İranda heteroseksual evlilikdən başqa bütün münasibətlər qanundan kənardır. Homoseksuallığın cəzası edamdır. İsbatı üçün dörd kişinin şahidliyi lazımdır. Dövlət “İranda homoseksuallar yoxdur”, – deyir. Edam edilənlər “livata” adı altında yazılır. Beynəlxalq araşdırmalar da buna görə edamları qeydə ala bilmir. Adları açıqlanmır, ailələri ilə əlaqə yaratmaq olmur. İntiharlar, ailə daxili cinayətlərin də sayı çoxdur. Amma cinsiyyəti dəyişdirəndə vəziyyət başqa olur.
– Homoseksuallıqdan daha rahat qəbul edilir cinsiyyət dəyişdirmə?
Şadi: Şəriətə görə eyni cinsdən olanların münasibəti qəbul edilmir. Amma cinsiyyət dəyişdirmək qəbul edilir. Ona görə də İranda LGBTİ üzvlərinə cinsiyyətlərini dəyişdirmə təşviq edilir. Bu əməliyyatların sayı Qərbdəkinə nisbətən 8 dəfə çoxdur! Amma cinsiyyət dəyişəndən sonra da problem olur. İranda qala bilərsən, ancaq iş tapa bilmirsən. Çünki şəxsiyyət vəsiqənə “cinsiyyətini dəyişdirib” yazılır. Təkcə iş deyil, hər sahədə problem yaranır.
http://s45.radikal.ru/i107/1408/58/91c168461afb.jpg
http://s013.radikal.ru/i325/1408/d7/b31a590b3809.jpg