“Vaşinqton Pekinlə dialoqu genişləndirib. Dövlət katibi Antoni Blinkenin Çinə bir neçə gün əvvəl səfəri bu dialoqun tərkib hissəsi sayıla bilər. Blinkenin üç günlük səfəri Çinin Şanxay şəhərindən başlamış, paytaxt Pekində davam etmişdi. Blinkenin Pekindəki görüşdə səsləndirdiyi tələblər iki ölkə arasındakı münasibətlərin bugünkü gərgin xarakterini tərənnüm etdirib”.
Medianews.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
O qeyd edib ki, Vaşinqton Pekindən Rusiyanın hərbi-sənaye kompleksinin fəaliyyəti üçün avadanlıq göndərməyi dayandırmağı tələb edib.
Politoloqun qənaətincə, Pekinin uyğurlara qarşı siyasəti də Vaşinqtonu əvvəlkitək narahat edir: “Pekin Çin sahillərinə yaxın ticarət gəmilərinə maneələr yaratmamalıdır. Blinken Pekində Çinin də tələbini eşidib: “ABŞ Çinə aid olan Tayvan adasında hərbi dəstəkdən imtina etməlidir”. Pekin Vaşinqtonun tələblərini yerinə yetirmədiyi kimi, Vaşinqton da Pekinin tələbini yerinə yetirməyəcək. Misal üçün ABŞ Konqresi Ukrayna və İsraillə yanaşı, Tayvana da maliyyə yardımı ayırıb. Pekin Konqresin qərarını tənqid edib. Pekini ABŞ-nin Çin sahillərinə yaxın ərazidə keçirdiyi hərbi təlimlər də narahat edir. ABŞ Sakit və Hind okeanında bu təlimləri tərəfdaşları ilə birgə həyata keçirir. Bu təlimlərdə ABŞ ilə yanaşı, Filippin, Avstraliya, Yeni Zellandiya, Cənubi Koreya və Yaponiya da iştirak edirlər. Misal üçün ABŞ-nin Filippinlə aprel ayının son günlərində birgə başladığı hərbi təlimlər mayın 10-a qədər davam edəcək. “Balikatan” adlanan təlimlərdə 11 amerikalı, 5 min filippinli hərbçi iştirak edir. 14 ölkənin təmsilçisi hərbi təlimləri müşahidə edir”.
E.Şahinoğlu deyib ki, Pekin və Vaşinqton dialoqdan imtina etməməyə qərar veriblər: “Bu dialoq iki ölkə arasındakı münasibətlərdə və bölgədə gərginliyi azaltmır. Pentaqonun yayımladığı son hesabatda Çinin sualtı gəmilərinin ABŞ sahillərinə yaxın üzdükləri bildirilib. Həmin gəmilər ABŞ-yə məxsus Alyaska və Havay adalarına zərbə endirmək imkanına malikdirlər. Çinin sualtı gəmilərinin sayı yalnız Rusiya və ABŞ-dən geri qalır. ABŞ-nin keçmiş prezidenti Donald Tramp Çinlə ticarətin məhdudlaşdırılması üçün sərt addımlar atmışdı. ABŞ-nin hazırki prezidenti Cozef Bayden bu siyasəti davam etdirir. Bayden aprel ayındakı qərarı ilə Çindən polad və alüminium idxalına tarifləri 7.5 faizdən 22.5 faizə qədər artırıb. Bundan başqa, Ağ Ev sahibi Pekinin gəmiqayırma, gəmiçilik və logistika sahəsindəki fəaliyyətini araşdırmağı tələb edib. ABŞ Konqresi isə Rusiya hərbi müəssisələri ilə əməkdaşlıq edən Çin şirkətlərini hədəf seçib. Rusiyaya köçürmələr həyata keçirən Çin bankları da nəzarət altındadırlar. ABŞ-də hesab edirlər ki, Çin Rusiyanın hərbi-sənaye kompleksini ayaqda tutmaq üçün dəstəyini əsirgəmir. Çin Rusiyaya dəzgahlar, yarımkeçiricilər və Moskvanın istədiyi digər ləvazimatları göndərir. “The Financial Times” nəşrində yayımlanan məqalədə qeyd olunur ki, Antoni Blinken Vaşinqtonun xəbərdarlığını bir daha Pekinin diqqətinə çatdırıb”.
Politoloq söyləyib ki, A.Blinkenin Çinə səfərinin başqa bir önəmli səbəbi də olub: “CNN televiziya kanalının yaydığı məlumata görə, Blinken Çinə üç günlük səfərini başa vurarkən deyib ki, prezident Si Cinpinin əvvəllər bunu etməyəcəyinə dair öhdəliyinə baxmayaraq, Vaşinqton Pekinin qarşıdan gələn ABŞ seçkilərinə “təsir etmək və mübahisəli şəkildə müdaxilə etmək” cəhdlərinə dair sübutlar görüb. Blinkenin sözlərindən çıxan nəticə budur ki, Çin lideri Si Cinpin seçkilərə qarışmayacağı barədə ABŞ Prezidenti Cozef Baydenə şəxsən vəd verib. Blinken CNN kanalına müsahibəsində deyib ki, Çin rəsmilərinin verdikləri vədə Pekində əmin olmaq istəyirdi. Ancaq verilən vədlər Vaşinqtonun narahatlığını azaltmayıb. Çünki Kanada da Pekini seçkilərə müdaxilədə ittiham etmişdi”.
Lamiyə MİRZƏYEVA