Bu həftə Ağdamın işğalının 21-ci ildönümü tamam oldu. Yenə də hər il olduğu kimi vaxtilə Qafqazın ən varlı şəhərlərindən olan Ağdam yalnız iyul ayının 23-ü yada düşdü.Modern.az sayttı bir az insaflı çıxaraq bu ənənənin ömrünü 3 gün də uzadır.“Qarabağ fotolarda” layihəsini bu dəfə Ağdama həsr edirik. Təqdim edəcəyimiz hər iki şəkil Ağdamın qanlı tarixi və son anlarının tərcümanıdır.
Birinci şəkil…
Fotodakıları yəqin ki, tanıdınız. Biri “Dilən, professor, utanma dilən” şeirini yazmış şair-professor Famil Mehdi, o biri isə bütün varlığını Qarabağa, Ağdama fəda edən Qatır Məmməd ləqəbli mərhum döyüşçü Yaqub Rzayevdir. Bu fotonun maraqlı tarixçəsi var.
1992-ci il fevralın sonu… Xocalı soyqırımından bir neçə gün keçir. Ağdamın döyüşkən oğlanlarından olan Qatır Məmməd ləqəbli Yaqub Rzayevin oğlu Canpolad Rzayev tankda faciəvi şəkildə dünyasını dəyişib. O, tankla azərbaycanlı əsirləri xilas etmək üçün erməni “BTR”ni izləyərkən açılan atəş nəticəsində tankın içindəcə yanmışdı. Ölümündən sonra Canpolad Rzayevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Həmin vaxt Azərbaycan elminin simalarında olan professor Rafiq Əliyev və alim-şair Famil Mehdi həm Qarabağ döyüşçülərinə baş çəkmək, həm də Qatır Məmmədə başsağlığı vermək üçün Ağdama yollanıblar. Əvvəlcə, hüzr yerinə gedir, ordan isə könüllülərin batalyonuna yol alırlar. O illəri professor Rafiq Əliyev belə xatırlayır:
“1980-ci illərin axırlarından sonra təxminən hər ay gedib əsgərlərlə görüşərdik. Fred Asifin, Şirin Mirzəyevin, Qatır Məmmədin batalyonlarında olardıq. Bu şəkil 27 fevral tarixində çəkilib. Yəni Xocalı soyqırımından bir gün sonra idi. Orada yaxşı döyüşçülərdən olan və Qatır Məmməd kimi tanınan Yaqub Rzayevin oğlu rəhmətə getmişdi. Onun batalyonu Ağdamın Qarağacı qəbiristanlığı adlanan yerdə yerləşdirdi. Orada şəkillər də çəkdirdik. Bu, Ağdamın ən böyük qəbiristanlığıdır. Qəbiristanlığın aşağısında onların batalyonu yerləşirdi. Yaqub çox cəsur adam idi…”.
İkinci şəkil isə artıq 1993-cü ilin yayına təsadüf edir. Burada yenə də şair-professor Famil Mehdi bir qrup ziyalılarla Ağdamdadır. Ağdamın son günləri olmasına baxmayaraq, Famil Mehdi tanınmış mədəniyyət xadimləri – Fərhad Bədəlbəyli, Rafiq Hüseynov və Arif Babayevlə birgə şəhəri tərk etməyib. Şairin yaxın qohumu professor Rafiq Əliyev şəxsən bizə etdiyi söhbətdə deyir ki, “Familin doğma kəndi ən təhlükəli yerdə olmasına baxmayaraq yenə öz böyüdüyü evə gedib orada gecələyirdi”