Türkiyədə parlament seçkiləri kimi gərgin, lakin qanun çərçivəsini aşmayan bələdiyyə seçkiləri arxada qaldı. Seçkilərdə qalibin kimliyindən asılı olmayaraq uduşda ilk öncə qardaş ölkə oldu. Türkiyədə normal seçki ənənəsi öz baqajını bununla daha bir sanballı nümunə hesabına zənginləşdirdi.
Düzdür, Azərbaycanda bəziləri üçün 30 mart bələdiyyə seçkilərinin nəticələri, daha doğrusu, AKP-nin növbəti uğuru “soyuq duş” effekti verib. Hətta nəticələri Türkiyə toplumunun “maarifsizliyi”, “geridə qalması” ilə izah edənlər tapılıb.
Ancaq gəlin, on illərlə seçib-seçmək təcrübəsi olan, ağı-qaradan fərqləndirməyi bizdən yaxşı bacaran, heç vaxt kiminsə köləsi olmamış Türkiyə xalqını aşağılamayaq. Onun seçiminə hörmətlə yanaşaq. Türkiyə seçicisinə də ağıl öyrətməyək. Əsas odur ki, elektorat öz iradəsini növbəti dəfə ortaya qoyub. Bu iradəyə iradlar ola bilər, fəqət, mütləq sayğı göstərmək şərtilə!!
Barı, nəzərə alaq ki, Azərbaycan xalqı üçün adicə azad və ədalətli bələdiyyə seçkiləri belə əlçatmazdır. O ki qaldı nəticələrə, insaf naminə qeyd edilməlidir ki, 30 mart seçkiləri dövründə AKP təmsilçiləri, baş nazir Rəcəb Tayyib Ərdoğanın özü seçici səsi qazanmaq üçün digər siyasi qüvvələrin qatlaşmadığı bir əziyyətə qatlaşdı, Ərdoğan az qala bölgələrin hamısını gəzdi, seçicilərinin ayağına getdi, daha bizdəki kimi, özünə arxayın şəkildə görüşlərə, televerilişlər vəkillərini yollamadı – çünki bizdə seçici rəyi çoxdan həlledici deyil.
Demokratik seçki təcrübəsi dönə-dönə sübut edib ki, seçicinin “1 stəkan çayını içmədən”, yaxud buna səy eləmədən onun rəğbətini qazanmaq müşkül məsələdir. Yazılmamış qanun özünü Türkiyədə, 30 martda bir daha göstərdi. Bu xüsusda illərdir Türkiyədə çalışan və oradakı prosesləri içdən izləyən hörmətli professorumuz Kamil Vəli Nərimanoğlunun ötən bazar seçkilərinə verdiyi qiymət kifayət qədər mötəbər görünür.
Məsələn, Kamil bəyə görə, 30 mart seçkiləri ilə AKP xarici güclərin Türkiyə planlarını iflasa uğratmış oldu. O, bu yöndə Ərdoğanın əməyini yüksək qiymətləndirir: “Ərdoğan Türkiyənin nüfuzu üçün çox ciddi addımlar atıb. Təbii, bu addımlar içərisində yerində olmayanları da olub, ancaq onların çoxunu haqlı bilirəm”.
Doğrudan da, son aylar qardaş ölkəni kənardan qarışdırmaq, daxili qarşıdurmalara sürükləyib zəiflətmək, demokratiya yolundan sapdırıb Suriya kimi bir ölkənin gününə salmaq üçün çox cəhdlər göstərildi. Bu səylər davam edir. Amma nə yaxşı ki, Türkiyə cəmiyyəti belə fəndlərə şirniklənmədi, “qırmızı xətti” keçmədi və sözünü “sandıq başında” demək ənənəsini qoruyub saxladı. Səbəb?
Səbəb çox sadə: “Türkiyə vətəndaşları dövlət mənafeyini hər şeydən üstün tutur. Dövlətin toxunulmazlığı millət üçün bir nömrəli məsələdir. Seçkilərdə millət öz iradəsini ortaya qoya bildi. Paralel dövlət Türkiyədə seçkini pozmaq üçün çox səylər göstərsə də bütün zərbələr özünə dəydi. Bu, Azərbaycanın da maraqlarına uyğundur…” – professorun bu qənaətini də bölüşməmək mümkünsüzdür.
Əlbəttə ki, “bir millətin iki” dövləti olan Azərbaycanla Türkiyənin ayrı-ayrılıqda güclənməsi onların hər ikisinin güclənmədi deməkdir. Türkiyənin ayağına dəyən, onu incidən, yaralayan daş-çınqıl Azərbaycanın ayağına dəymiş kimidir. Bizim Türkiyədən savayı kimimiz var ki.
Azərbaycan üçün qardaş məmləkətin önəmi isə təkcə Qarabağ məsələsində bizə verdiyi təmənnasız və bənzərsiz dəstəklə, yaxud NATO-nun yeganə müsəlman üzv-dövləti olması ilə ölçülmür. Eyni zamanda bəzi qüsurlara rəğmən, Türkiyənin demokratiya və iqtisadi çiçəklənmə yolunda irəliləyə bilməsi, daxili sabitliyi, vətəndaş və siyasi barışı sivil vasitələrlə, uğurla qoruyub saxlamaqla yaratdığı örnəklə qiymətlidir.
Əfsus ki, bu örnəyi Azərbaycandakı hakim rejim öz korporativ maraqları üzündən qədərincə qiymətləndirə bilmir. Elə ona görə də bizdə seçki yox, seçkilərin imitasiyası var, azadlıqlar yox, azadlıqların görüntüsü mövcuddur, siyasi mübarizə yox, siyasi mübarizənin imitasiyası var; baş nazirin, parlamentin, məhkəmələrin də yalnız görüntüsü var, özü yoxdur. Bir millət – iki standart necə olur ki.