Rusiya mediası Ukrayna ilə müharibədə qənimət götürülən M1 Abrams tankı və ABŞ istehsalı olan M1150 hücum-mühəndis maşınının görüntülərini yayıb. Görüntüləri müşayiət edən mətndə bildirilir ki, bu qənimətlər Rusiya Müdafiə Nazirliyinin Poklonnaya təpəsindəki sərgisinə yerləşdiriləcək. Qeyd olunub ki, hərbi texnika rus qoşunları tərəfindən Avdeyevski istiqamətində Berdıçi bölgəsində hücum əməliyyatları zamanı ələ keçirilib. Xəbərdə o da vurğulanır ki, sərgidə NATO ölkələrinin ordularının atıcı və mühəndis silahları, Qərb texnikası, eləcə də Ukraynanın PUA-ları, rabitə vasitələri və avadanlıqları nümayiş etdiriləcək.
Əgər məsələyə qənimət hərbi texnika prizmasından yanaşsaq, indiyə qədər Ukrayna hərbçiləri də Rusiya ordusuna məxsus çoxsaylı silah-sursat, zirehli texnika ələ keçiriblər. Üstəlik, hələ müharibə də sona çatmayıb, vəziyyətin perspektivdə necə olacağı bəlli deyil. Belə olan halda Rusiya bu iki hərbi texnikanı, digər silahları nümayiş etdirməkdə nə məqsəd güdür?
Məsələ ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, texnikaların 9 may ərəfəsində ictimaiyyətə nümayiş etdirilməsi təbliğat xarakteri daşıyır.
Onun sözlərinə görə, bu kontekstdə rəsmi Moskva Ukrayna cəbhəsində irəliləyişlər əldə etdiyini və rus ordusunun gücünün təbliğatı ilə bağlı müəyyən addımlar atmağı düşünür: “Hazırda Ukrayna cəbhəsində təşəbbüs Rusiyanın tərəfindədir. Zəif templə də olsa, son aylar Rusiya Ukraynanın bir neçə yaşayış məntəqəsini işğal edib. Hücumlar hazırda da davam edir”.
Ekspertin sözlərinə görə, Rusiya müstəqilliyi əldə etdikdən sonra ilk dəfədir ki, döyüş şəraitində ABŞ və NATO-ya aid silah sistemlərini qənimət olaraq ələ keçirib: “Məlum olduğu kimi, Rusiya daxilində bu müharibəyə qarşı çıxan qüvvələr çoxdur. Rusiya belə addımlarla müharibədə yalnız Ukraynaya qarşı deyil, ümumilikdə NATO və bir sıra Avropa ölkələrinə qarşı savaşdığını nümayiş etdirmək niyyətindədir. Bununla da Rusiya ABŞ ordusundan daha üstün imkanlara malik olan ordu yaratdığını təbliğ etmək məqsədi güdür”.
Ə.Verdiyevin fikrincə, Rusiyadan fərqli olaraq Ukrayna qənimət kimi ələ keçirdiyi hərbi texnikaların nümayiş etdirməyəcək: “Çünki Ukrayna tərəfi cəbhədə öz imkanları hesabına döyüşmür. Müqavimət daha çox qərbin hərbi texnikaları vasitəsilə həyata keçirilir. Faktiki olaraq, əməliyyatlar teatrında Ukrayna qalib deyil. Ən azından üstünlüyü də yoxdur. Belə olan halda düşməndən götürülən texnikaların təntənəli şəkildə təqdim edilməsi Ukraynaya müsbət divident gətirməz”.
Ayşən RƏHİM