Hazırda qulaqlıqlardan istifadə edənlərə hər yerdə rast gəlmək olar, küçədə, marketlərdə, ictimai nəqliyyatda, hətta iş yerlərində belə. İnsanlar arasında bu kiçik akssesuardan istifadə edənlərin sayı günü-gündən artmaqdadır. Xüsusilə də gənclər bu sevimli əşyaya daha çox meyl göstərirlər. Ətraf mühitdən təcrid olunmaq, əlavə səs-küydən yaxa qurtarmaq istəyənlər ən real çıxış yolunu qulaqlıqlarda tapırlar. Bəzən belə bir hal da müşahidə edirik ki, qulaqlıq vasitəsi ilə dinlənilən musiqini kənardan da eşitmək mümkün olur. Belə bir vəziyyətdə isə bu sevimli əşyanı qulaqlıq deyil, qulağın içindəki təhlükə adlandırmaq daha düzgün olardı.
Qulaqlıqdan düzgün istifadə etməmək sağlamlıq üçün kifayət qədər ciddi təhlükələr yaradır. Bu təhlükələr nədən ibarətdir?
Hazırda satışda texniki normalara cavab verməyən və istehsal mənbəyi bilinməyən bir çox qulaqlıqlar satılır ki, onlardan istifadə etmək birmənalı şəkildə yolverilməzdir. Müqayisəli şəkildə aydınlıq gətirmək üçün bu təxminən keyfiyyətsiz bir qida məhsulunu almaq kimi bir şeydir. Məhz belə qulaqlıqlar primitiv üsulla düzəldiyi üçün ölçülərin dəqiqliyinə tam riayət olunmur və bunun nəticəsində də həmin qulaqlıqlardan istifadə zamanı onlar qulağı incidir, mənfi mexaniki təsir göstərir.
Bir çox qulaqlıqları qulaq kanalına qədər taxmaq mümkündür. Əgər belə qulaqlıqlardan istifadə zamanı səs güclü olarsa bu qulaq pərdəsinin zədələnməsinə səbəb ola bilər.
Nəzərə alsaq ki, səs gücünün insan üçün son yolverilən həddi 80 desibeldirsə və biz qulaqlıq vasitəsi ilə musiqiyə qulaq asanda qulaqlığın imkan verdiyi 105-120 desibel gücündə səsi qəbul ediriksə qulağımızda nələrin baş verdiyini təsəvvür etmək bir o qədər də çətin deyil. Məlumat üçün qeyd edək ki, adi insan danışanda səsin gücü 30 desibel, qışqırdıqda isə 60 desibelə bərabər olur.
Qulaqlıq vasitəsi ilə qəbul etdiyimiz səs daha güclü olduqca qulağa təzyiq daha da artır, son nəticədə isə qulaq pərdəsi deformasiyaya uğrayır və hətta qulaqda qanaxmaya səbəb olur. Ancaq məsələ təkcə bununla bitmir. Bütün bu mənfi təsirlərlə yanaşı sinir sistemi də təzyiqə məruz qalır ki, bu da əsəbilik və yorğunluqla nəticələnir.
Qulaqlıqların insan üçün yaratdığı digər bir təhlükə ətrafda baş verən hadisələrdən tam təcrid olunmasıdır. Küçə ilə yol gedən bir insan öz qulaqlıqlarına qapanıbsa, o, hər an təhlükə ilə üz-üzə qala bilər. Çünki qulağındakı səsin gücü onu başqa səslərin eşitməsinə imkan vermir. Hətta maşınların siqnal səsinə belə.
Mütəxəssislərin gəldikləri son qənaətlərə görə qulaqlıqlardan uzun müddət istifadə daxili gərginlik yaradır ki, bu da qan təzyiqinin yüksəlməsinə və baş ağrılarına səbəb olur.
Qulaqlıqlardan uzun müddətli istifadənin insan psixikasına mənfi təsiri də aşkarlanıb. Təcrübələr göstərir ki, uzun müddət qulaqlıq vasitəsi ilə müsiqiyə qulaq asan insanlarda özünəqapanma, psixi pozğunluq, emosional gərginlik müşahidə olunur.
Musiqinin insan ovqatına xoş təsir göstərməsi faktdır. Yeri gələndə bunun üçün qulaqlıqlardan da istifadə etmək olar. Ancaq ən adi qaydalara riayət etmək şərtilə. Sutka ərzində 50-60 dəqiqə qulaqlıqdan istsfadə etmək sağlamlıq üçün heç bir təhlükə yaratmır. Qulaqlıqdan istifadə zamanı onun səs gücünün 50 faizi ilə kifayətlənmək lazımdır.
Təbii olaraq ortaya belə bir sual çıxır ki, qulaqlıqların imkan verdiyi güclü səs sağlamlıq üçün ziyandırsa, nəyə görə onun satışına və istifadəsinə icazə verilir? Bu sualın cavabı isə olduqca sadədir. Satışda insan sağlamlığı üçün təhlükə yaradan bir çox şeylər var. Məsələn, alkoqollu içkilər, tütün məmulatları və s. Ancaq insanı bunları almağa heç kim məcbur etmir. Çünki seçim insanın öz ixtiyarındadır. Sağlamlığının qayğısına qalanlar isə öz seçimində heç vaxt yanılmırlar. Çalışın siz də yanılmayasınız.
Kəmalə İLHAM,
Medianews.az