Neçə gündü itkin düşmüş Yanukoviç harda üzə çıxmalı idisə, orda da peyda oldu. Ukraynanın iqtidardan salınan prezidentinin səsinin məhz Şər yuvası Rusiyadan gəlməsi, onun Şərqi Ukraynaya yaxın şəhərlərdən olan Rostovda öz ölkəsindəki vəziyyətlə bağlı mətbuat konfransı keçirməsi təəccüblü olmadı.
Bəli, bu, həmin Yanukoviç idi. Hakimiyyətdə qalmaq naminə 2-3 günün içində 82 ukraynalının həyatına soyuqqanlıqla son qoysa da istəyinə nail olmamış, günahsız gənc insanların ölümünə görə zərrəcə sınıxıb-eləməmiş Yanukoviç.
Ortada bu qədər qanlar varkən, təbii ki, ağlı başında olan siyasətçi öz abrına qısılar, qanuni prezidentlikdən dəm vurmaz. O isə hələ də özünü legitim dövlət başçısı sayır. Həm də bunu öz ölkəsinin ərazisindən yox – Rusiyadan bəyan edir.
Ancaq hamı bilir ki, Yanukoviç daha öz sözünü demir, qucağına sığındığı Kremlin, Rusiyanın mövqeyini, maraqlarını ifadə edir, nəinki Ukrayna xalqının. Əks təqdirdə, Moskva onu dərhal bağrına basmaz, Rusiya paytaxtı yaxınlığında dəbdəbəli malikanədə yerləşdirməz, təhlükəsizliyinə yüksək səviyyədə zəmanət verməzdi. Putin Rusiyası dünya da dağılsa buna getməzdi.
Üzr istədiyi xalqın maraqları diktə edirdi ki, Yanukoviç belə bir iddiaya, lap dəqiqi, tələyə düşməsin, Rusiyanın əlində siyasi oyuncağa (marionetə), Ukraynaya qarşı təzyiq rıçağına çevrilməsin. Axı, təcrübə dönə-dönə göstərib ki, Moskva belə uğursuz və əlləri öz xalqının qanına batmış adamları heç vaxt öz vəzifəsinə qaytarmır, yalnız onlardan öz çirkin maraqları naminə və maksimum yararlanır.
Məsələn, elə Ayaz Mütəllibov kimi…
Rusiyaya qaçıb legitimlik davası aparmaq – bu, məgər absurd deyil?! Özü də elə bir vaxtda ki, beynəlxalq birlik, demokratiya paytaxtları Yanukoviçin “fatihə”sini artıq oxuyub qurtarıblar. Təsadüfi deyil ki, onun Rostovda səsləndirdiyi “legitimlik” bəyanatına Qərbdən – ABŞ və Avropadan kəskin reaksiyalar özünü çox gözlətmədi.
Bunun üstünə gəlin Ukraynada Yanukoviçə qarşı cinayət işinin açılmasını və onun beynəlxalq axtarışa verilməsini. “Tezliklə Kiyevə qayıdacağam” deyən eks-prezident həqiqətənmi bu gerçəklərdən bixəbərdir? Ukraynaya rus tanklarının üstündəmi o, geri dönməyi xəyal edir?
Hər halda, onu öz ölkəsində hüquq-mühafizə orqanlarının əməkdaşlarından savayı heç kim gözləmir. Postundan gedəndən, daha doğrusu, gecə ikən qaçandan sonra dünya Ukraynada Yanukoviçə hansısa dəstək aksiyasının da şahidi olmayıb…
Rostovdakı tədbirdə Yanukoviç ölkəsinin ərazi bütövlüyünün tərəfdarı olduğunu bildirir. Amma bilərəkdənmi ya qəsdən hesablamır ki, Kreml onu “legitim prezident” statusunda saxlamaqla elə Ukraynanı param-parça eləməyə bəraət qazandırmaq niyyəti güdür, Krımı Rusiyaya birləşdirmək kimi məkrli bir kurs götürüb.
Rəsmi Moskva bunu gizlətmir də. Ukraynada buraxılmış “Berkut” (xüsusi təyinatlı milis dəstəsi) üzvləri ilə yanaşı, Krım vətəndaşlarına da şıdırğı Rusiya pasportlarının paylanmasına başlanması buna bariz sübutdur.
Yada salın, Abxaziya və Şimali Osetiya Rusiyaya tam şəkildə ilhaq edilməmişdən öncə də Kreml analoji taktika tətbiq edərək separatçı qurumların sakinlərini qabaqcadan rusiyalaşdırmışdı. Bir suya nə qədər girmək olar?..
Yanukoviç “Ukraynadakı vəziyyətə görə xəcalət” çəkdiyini də söyləyib. Yenə miskinlik, yenə siyasət adamına yaraşmayan tövr. Nə xəcalət? Xəcalət yox, vicdan əzabı çəkmək zamanıdır – məhv edilmiş 82 insan taleyinə görə, Ukraynanın büdcəsini boşaldıb özünü parçalanma həddinə gətirməyə görə.
* * *
Kiyevdəki qanlı qarşıdurma zamanı Rusiya baş naziri Merdvedyev Yanukoviçi əsgi (“tryapka”) olmamağa, yəni qətiyyət göstərməyə çağırmışdı. İndi o, həqiqətən əsgidir – Rusiyanın ayaqlarını sildiyi əsgi…