2024-cü ildə dünyada turizm bir az da bərpa olunmağa başlayıb. Buna görə də bir çox insan Avropanın ən cəlbedici ölkələrini ziyarət etməyə can atır. Belə bir fonda turistlər üçün ən cəlbedici sayılan Avropa paytaxtlarının reytinqi hazırlanıb.
Reytinqdə birinci yeri gözəl memarlığı, təbiəti və sərfəli qiymətləri ilə tanınan Lissabon (Portuqaliya) tutub. Məlumata görə, bu şəhərdə bir həftə qalmaq üçün ziyarətçilər orta hesabla 385 avro ödəməli olacaqlar. Hakimiyyət turistlər üçün vergini artırmağı planlaşdırsa da, bu Avropa paytaxtı keyfiyyət və qiymətin vəhdətinə görə digərlərini üstələyir. Bundan başqa, Portuqaliya ən dost ölkələrdən biri hesab olunur.
Reytinq göstəricisi üzrə ikinci yerdə Amsterdam (Niderland) şəhəridir. Bu şəhərə səyahət orta hesabla 465 avroya başa gəlir. Praqa (Çexiya) isə 365 avro ilə ilk üçlüyü tamamlayır. Siyahıda sonrakı yerləri Varşava (Polşa), Madrid (İspaniya), Zaqreb (Xorvatiya), London (Böyük Britaniya), Roma (İtaliya), Bern (İsveçrə) və Paris (Fransa) tutur.
Maraqlıdır, Avropa və Asiya arasında körpü rolunu oynayan, beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağına çevrilən, inkişaf etməkdə olan Azərbaycan, onun regionları, xüsusən də Bakı, Gəncə, Qəbələ, Quba, Lənkəran, Göygöl turizm baxımdan dəyərləndirmədə hansı yeri tutur? Mərkəz şəhərimiz, həmçinin bölgələrimiz öz potensialına görə Avropanın, Asiyanın, o cümlədən Cənubi Qafqazın turizm paytaxtı ilə rəqabətə girə bilərmi? Hazırda göstəricilərimiz nə yerdədir? Bu sahədə əsas problemlər, görüləcək işlər nədən ibarətdir?
Turizm məsələləri üzrə ekspert Ceyhun Aşurov Medianews.az-a bildirib ki, 2024-cü il turizmin bərpa ili hesab olunur.
Onun sözlərinə görə, gözlənilən budur ki, əgər dünyada sabit şərtlər olarsa, cari ildə pandemiyadan öncədəki göstəricilərə qayıtmaq mümkündür: “Bu mənada, məhz daha çox Avropa ölkələrinin paytaxtlarının turistləri cəlb edən məkan kimi qeyd olunması heç də təsadüfi deyil. Əslində, burada qəribə heç nə yoxdur. Çünki, dünyada ən çox ziyarət edilən yer olaraq məhz Avropa qitəsidir və eyni zamanda dünyada ən çox səfər edən beynəlxalq turistlərdən ikisindən biri məhz Avropa ölkələrinin payına düşür. Avropa kontingent olaraq, daha çox turist göndərən və qəbul edən bir bölgədir. Bu kimi reytinqlərin olması o qədər də təəccüblü deyil”.
C.Aşurov Azərbaycanın, xüsusən də paytaxt Bakının Avropa ilə Asiya arasında körpü rolunu oynadığına diqqət çəkib. Qeyd edib ki, ölkəmizin böyük turizm potensialı var: “Bu ilin ilk rübündə açıqlanan rəqəmlərinə görə, Azərbaycanda əvvəlki illə müqayisədə 40 faizə qədər artım var. Söhbət turzimdən, ölkəmizə gələn turistlərdən gedir. Bir sıra regionlardan Azərbaycana gəlirlər. Baxmayaraq ki, quru sərhədlər bağlıdır, amma ölkəmizin hava sərhədi vasitəsi ilə uçuş nöqtələrinin sayı, coğrafiyası artırılır. Düşünürəm ki, gələcəkdə də turistlərin sayının artırılması ilə bağlı əsas məqamlardan biri məhz regionda təhlükəsizlik və sabitlik olması ilə yanaşı, bütün siyasi risklərin tamamilə aradan qaldırılmasıdır. Çünki, qonşu ölkələr ilə olan müəyyən gərginliklər anlaşmalar şəkilində, qarşılıqlı sülh yolu ilə aradan qaldırılmalıdır. Qonşu ölkələr də başa düşürlər ki, bunun başqa yolu yoxdur”.
Turizm eksperti söyləyib ki, Azərbaycan Qafqazda liderdir və qonşular da ölkəmizlə yaxşı mənada uyğunlaşa, sülh şəraitində bir-birinə iqtisadi dəstək verə, inkişaf edə bilərlər: “Məsələyə bu prizmadan yanaşsaq, gələcəkdə əlaqələrin genişlənməsi nəticəsində də Azərbaycana gələn turistlərin sayında artım olacaq. Azərbaycanın qəbul etdiyi Strateji Yol Xatirəsində Bakının, ümumiyyətlə, ölkəmizin gələcəkdə turistlərin ən çox üstünlük verdiyi 20 turizm destinasiyasına düşmə iddiası var. Yəni, ölkəmiz dünyada turizm resursları və turistlərə xidmətlər göstərən turizm obyektləri ilə zəngin olan bir ərazi kimi tanınacaq. Düşünürəm ki, bu, kifayət qədər real bir iddiadır. Çünki, Azərbaycan beynəlxalq tədbirlərə ev sahibliyi edir, kifayət qədər böyük hədəflər müəyyənləşdirir və buna çatmaq üçün öz potensialını ortaya qoyur”.
C.Aşurov vurğulayıb ki, gələcəkdə quru sərhədlərin açılması və digər faktorlar, həmçinin Bakıdan kənarda mövcud olan hava limanlarının səmərəli şəkildə istifadəsi sayəsində ölkəmizə kifayət qədər yeni istiqamətlər üzrə turistlər cəlb oluna bilər: “Viza məsələsinin asanlaşması və ya aradan qalxması ilə bağlı işlər davam etməlidir ki, ölkə daha çox əlçatan və maraqlı olsun. Çünki dünyada turistin qarşısında kifayət qədər böyük seçim var. Dünyada olan 217 turizm destinasiyasından biri olaraq, Azərbaycan maksimum əlverişli şərtlər yaratmalıdır ki, məhz ölkəmiz dünya turistinin seçimlərində ön planda olsun, bu əraziyə, coğrafiyaya onlar maraq göstərib gəlsinlər. Düzdür, indiki vəziyyətdə digər ölkələrlə müqayisədə Azərbaycanda şərtlər kifayət qədər cəlbedicidir. Lakin bir ölkəyə gəlmə baxımından turistlərin sayını artmaqla yanaşı, ölkə daxilində qalma yerlərinin sayının da artırılmasına, bunun təşviq olunmasına ciddi ehtiyac var. Azərbaycanda hazırda 750 hotel var. Hər il yeni hotel, kənd evləri bazara daxil olur, yeni imkanlar yaranır. Lakin bu sayın artırılması gələcəkdə paytaxt Bakı ilə bərabər, regionlarda, ümumən ölkəmizdə turizmin inkişafına öz töhfəsini verə bilər”.
Lamiyə MİRZƏYEVA
Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanıb.