Medianews.az
Gültəkin xanımın “nankorluğu”
288 baxış

Gültəkin xanımın “nankorluğu”

Gültəkin xanımın “nankorluğu”

 Mənəvi dəyərlərin urvatsız edildiyi məmləkətdə bircə keçmiş ərin “dövlətçilik naminə” öz sabiq xanımına qarşı bəyanat verməsini görməmişdik, o da oldu. Ziyalılar Forumunun üzvü Gültəkin Hacıbəylinin eks-həyat yoldaşı mətbuat konfransı keçirməklə məhz belə bir ilkə imza atıb. Və kişi ağzını açıb, nə açıb. Sən demə, o, bir “vicdanlı azərbaycanlı” olaraq, Gültəkin xanımın “dövlətə, prezidentin siyasətinə qarşı qərəzli çıxışları”nı daha sinirə bilmirmiş. Deyib ki, guya Gültəkin Hacıbəyli deputat olduğu zaman öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ona və ailə üzvlərinə qarşı çoxlu haqsızlıqlar edib, lakin “şəxsi həyatla bağlı olduğundan” susub və məsələni ictimailəşdirməyib.

Bu şedevr sitata da diqqət edin: “Bu gün bir vicdanlı azərbaycanlı, vətənini, dövlətini, prezidentini sevən şəxs olaraq və dövlət maraqlarını şəxsi maraqların fövqündə tutan insan kimi Gültəkin Hacıbəylinin öz dövlətinə qarşı iftira dolu hərəkətlərinə susa bilməzdim. Uzun illər bu dövlətin çörəyini yemiş, sonradan əqidəsini 180 dərəcə dəyişən, vətəninə, dövlətinə üz çevirən şəxsin hərəkətlərinin bir adı var - nankorluq...” 

“Dövlətin çörəyini yeyən”, “əqidəsini 180 dərəcə dəyişən”, “vətəninə üz çevirən”... Bəh-bəh. Hədəfi yalnız xalqı rifahda görmək olan Ziyalılar Forumuna qoşulmaq, hakimiyyətə müxalifətçilik eləmək vətənə xəyanət, dövlətə üz çevirmək imiş! Əhsən belə təfəkkürə.

Stalinizm dövrünün qoxusu verən bu fikirləri əslində şərhsiz də təqdim eləmək olardı... Zira, Azərbaycanda çörəyi ağzına yeyən hər kəs “vicdanlı ərlərin” media qarşısına niyə çıxarıldığını bizsiz də yaxşı bilir. 

Adam iyrənir. Hakimiyyət gör nə gündədir ki, onu haqqına tənqid edən, özü də çox yumşaq tənqid edən və gerçək ziyalı mövqeyi sərgiləyən xanım ziyalıları susdurmaq, ləkələmək üçün belə üsullar seçib, keçmiş ərlərin xidmətinə ehtiyac duyub. 

Dövlətçilik naminə eks-həyat yoldaşların səfərbər edilməsi - doğrusu, ağla gəlməzdi. Hərgah, nəzərə alanda ki, 2013-cü il seçkiləri hazırkı rejimdən ötrü çox şey deməkdir, təəccüblənməyə dəymir. Bu mənada önümüzdəki aylarda siyasi opponentlərə qarşı bundan da eybəcər mübarizə üsullarının şahidi ola bilərik.

Adam iyrənir həm də ona görə ki, sanki Azərbaycanda hələ də atanın oğula, oğulun ataya, qardaşın qardaşa qarşı ifadə verib üzünə durmağa məcbur edildiyi, ərin arvada qarşı qoyulduğu 30-cu illər ab-havası hökm sürür. Ölkədə kişilik, ərənlik dəyərləri də beləcə, sürətlə deqradasiyaya uğramaqdadır. Yoxsa nankorluq anlayışını biriləri tərs-məzhəb anlamazdılar. 

Adamdan soruşarlar, əcəba, öz mövqeyini 180 dərəcə dəyişib ölkəni fəlakətə aparan bir siyasi idarəçiliyə üz çevirməkdimi nankorluq, vətənə, dövlətə xəyanət? Vicdanlı, səmimi insan belə sözü necə dilinə gətirir? Nankorluq əsla yanlış olaraq getdiyin şər-xəta yolundan tövbə edib haqq yoluna qayıtmaq deyil - hansını ki, Gültəkin xanım bir çox kişilərə xas olmayan cəsarətlə edib; nankorluq bir vaxt düz yolda ola-ola hansısa maddi maraqlar, yaxşı güzəran xətrinə Şərin xidmətinə keçmək, ona can-başla qulluq eləməyə razılaşmaq, peşəkar yaltağa çevrilməkdir. 

Son illər ərzində gözümüz önündə özünü siyasi bazarlığa çıxarıb satan nə qədər simalar gördük. Xalqın az qala ətəyində namaz qılmağa hazır olduğu neçə-neçə istedad sahibi, jurnalist, siyasətçi maddiyyət üzündən iqtidar qılıncının altından keçib ona təslim olmadımı, sınmadımı, xalqın gözündə özünü bitirmədimi? Əsl nankorluq budur. Birinci halda isə söhbət yalnız tövbədən, istiğfardan gedə bilər ki, bunu Allah da təqdir edir. Yetər ki, vaxtında düz yola, Haqqa qayıdasan, daha son nəfəsdə yox! 

Odur ki, Gültəkin xanım belə şeylərdən pəjmürdə olmasın. Həqiqətin harda olduğunu bilən bilir. Əsas xalqın rəğbətidir. Hansından ki, rəqiblərinə qarşı ən əcaib üsullardan yararlanan hakimiyyət çoxdan məhrumdur. Ölkədə heykəl meşəliyi yaratmaqla xalqın sevgisini qazanmaq mümkün olsaydı, keçmiş ərlərin mətbuat konfranslarına ehtiyac duyulmazdı ki... 

Bir də əsas odur öz xalqın halal çörəyini yeyəsən, nəinki hakimiyyətin minnətli əppəyini. Birincilərdən nankor çıxmaz. Heç çıxmayıb da.

Bizə qoşulun