
EL funksioneri Milli Şuranın əsas posta mümkün namizədlərinin adını çəkdi
Milli Şuranın əsas konturları may ayının birinci yarısında, ayın 15-dək açıqlanacaq. Bu barədə “Yeni Müsavat”a açıqlamasında EL hərəkatının Ali Məclisin sədri Eldəniz Quliyev məlumat verib. Milli Şura ilə bağlı hazırda gərgin danışıqların getdiyini deyən E.Quliyevin sözlərinə görə, bir çoxları buna qarşı çıxmağa çalışır.
Lakin hər halda, həmin insanlar da mövqelərində dəyişiklik edəcəklər: “Milli Şura ilə bağlı hazırda iş gedir. Şuranın tərkibi və fəaliyyət prinsip ilə bağlı ciddi danışıqlar aparılır. Bəziləri bu ideyaya qısqanclıqla yanaşırlar. Aparıcı müxalifət partiyaları ilə çox mürəkkəb danışıqlar gedir. AXCP və Müsavat Milli Şuranın əsas yaradıcılarındandır.
Bu partiyalar danışıqların aparıcı qüvvəsidir. EL hərəkatı, AXCP və Müsavat Milli Şuranın yaranmasında əsas rol oynayırlar.
E.Quliyev Rüstəm İbrahimbəyovun Milli Şuranın rəhbəri və prezidentliyə vahid namizədi olacağı haqda son günlər yayılan məlumatlara da münasibət bildirdi. Eldəniz Quliyev dedi ki, Rüstəm İbrahimbəyovun heç vaxt siyasi iddiası olmayıb, bu gün də yoxdur: “Onunla demək olar ki, hər gün əlaqə saxlayan və 40 ildir dostluq edən şəxs kimi bunu bilirəm. Rüstəmin istəyi odur ki, Azərbaycan normal bir ölkəyə çevrilsin. Rüstəm İbrahimbəyov demokratik düşərgənin bir araya gəlməsini, vahid komanda kimi mübarizə aparmasını, normal seçki keçirilməsini arzu edir. Bütün məsuliyyətimlə deyirəm ki, Rüstəm müəllimin siyasi iddiası yoxdur, mənəvi iddiası var. Ölkədə mənəviyyatlı hakimiyyət qurulmasını istəyir. Mən son günlər yayılan məlum xəbərlə bağlı Rüstəm İbrahimbəyovla danışdım. Milli Şuranın rəhbəri olmaq heç də siyasi iddia deyil. Bu ancaq demokratik düşərgəni bir yerə yığmaq istəyini həyata keçirmək üçün mənəvi bir statusdur. Sözsüz ki, hər kəsin də istəyi odur ki, Milli Şuranın rəhbəri Rüstəm müəllim olsun. Rüstəm İbrahimbəyov Milli Şuraya rəhbərlik etməklə öz çiyinlərinə çox böyük yük götürmüş olacaq. Milli Şuranın prezidentliyə namizədi isə başqası olacaq. Rüstəm müəllim başda olmaqla, hər kəs həmin şəxsə dayaq olacaq”.
“Ehtimallara görə, həmin şəxsin İsa Qəmbər, Əli Kərimli və Eldar Namazovdan birinin olacağı doğrudurmu” sualına E.Quliyev belə cavab verdi: “Prezidentliyə namizəd şübhəsiz ki, siyasi iddiasını ortaya qoymuş nüfuzlu şəxs olmalıdır. Neçə illərdir siyasi mübarizədə olan insanlar var və prezidentliyə iddialıdırlar. Əlbəttə, onlardan biri olacaq. Biz gedib nə Rusiyadan, nə Amerikadan adam gətirməyəcəyik. Milli Şuranın vahid namizədi İsa Qəmbər, Eldar Namazov, Əli Kərimli və ya Lalə Şövkət olacaq. Bu adamların biri bütün demokratik qüvvələrin birləşdiyi Milli Şuranın namizədi olacaq. Hamımız ona dəstək verəcəyik, arxa duracağıq, hamımız onun prezident seçilməsi üçün çalışacağıq. Rüstəm müəllim də mənə dedi ki, Milli Şuranın namizədi hər kəs tərəfindən dəstəklənməlidir. Milli Şura bu işi həyata keçirəcək”.
E.Quliyev kinodramaturqun Milli Şura ilə bağlı onlara xüsusi tapşırıqlar verdiyini də bildirdi: “Rüstəm İbrahimbəyov bizə tapşırıq verərək işi ləngitməməyə çağırıb. Onun yeganə narahatlığı ondan ibarətdir ki, bu iş daha intensiv olmalıdır. O bildirir ki, işi ləngitmək olmaz. Çünki biz təkcə vaxt itirmirik, şansları itirə bilərik”.
musavat.com