Famil CƏFƏRLİ
familceferli2@gmail.com
Kəmaləddin bəyin qəbulunda
Hökumət adamlarının məzəli söhbətləri olur. O gün də biri çıxıb deyir ki, nazirlərin rayonlara səpələnməsi, xalqla görüşlər keçirməsi çox vacibdir. Bunun guya cana da faydası var, revmatizmlə qaşınmada xeyirlidir. Bu görüşlər bol olanda guya faraş soğan da yaxşı məhsul verirmiş. Suriyada vəziyyət düzəlir, Minsk Qrupu Qarabağ məsələsindən utanıb ağıllanır, məmurlar harınlamır, şaftalı ağacı vaxtında çiçəkləyirmiş, daha nələr…
Hökumət adamları bunun daha bir faydası haqqında uzun bir sicilləmə oxuyub. Guya bu görüşlər məmurlarla xalq arasında təmasları artırır, bu da camaatın ilkin ehtiyaclarını ödəməyə yardım edirmiş. Ehtiyacların ödənməsi… Hm, nəsə maraqlı gəldi. Amma sözümüz bunda deyil, burada qorxulu olan zad ayrıdır. Məmur-camaat təmaslarının axırı bəzən şillə-təpik, kəllə atma, buynuzlaşma səhnələri ilə bitir. Müstəqillik tariximizdə çoxlu belə əhvalatlar olub. Bunu nəzərə alıb Prezident Aparatına məsləhət görürəm ki, məmur-camaat görüşlərini dəmir qəfəslərdən arakəsməsi olan yerlərdə keçirmək daha müdrik addım olardı.
Bu görüşlərin daha bir faydası, sən demə, o imiş ki, lap iri rəhbərlər rayonlara gedəndə oradakı sosial-iqtisadi inkişafın nəticələri ilə yerindəcə tanış olur, görülən işləri düzgün dəyərləndirə bilirmiş. Həə, burada söhbət artıq ayrı yerə fırlanır. Görünür, icra başçıları iri-iri nazirləri gördükləri işlə bağlı aldadırmış. Məsələn, rayonlarda 100 min manatlıq iş görüb yalandan deyirmişlər ki, 500 minlik iş görmüşük. Bununla da halal rüşvət-korrupsiya yolu ilə qaynadılan “ümumi qazan”a haram tikə atırmışlar. İndi ola bilər ki, başçıların bu oğurluğunun qabağını almaq üçün xalqla görüşləri dəbə mindiriblər…
Söz yox, bu görüşlər əslində xalqla deyil. İcra başçıları əvvəlcədən siyahı tutur, görüşə də öz istədikləri “hazırlıqlı və dövlətçi” adamları buraxırlar, qalan “narahat və qorxulu” vətəndaşları isə yaxına da qoymurlar. Amma bu da heç zadı dəyişmir. Çünki əsas məsələ şəkil çəkdirməkdir, xalqın dərd-sərini həll eləmək yox.
İndi növbədə təzə bir belə görüş var. Fövqəladə hallar naziri Kəmaləddin bəy aprelin 19-da Sumqayıtda xalqı qəbul edəcək. Qəbulda da yalnız Fövqəladə Hallar Nazirliyinin işi bağlı şikayətlərə baxılacaq, ayrı zadlara yox. Yəni gedib Kəmaləddin müəllimin zəhləsini məsələn, demokratik seçki mühiti, yaxud prokurorluqda rüşvət iddiası ilə tökməyə icazə yoxdur (Söz yox, mən Sumqayıtdan Biləcəridəki evinə gedərkən Beynəlxalq Avtovağzal ərazisində Ziya Məmmədov adına Nəqliyyat Departamentinin qoçuları tərəfindən döyülən sürücü Məzahir Mehmanovun yerinə olsam, Kəmaləddin bəyin qəbuluna gedərəm. Kamal müəllim onu dərhal qəbul etməlidir. Ortada məntiq var -“fövqəlnazir”lə yola getməyən Ziya Məmmədov. Mən Kamal müəllimin yerinə olsam, o sürücünü qəbul edərəm. Elə həmin məntiqə görə…)
Sumqayıtda yaşasaydım, Kəmaləddin bəyin qəbuluna gedib ona bir-iki sual verərdim. Deyərdim ki, FHN Qaxda zəlzələdən dağılmış məktəbin əvəzinə yeni tikilən məktəbi neçəyə başa gətirib, dəqiq rəqəm deyə bilərsinizmi.
Ya da belə sual verərdim: FHN Zaqatalada zəlzələ bölgəsində bir kənd evinin tikilməsinə 84400 manat, yəni 107-108 min dollar xərclədiyini iddia edir. Deyərdim bəs necə olur ki, Bakıda mənzilin 1 kvadratmetrini 335 manata tikən “AZ Dizayn İnşaat” şirkəti kənd yerində evin kvadratmetrini 600 manata tikir. Deyərdim ki, bu, həmin şirkətin hansı fövqəladə qüdrəti ilə bağlıdır. Kamal müəllimdən buradakı hikməti açmağı xahiş edərdim. Amma heyf ki, mən sumqayıtlı, siyəzənli, yaxud xızılı deyiləm, o görüşə buraxmazlar məni. Bunlar xalqı regionlara indi də belə bölür…
Məndə dəqiq məlumat var ki, Sumqayıtın icra başçısı Eldar Əzizov da Kamal müəllimin qəbuluna yazılıb. Dərdini demək üçün. İndi dərdsiz adam var?!
musavat.com