Famil CƏFƏRLİ
familceferli2@gmail.com
GÜLƏRƏ 8 MART HƏDİYYƏSİ
Sabah – martın 9-da Rövnəq Abdullayevin ikinci dəfə AFFA prezidenti seçilməsinin 1 ili tamam olur. Bu münasibətlə Rövnəq ağanı ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları, Azərbaycanda olub-qalan futbolun tam məhvi istiqamətindəki çalışmalarında nailiyyətlər arzulayıram.
Həqiqətən də cahanşümul qələbə idi. AFFA prezidentliyinə namizədliyini AFFA prezidenti olaraq elə öz imzanla irəli sürəsən, heç bir rəqibinin olmadığı seçkilərdə böyük üstünlüklə qalib gəlib yenidən prezident olasan… Sadəcə fantastikadır. Rövnəq ağanı bir daha, bir daha, yenə təbrik edirəm…
Təbriklərlə başladıqsa, gərək birini də döşəyək gəlsin. Zakir Qaralovu da ürəkdən təbrik edirəm. Baş prokuror da yekə uğur qazanıb. Ötən ilin sentyabrından tikilməsinə başlanan nəhəng torba nəhayət ki, hazırdır, onun son tikişləri də vuruldu. Baş Prokurorluğun hələ bircəciyi 1279 kompüter işarəsi olan uzun, yorucu, quru cümlələrini oxuyan hər kəs bu xəbərə çox sevinir. YAP-da el şənliyi qurulub, dörd yerdə tonqal qalanıb. Tam demokratik yolla 2 faiz səs toplayıb deputat təyin olunmuş Bəxtiyar Sadıqov qurbanlıq quzu almağa gedib…
Bəs necə?! Elşad Abdullayevi tutmağa qərar verdilər axı. Mən demirəm ki, sabiq ABU rektoru aydan arı, sudan durudur. Yox, adam xirtdəyinə qədər cinayətin, korrupsiyanın içindədir. Amma axı onun da “qardaşım hanı” sualı haqlıdır.
Zakir Qaralovun idarəsinin “Elşad Abdullayev 1.000.000 dollar məbləğində pul vəsaitini Vaqif Hüseynə rüşvət kimi verib” bəyanatının kəndçi dilinə tərcüməsi budur: biz sabiq ABU rektorunun iddialarını boş şey sayırıq, onu zərərçəkən kimi tanımırıq, əksinə, özünü rüşvətxor və cinayətkar kimi tanıyırıq, yəni nəinki bu adamın iddiaları əsasında adam tutmayacağıq, hətta əksinə, onun özünü tutmağa hazırlaşırıq.
Prokurorluğun bəyanatında diqqəti elə ilk cümlələrdəki bir qəribəlik cəlb edir. Uzun və yorucu cümlələri sadələşdirsək belə mənzərə yaranır: Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin itkin düşməsi üzrə baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu… ABU-nun fəaliyyətində nöqsanlar aşkarlayıb. Gülməlidir, o adam ayrı şeydən danışırdı, bunlar tamam ayrı. Təsəvvür edin ki, Abdullayev “Heyvagülü” çalır, bunlarsa “Tərəkəmə”. Aləm qarışıb bir-birinə…
Anlayırıq, prokurorluq bu iki (Mahir Abdullayev və ABU) işlərini birləşdirib. Amma niyə birləşdirib? Sual budur. Qəsdən birləşdirib ki, Elşad Abdullayev hakim dəstənin yaxasından yapışıb MTN zabiti olmuş qardaşının itkin düşməsinin hesabını soranda onun qabağına ABU-da tələbədən rüşvət alması, şübhəli yolla milyonlar yığması faktını qoysunlar. Yəni kəs səsini, yığışdır o qorxu filmlərini. Cavab da budur.
Bəs Baş Prokurorluğun bu açıqlaması indi niyə yayıldı? Bu vaxta qədər nəyi gözləyirdilər? Axı yazışmalar, müraciət-şikayətlər, araşdırmalar, istintaq-filan aylar-illərdir davam edir. İndi niyə? Nə dəyişdi? Niyə belə qəfildən hərəkətə gəldilər, hətta tələsdilər? Elşad və Mahir Abdullayevlər işində, elə Gülər Əhmədova məsələsində də bunca astagəllik göstərən istintaq nədən belə əl-ayağa düşdü?
Bu sualların cavabını Elşad Abdullayevin fəaliyyətində, daha dəqiq desək, onun yeni video anonslarında axtarmaq lazımdır. Elşad Abdullayev bu yaxınlarda bəyan elədi ki, onun əlində xeyli adamın xeyli videosu var və həmin rolikləri may ayından etibarən ardıcıllıqla yaymağa başlayacaq. Hüquq-mühafizə orqanları (oxu: hakim dəstə) da 7 mart açıqlaması ilə sabiq ABU rektoruna təxminən belə bir reaksiya verdi: səni elə günə qoyacağıq, başını maya qədər elə qarışdıracağıq ki, yaya bilməyəcəksən. Yəni prokurorluğun dünənki açıqlaması Elşad Abdullayevi hədələmək, ona göz ağartmaq, adamı oyun qaydalarına əməl etməyə məcbur etmək deməkdir. Yəni otur oturduğun yerdə, o videoları yayma, əgər yaysan, başın ağrıyacaq, sənin torban bax, budur, əlimizdədir…
Baş Prokurorluğun 7 mart tarixli bəyanatını hakimiyyətin Elşad Abdullayevlə türmədə, məhkəmədə görüşüb-üzləşməyi arzulayan keçmiş YAP-çı deputat Gülər Əhmədovaya 8 mart hədiyyəsi də saymaq olar. Sistem qarşısında azacıq xidməti olanları əsla unutmur…
Ana-bacılarımızın heç birinə belə təbrik arzulamıram. Bayramınız mübarək, əziz xanımlar…