Slovakiya Respublikasının Baş naziri Robert Fitso Azərbaycana səfəri çərçivəsində AZƏRTAC-a və AzTV-yə müsahibə verib. Ölkələrimiz arasındakı münasibətlərdən, inkişaf etdirilən qarşılıqlı əlaqələrdən söhbət açan hökumət başçısı deyib ki, Azərbaycan Slovakiya ilə birgə silah istehsal edəcək. Onun sözlərinə görə, texnologiya Slovakiyadan, maliyyə Azərbaycandan olacaq. Robert Fitso istehsal ediləcək silahların ixrac olunması, yaxud Azərbaycanda qalması məsələlərinin də müzakirə olunduğunu dilə gətirib. Ukraynadakı müharibə fonunda silahlarla bağlı ciddi çatışmazlığın özünü göstərdiyini diqqətə çatdıran baş nazir söyləyib ki, Azərbaycan Slovakiya ilə birgə silah istehsalı reallaşacağı təqdirdə, bu, hər iki ölkə üçün faydalı olacaq. Slovakiyada müdafiə sənayesinin inkişafını dəstəklədiyini xatırladan Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyevlə bu istiqamətdə bəzi layihələri müzakirə etdiyini vurğulayıb.
Mövzu ilə bağlı Medianews.az-a danışan hərbi ekspert Elxan Şıxəliyev deyib ki, Slovakiyanın Baş nazirinin Azərbaycana səfəri çərçivəsində həm Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə “Hərbi-texniki əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, həm də Müdafiə Nazirliyi ilə “Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb.
Hərbi ekspertin sözlərinə görə, bunun ardınca Azərbaycanda Slovakiyanın müdafiə sənayesi şirkətləri tərəfindən yeni müdafiə sənaye sahələrinin yaradılması gözlənilir: “Müdafiə sənaye müəssisələrimizdə Slovakiyada istehsal olunan hərbi texnikanın, avadanlığın istehsalı həyata keçiriləcək. Baş nazir Robert Fitsonun Azərbaycana səfəri zamanı Slovakiyanın “Konstrukta-Defence” şirkətinin rəhbərliyi də nümayəndə heyətinin tərkibində idi. Slovakiyanın müdafiə sənayesinin əsas hərbi-texniki təchizatını məhz bu şirkət həyata keçirir. Xüsusi ilə də bu şirkət modern artilleriya silahlarının, sistemlərinin istehsalında ixtisaslaşıb. Modernləşmə ondan ibarətdir ki, 155 millimetrlik özüyeriyən artilleriya qurğuları bu gün üçün daha çox tələb olunan artilleriya sistemidir. Slovakiya bu artilleriya sistemlərini iki modifikasiyada istehsal edir. Onlardan biri “Zuzana”, digəri isə “Eva”dır. Bunlar NATO standartlarına uyğun olan haubitsalardır və 155 millimetrlik mərmilərlə təchiz olunub. Düşünürəm ki, 155 millimetrlik artilleriya vasitələri mərmilərinin Azərbaycanda istehsalının qurulması da məqsədəuyğun olar. Çünki, artıq bizim silahlanmamızda 155 millimetrlik artilleriya sistemləri var. Bunun təchizedicisi, təminedici döyüş dəstlərinin alınmasındansa, istehsalı məqsədəuyğundur. Bu artilleriya vasitələri sistemləri üzərindən əməkdaşlıq mümkündür”.
E.Şıxəliyev Slovakiyanın zirehli personal daşıyıcıların istehsalçısı olmasına da diqqət çəkib. Vurğulayıb ki, sözügedən daşıyıcılar da NATO standartlarına uyğun olmaqla, Alyansa üzv ölkələrə ixrac edilir: “Slovakiya ilə Azərbaycan modern özüyeriyən artilleriya sistemlərinin, zirehli personal daşıyıcıların istehsal və tədarükü sahəsində əməkdaşlıq edəcək. Bundan əlavə, “Konstrukta-Defence” şirkəti 100 yaxın atıcı silahların və mərmilərinin, eyni zamanda artilleriya vasitələrinin mərmilərinin istehsalçısıdır. Düşünürəm ki, Slovakiyanın müdafiə sənayesi şirkətləri ilə Azərbaycanın müdafiə sənaye şirkətlərinin əməkdaşlığı müvəffəqiyyətlə həyata keçirilə bilər. Azərbaycan müdafiə sənayesi şirkətlərinin artıq qurulmuş bir bazası var. Bunun üzərindən də Slovakiya maraqlıdır ki, özünün texniki dəstəyi, Azərbaycanın isə maliyyə dəstəyi ilə bu istehsal həyata keçirilsin. Sonrakı mərhələdə istehsal ixraca çevrilə bilər. Təbii ki, ilk növbədə Azərbaycanın tələbatı ödəniləcək, ardınca da NATO-ya üzv dövlətlərə, eləcə də digər xarici ölkələrə ixraca üstünlük veriləcək. Bütün bunları nəzərə alsaq, Azərbaycan və Slovakiya arasında əldə edilən hərbi və hərbi-texniki anlaşmalar uğurlu nəticələrə səbəb olacaq”.
Lamiyə MİRZƏYEVA