Qərb diplomatları ölkəmizdə demokratiya uğrunda yeni kampaniyaya dəstək verdi
Bakı Caz Mərkəzində Insan Hüquqları Klubunun ikinci ildönümünə və yeni “Demokratiya naminə incəsənət” hüquq-müdafiə kampaniyasının təsis edilməsinə həsr olunmuş gecə keçirilib. Böyük Britaniya səfirliyinin və Civic Solidarity təşkilatının dəstəyilə keçirilən tədbirdə vətəndaş cəmiyyətinin fəalları, gənc fəallar, incəsənət xadimləri, jurnalistlər, vəkillər, həmçinin diplomatlar iştirak ediblər.
“Demokratiya naminə incəsənət” kampaniyasının koordinatoru Rəsul Cəfərov bildirib ki, kampaniya Insan Hüquqları Klubu, Reportyorların Azadlıq və Təhlükəsizlik Institutu (RATI), Milli və Beynəlxalq Araşdırmalar tərəfindən incəsənət vasitəsilə demokratiya və insan hüquqları ideyalarının təşviqi məqsədilə keçirilir.
Böyük Britaniyanın Bakıdakı səfiri Piter Beytman toplaşanları salamlayaraq qeyd edib ki, insan hüquqları onun ölkəsinin xarici siyasətində mühüm yer tutur. O həmçinin bildirib ki, Böyük Britaniya hökuməti qadınlara zorakılığa qarşı mübarizə kampaniyasına təşəbbüs göstərib. Böyük Britaniya səfirliyinin dəstəyilə məişət zorakılığı ilə bağlı Azərbaycan ictimaiyyətinin fikirlərini əks etdirən videoçarx çəkilib. Videoçarx tədbir iştirakçılarına göstərilib.
Tədbirdə Bakıda səfərdə olan ABŞ dövlət katibinin demokratiya, insan hüquqları və əmək üzrə müşaviri Tomas Melia da iştirak edib. O ABŞ prezident Barak Obama və dövlət katibi Hillari Klintonun salamlarını azərbaycanlı demokratlara çatdırmaqdan məmnunluq duyduğunu deyib. Bildirib ki, demokratiyanın dəstəklənməsi ABŞ-ın xarici siyasətinin əsas prioritetlərindən biri olaraq qalır.
Fransa səfiri Paskal Monye yeni “Demokratiya naminə incəsənət” hüquq-müdafiə kampaniyasının başlanmasını alqışlayıb. O, bundan əvvəl “Eurovision” mahnı müsabiqəsi dövründə keçirilən “Demokratiya naminə oxu!” kampaniyasını da uğurlu adlandırıb. Bu kampaniya göstərdi ki, beynəlxalq arenada uğurlar əldə etmək üçün sadə adamların da səslərini eşitmək lazımdır. Çıxışlardan sonra gənclərin ifasında zorakılığa qarşı mübarizə mövzusunda səhnələr, insan hüquqları mövzusunda karikaturalar nümayiş etdirilib.
azadliq.info