Türkiyənin 8-ci prezidenti, ölümündəki şübhəli məqamlara görə Ankara Baş Prokurorluğunun qərarı ilə məzarı açılan Turqut Özalın nəşindən 4 zəhərli maddənin aşkarlanması xəbəri yayılıb. “Zaman” qəzetinin verdiyi xəbərə görə, Ədliyyə tibb qurumu nəşin qalıqlarında içərisində ağır metallar və radioaktiv maddələrin də olduğu 4 zəhərli maddəni aşkar edib. Ekspertlər hesab edir ki, Özalın orqanizmi bir müddət aldığı radioaktiv maddələrdən yorğun düşüb və sonda ona verilən böcək zəhəri ani ölümə səbəb olub.
Xəbərdə o da bildirilir ki, artıq ekspertiza Özalın nəşinin autopsiyası üzrə son mərhələyə gəlib. Gəlinən nəticələr ölüm səbəbini haqqında dəqiq fikir söyləmək üçün yetərlidir. Başqa sözlə, Özalın nəşindəki 4 toksik maddə prezidentin zəhərlənərək öldürülməsinə heç bir şübhə buraxmır.
“Zaman” qəzetinin özəl xəbərində toksik maddələrdən biri – DDT-nin (dikloro difenol trikloroethan) Türkiyədə 1980-ci ildən qadağan edildiyi də bildirilir. Adətən, böcək zəhəri kimi istifadə edilən bu maddənin bəlli bir miqdarı insan orqanizmində qara ciyəri qısa zamanda parçalamaq gücündədir. DDT təbiətdə və orqanizmdə itməyən maddədir. Ekspertiza zamanı prezident Özalın nəşindən DDT-nin insanı öldürə biləcək dozasının 10 qat artığı müəyyən edilib.
Ekspertiza zamanı əldə edilən digər zəhərli maddələr isə kanserogen maddələrə aid kadmium (Cd), amerikium və polonium maddələridir. Son iki maddə Özalın nəşində ilk iki maddəyə nisbətən daha az miqdarda olub.
Toksikologiya uzmanlarının fikrincə, DDT Turqut Özala su və ya yeməklə verilib. Zəhər orqanuzmə daxil olandan az sonra qusma, ishal, güclü tərləmə, nəfəs tutulması, göz bəbəyinin böyüməsi və ya kiçilməsi, nəbzin sürətlənməsi, əzələlərdə zəifləmə, qıcolmalar yaradır. Buna görə də istintaq Özala zəhərin ölümündən 1 gün öncə getdiyi Bolqarıstanın Türkiyə səfirliyində içdiyi limonad, ya da Canqaya köşkünə gəldikdən sonra yediyi qidalarla verilməsi üzərində dayanır.
Kadmium maddəsi orqanizmə daxil olduqdan sonra qana qarışır. Ağır metal olduğu üçün orqanizmdən çıxmır. Sümüklərdə toxumaları zədələyərək zəiflik yaradır. Nəşdə az miqdarda tapılan amerikium və poloniuma gəlincə, bu zəhərlər orqanizmin çöküşünə səbəb olur, heç bir halda azalmayan yorğunluq yaradır. Yada salaq ki, Özalın vəfatından az öncə getdiyi Orta Asiya səfəri zamanı həddən artıq yorğun olduğu diqqət çəkirdi.
“Zaman” yazır ki, ədliyyə tibb qurumu yaxın günlərdə əldə edilən nəticələrlə bağlı Ankara Baş Prokurorluğuna ətraflı bilgi göndərəcək.
musavat.com