Medianews.az
Televizoru "rozetka"dan ayırmaq lazımdır? -
77 baxış

Televizoru "rozetka"dan ayırmaq lazımdır? - Mütəxəssislər xəbərdarlıq edir

Müasir dövrdə evlərdə istifadə olunan texnikaların əksəriyyəti daim elektrik şəbəkəsinə qoşulu vəziyyətdə qalır. Soyuducu, paltaryuyan maşın və digər cihazlar kimi smart televizorlar da günün böyük hissəsini elektrik yuvası keçirir. Bu isə bəzi insanlarda sual yaradır: televizoru istifadə olunmadığı vaxtlarda rozetkadan çıxarmaq lazımdırmı?

Medianews.az xarici mediaya istinadla xəbər verir ki, mövzu ilə bağlı danışan ekspertlərin fikrincə, yeni nəsil Smart TV modellərində bu addımın ciddi bir faydası yoxdur. Çünki bu cihazlar söndürüldükdə tam olaraq fəaliyyətini dayandırmır, sadəcə gözləmə rejiminə keçir. Bu rejimdə televizor çox az miqdarda elektrik enerjisi sərf edir və bu sərfiyyat gündəlik xərclərə demək olar ki, təsir etmir.

Qeyd olunur ki, müasir OLED televizorlar gözləmə rejimində 0,5 vattdan da az enerji istifadə edir. Bu isə ay ərzində cəmi bir neçə manatlıq fərq yaradır. Bu səbəbdən cihazı hər dəfə rozetkadan çıxarmaq real qənaət vermir, əksinə istifadəni çətinləşdirir.

Ekspertlər onu da vurğulayır ki, gözləmə rejimi televizor üçün vacib funksiyaları aktiv saxlayır. Bu funksiyalar arasında proqram təminatının yenilənməsi, internet bağlantısının qorunması və sistem ayarlarının yadda saxlanması yer alır. Əgər cihaz tez-tez elektrikdən ayrılarsa, bu proseslər pozula və bəzi parametrlər sıfırlana bilər.

Bununla belə, bəzi hallarda televizoru tam söndürmək məsləhət görülür. Məsələn, uzunmüddətli səfər zamanı və ya elektrik şəbəkəsində gərginlik sıçrayışlarının tez-tez baş verdiyi yerlərdə cihazı rozetkadan çıxarmaq daha təhlükəsiz sayılır. Belə vəziyyətlərdə qoruyucu uzadıcı və ya şəbəkə filtrlərindən istifadə də tövsiyə olunur.

Nəticə etibarilə, mütəxəssislər gündəlik istifadə zamanı smart televizoru rozetkadan çıxarmağın praktiki mənada zəruri olmadığını bildirirlər. Müasir cihazlar minimal enerji sərf etdiyi üçün bu addım daha çox narahatlıq yaradır, nəinki real fayda verir./lent.az

Bizə qoşulun