Medianews.az
Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi:
103 baxış

Süni intellekt peyvənd yaratdı, insanlar üzərində sınaqdan keçirdi: Nə baş verdi?

Tədqiqatçılar tərəfindən hazırlanmış universal koronavirus peyvəndi ilk dəfə insan üzərində sınaqdan keçirilib və ilkin nəticələr uğurlu hesab olunub.

Medianews.az xəbər verir ki, Kembric Universiteti və Britaniyanın DIOSynVax biotexnologiya şirkətinin birgə hazırladığı vaksin "ScienceDaily”ə istinadən yayılan məlumatda qeyd edildiyi kimi, 39 sağlam könüllü üzərində keçirilən birinci mərhələ klinik sınaqlarda təhlükəsiz olub və ciddi yan təsirlər göstərməyib.

Bu peyvəndin əsas xüsusiyyəti ondan ibarətdir ki, o, tək bir virus ştamına deyil, Sarbeco koronaviruslar qrupuna qarşı geniş qoruma yaratmaq üçün hazırlanıb. Bu qrupa COVID-19-un törədicisi SARS-CoV-2, SARS virusu və gələcəkdə insanlara keçə biləcək bəzi yarasa mənşəli koronaviruslar daxildir.

Məlumata görə, vaksin SARS-CoV-2 və SARS-a qarşı olduğu kimi, hələ insanlara keçməmiş bəzi yarasa viruslarına qarşı da immun cavab formalaşdırıb. Tədqiqatın nəticələri "Journal of Infection” jurnalında dərc olunub.

Araşdırmanın diqqət çəkən tərəflərindən biri də peyvəndin hazırlanmasında süni intellekt və maşın öyrənməsindən istifadə edilməsidir. Bu texnologiyalar immun sistemini geniş spektrli virusları tanımağa öyrədən "süpərantigen” adlı komponentin dizaynına kömək edib. Bu, süni intellektlə hazırlanmış peyvəndin insanlarda ilk uğurlu sınağı kimi qiymətləndirilir.

Heyvanlar üzərində aparılan əvvəlki testlər də güclü immun cavabın formalaşdığını göstərib. Lakin mütəxəssislər bildirirlər ki, preparatın geniş istifadəsi üçün hələ ikinci və daha geniş mərhələli klinik sınaqlar lazımdır.

Böyük Britaniya Milli Səhiyyə Tədqiqatları İnstitutunun elmi direktoru Mariann Nayt nəticələri "əhəmiyyətli irəliləyiş” adlandırıb və süni intellektlə yaradılmış bu yanaşmanın gələcəkdə digər pandemiya risklərinə qarşı da tətbiq oluna biləcəyini bildirib.(qaynarinfo)

Bizə qoşulun