Bir vaxtlar Türkiyədə “Fənərbaxça”, “Beşiktaş”, “Anadolu Efes”, “Türk Telekom” və “Banvit” komandalarının formasını geyinmiş serbiyalı basketbolçu Vladimir Stimac Serbiyada keçirilən hökumət əleyhinə etiraz aksiyasında iştirak etdiyinə görə saxlanılıb.
Medianews.az xəbər verir ki, hadisə Belqradda, Serbiya Radio və Televiziyası (RTS) binasının qarşısında baş verib. 
Polis Stimacı zor tətbiq etməklə yerə yıxaraq saxlayıb. Görüntülərin yayımlanmasından sonra Serbiya ictimaiyyəti hadisəyə sərt reaksiya verib.
Serbiya mediasının məlumatına görə, Stimac Belqrad Ali Prokurorluğunun əmri ilə Serbiya Parlamentinin qarşısında “zorakılığa təhrik etmək” ittihamı ilə həbs edilib. Serbiya Daxili İşlər Nazirliyi etiraz aksiyaları zamanı ümumilikdə 37 nəfərin saxlanıldığını açıqlayıb.
Görüntülərdə polisin basketbolçunu yerə yıxdığı və başını dizinin altında saxladığı anlar ictimaiyyətdə qəzəb doğurub.
37 yaşlı Stimac idman karyerasını bitirdikdən sonra Serbiyada demokratiya və ifadə azadlığı tərəfdarı kimi etirazlarda fəal iştirak edib. Onun həbsi hüquq müdafiəçiləri tərəfindən “ifadə azadlığına zərbə” kimi qiymətləndirilib.
Qeyd edək ki, Stimac 2014–2020-ci illər arasında Türkiyənin aparıcı basketbol klublarında — “Beşiktaş”, “Anadolu Efes”, “Türk Telekom”, “Fənərbaxça” və “Banvit” komandalarında çıxış edib. O, həmin dövrdə həm performansı, həm də azarkeşlərlə münasibəti ilə yadda qalıb.
Medianews.az


