Medianews.az
Trampın səfir təyinatı - Hədəf nədir?
128 baxış

Trampın səfir təyinatı - Hədəf nədir?

ABŞ Prezidenti Donald Tramp Sercio Qoru Hindistana səfir təyin edib. Yeni səfir Hindistanla yanaşı Cənubi Asiyaya bölgəsinə də cavabdeh olacaq. O, Hindistanla əməkdaşlığın gücləndirilməsi istiqamətində çalışmalıdır.

Vaşinqton Hindistanın Rusiyadan neft alışını dayandırmasına, ya da minimuma endirməsinə çalışır. Dehli Vaşinqtonun bu ultimatumunu qəbul etmir. Çünki Hindistanın Rusiyadan aldığı ucuz neft sərfəli hesab edilir.

“The Guardian” qəzetində yayımlanan məqalədə Rusiya-Ukrayna müharibəsindən sonra Hindistanın Rusiyanın ikinci ən böyük neft alıcısına çevrildiyi yazılıb. Halbuki müharibədən əvvəl Hindistan Rusiyadan neft almırdı, neftin əsas hissəsi ərəb ölkələrindən alınırdı. Ancaq sanksiyalara görə Rusiya Avropa ölkələrinə neft sata bilmədiyindən Çin və Hindistana ucuz neft satmağa başladı. Bu, Çinə və Hindistana sərfəli idi.

Vaşinqton Rusiyadan neft alan ölkələrə təzyiqi artırmaq qərarını verdikdən sonra vəziyyət dəyişdi. Hindistanın neft emalı zavodları sanksiya təhlükəsinə görə son aylarda Rusiya neftinin alışını azaltmağa başlayıb. İran ətrafında vəziyyətin gərginləşməsi bu dəfə İrandan neft alan ölkələrə problem yaradacaq. Donald Tramp İranla ticarət aparan ölkələrin məhsullarına 25 faiz gömrük rüsumunun tətbiqini açıqlayıb.

Bu arada ABŞ-la Pakistan arasında sıx əlaqələr Dehlinin narahatlığına səbəb olub. Donald Tramp Hindistan-Pakistan müharibəsini dayandırdığını bildirib. Halbuki Dehli bu yanaşma ilə razı deyil.

Yeni səfir Dehli ilə Vaşinqton arasında mübahisələrin aradan qaldırılmasıyla məşğul olacaq. Sercio Qorun sözlərinə görə, Donald Tramplla Hindistanın baş naziri Narendra Modi arasındakı dostluq münasibətləri mübahisələrin ortadan qaldırılmasına şərait yaradacaq.

Əsas məsələ ABŞ-la Hindistan arasında ticarət sazişinin imzalanmasına nail olmaqdır. Bu istiqamətdə danışıqlar hələ yekunlaşmayıb.

Trampın Hindistana təyin etdiyi səfir Cənubi və Mərkəzi Asiya ilə də məşğul olacaq. ABŞ-ın Mərkəzi Asiya ölkələrində səfirləri olsa da, Hindistandakı səfir digər səfirlərin fəaliyyətinin koordinasiyasıyla məşğul olacaq.

Elxan Şahinoğlu,
politoloq

Bizə qoşulun