Medianews.az
Toyunda özünə şəhidlik
156 baxış

Toyunda özünə şəhidlik arzulamışdı...

Prezident İlham Əliyevin Sərəncamı ilə Aprel döyüşləri şəhidi, XTQ giziri Pəncəli Teymurova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

“Qafqazinfo”nun məlumatına görə, Pəncəli Teymurov 1981-ci ilin 24 martında Astaranın Əzərüd kəndində anadan olub.

O, 17 illik hərb həyatında Azərbaycan Ordusuna şərəflə xidmət edib və göstərdiyi şücaətlərə görə mükafatlandırılıb.

Pəncəli Teymurov öz toyunda çıxışı zamanı özünə şəhidlik arzulayıb: “Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın”.

Gizir Pəncəli Teymurov Aprel döyüşlərində döyüş dostları - Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində şəxsi igidliyi ilə fərqlənib və aprelin 3-də qəhrəmancasına şəhid olub. Aprelin 11-də doğulduğu kənddə dəfn edilib.

Xatırladaq ki, 2023-cü ildə müdafiə nazirinin müavini, general-polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev XTQ-in əfsanəvi döyüşçüsü Pəncəli Teymurovun anası ilə görüşüb, şəhidin məzarını ziyarət etmişdi.





Bizə qoşulun