Ermənistan parlamenti Qarabağdan könüllü gedən şəxslərin mənzil təminatının yaxşılaşdırılması və Zəngəzur vilayətinin sosial-iqtisadi inkişafı məqsədilə iki yeni kredit sazişini təsdiqləyib.
Musavat.com xəbər verir ki, qəbul edilən qərara əsasən, Ermənistan hökuməti Asiya İnkişaf Bankından 250 milyon dollar, Avropa İnvestisiya Bankından isə 50 milyon avro həcmində kredit alacaq. Rəsmi məlumatlara görə, bu vəsaitlər əsasən Azərbaycanın Qarabağ bölgəsindən könüllü çıxan ailələrin yaşayış şəraitinin yaxşılaşdırılmasına, eləcə də ölkənin cənubunda yerləşən Zəngəzur bölgəsində infrastruktur və inkişaf layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
Hakimiyyət nümayəndələri bildirirlər ki, kreditlər uzunmüddətli sosial proqramların icrasını sürətləndirməli, regionda iqtisadi aktivliyi artırmalı və köçkünlərin inteqrasiyasını asanlaşdırmalıdır.
Müxalifət isə borclanmanın artması ilə bağlı narahatlıq ifadə edərək, ayrılan vəsaitlərin şəffaf və səmərəli xərclənməsinin vacibliyini önə çəkir. Parlamentdə müzakirələr zamanı qeyd olunub ki, kreditlərin qaytarılması gələcək illərdə dövlət büdcəsi üçün əlavə yük yarada bilər.
Bununla belə, rəsmi İrəvan bu maliyyə paketini mövcud sosial problemlərin həlli və strateji region hesab edilən Zəngəzurun inkişafı baxımından zəruri addım kimi qiymətləndirir.