“Elektron siqaretlərin zərəri adi siqaretlərdən heç də az deyil. Elektron siqaretlər ötən əsrin 70-ci illərində siqaretə alternativ bir ideya kimi ortaya atıldı və iş adamları bunu biznesə çevirdi. Nəticədə kütləvi istehsal başladı”.
Bunu Musavat.com-a açıqlamasında tanınmış tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.
O bildirib ki, elektron siqaretlərin tərkibində adi siqaretdə olduğu qədər nikotin var:
"Nikotin isə siqaret asılılığının əsasıdır. Adi tütünün tərkibində xüsusi qətrana bənzər maddələr var və onlar xərçəng əmələ gətirir. Elektron siqaretlərdə isə aromatik maddələr var ki, onlar yananda konsragenlər əmələ gəlir. Yəni elektron siqaret heç bir xüsusiyyəti ilə adi siqaretdən geri qalmır. Amma bunu qadağan etməklə məsələ bitmir, artıq insanlar buna alışıb. Bunu hansısa formada maarifləndirmə ilə insanları çəkindirmək lazımdır. Dünyada bu, istehsal olunursa, hansısa formada, qeyri-qanuni yolla ölkəyə daxil olacaq. Mən bu cür qadağaların effektli olacağını düşünmürəm. Siqaret əleyhinə maarifləndirmə gücləndirilməlidir. Hazırda siqaret çəkənlərin sayı qadınlar arasında sürətlə artmaqdadır. Əhalinin böyük əksəriyyəti siqaret çəkir. Çünki bir rahatlıq, azadlıq var, ictimai qınaq yoxdur. İnsanların toplu olduğu yerdə siqaret çəkmək qəti qadağandır, olmaz. Restoranlarda kimin ürəyi istəyirsə, siqaret çəkir. Dünyanın heç bir yerində belə şey yoxdur”.
Qeyd edək ki, Azərbaycanda elektron siqaretlər qadağan olunur. Bu, Milli Məclisin Aqrar siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Əmək və sosial siyasət komitələrinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılan “Tütün və tütün məmulatı haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.
Layihəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağandır.