Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub.
Medianews.az xəbər verir ki, bu münasibətlə dekabrın 16-da dövlət rəsmilərinin və Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) nümayəndələrinin iştirakı ilə “Dünya İdman Paytaxtları” xatirə lövhəsinin rəsmi imzalanma mərasimi keçirilib.
“Dünya İdman Paytaxtı” titulu rəsmi olaraq Monakodan Bakıya təhvil verilib.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Bakının "Dünyanın İdman Paytaxtı" seçilməsinin sevindirici məqam olduğunu bildirib. O, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün bölgələrində idman növlərinin inkişaf etdiyini deyib.
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanın çoxlu beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladıb. Onun sözlərinə görə, Bakını növbəti il daha maraqlı yarışlar gözləyir.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) prezidenti Can Fransisko Lupattelli isə Bakının idmanın inkişafına daim yol açdığını vurğulayıb. O qeyd edib ki, bu şəhər hər zaman keyfiyyətli idman obyektləri ilə seçilib.
“İdman Paytaxtı” layihəsi ACES Brüsseldə yerləşən qeyri-kommersiya assosiasiyasıdır və hər il müxtəlif qitələrdən şəhərlərə “İdman Paytaxtı” və digər idman sahəsi üzrə mükafatlar təqdim edir. Bu titul və mükafatlar etik prinsiplər əsasında verilir və cəmiyyətin sosial inteqrasiyası, psixofiziki rifahı və həyat keyfiyyətinin yüksəldilməsinə xidmət edir. ACES, həmçinin Avropa Komissiyasının Avropa İdman Həftəsinin və UNESCO-nun tərəfdaşıdır.