Son vaxtlar dünya səhnəsində baş verən regional münaqişələr və superdövlətlərin artan gərginliyi “Üçüncü Dünya Müharibəsi” barədə narahatlıqlar doğurur. Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdəki qarşıdurmalar və nüvə silahı ilə bağlı gərginliklər insanları qeyri-sabit gələcək qorxusuna gətirib çıxarır. Ekspertlər bildirir ki, diplomatiya və beynəlxalq təşkilatların rolu hələ də münaqişələrin qarşısını almaqda həlledicidir. Lakin hər an yeni eskalasiya təhlükəsi mövcuddur və bu vəziyyət dünya siyasətində böyük dəyişikliklər yarada bilər. Dünyada mövcud gərginliklər “Üçüncü Dünya Müharibəsi” riskini artırır, yoxsa diplomatiya hələ də vəziyyəti stabilləşdirə bilər?
Bu barədə Medianews-a danışan Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, son illərdə beynəlxalq münasibətlər sistemində müşahidə olunan gərginliklər “Üçüncü Dünya Müharibəsi” ehtimalını yalnız siyasi dairələrin deyil, kütləvi informasiya vasitələrinin və ictimai şüurun əsas mövzularından birinə çevirib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə bitmək bilməyən qarşıdurmalar, Tayvan ətrafında artan gərginlik, Çinlə ABŞ arasındakı ticarət müharibələri və NATO ilə Rusiya arasında davam edən açıq və gizli qarşıdurma fonunda qlobal miqyasda bir sualın ortaya çıxmasına zəmin yaradır. Görəsən bəşəriyyət doğrudanmı yeni dünya müharibənin astanasındadır, yoxsa bu qorxu sistemli şəkildə istehsal edilən siyasi-psixoloji alətdir?

“Bu sualın cavabı təkcə hərbi-siyasi proseslərin təhlili ilə deyil, həm də informasiya müharibəsinin mahiyyətinin dərk edilməsi ilə mümkündür. Tarix göstərir ki, böyük müharibələr adətən yalnız silahların deyil, ideoloji və psixoloji hazırlığın nəticəsi olur. Müasir dövrdə bu hazırlıq əsasən total informasiya axını vasitəsilə həyata keçirilir. “Üçüncü Dünya Müharibəsi” anlayışı təkcə təhlükə siqnalı deyil, eyni zamanda bir idarəetmə mexanizmi funksiyası daşıyır. Bu diskursun əsas məqsədlərindən biri insanları mövcud həyat şərtləri ilə barışdırmaqdır. Sosial rifahın azalması, iqtisadi bərabərsizliyin dərinləşməsi, hüquq və azadlıqların məhdudlaşdırılması “təhlükəsizlik” arqumenti ilə legitimləşdirilir. Cəmiyyətlərə açıq şəkildə mesaj verilir ki, insanlar üçün azadlıq və rifah yox, təhlükəsizlik əsas prioritet olmalıdır.
Beləliklə, qorxu üzərindən formalaşdırılan informasiya mühiti dövlətlərin hərbi xərclərini artırmasını, sosial sahələrdən vəsaitlərin təhlükəsizlik sektoruna yönəldilməsini stimullaşdırır. Bu isə xüsusilə hərbi-sənaye kompleksinə sahib olan böyük güclərin maraqlarına xidmət edir”.
Deputat qeyd edib ki, bir çox hallarda qlobal təhlükə atmosferi kiçik ölkələri daim seçim qarşısında qoyur:
“Onlar ya böyük güclərin təhlükəsizlik arxitekturasına tabe olmalı, ya da “təhlükə zonası”na çevrilməlidirlər. Bu xüsusda hazırda qorxu təkcə hərbi risk deyil, həm də siyasi və iqtisadi asılılıq alətidir. Kiçik xalqlar və dövlətlər üçün təhlükəsizlik anlayışı tez-tez suverenlikdən de-fakto imtina kimi təqdim olunur. Yəni mahiyyət etibarilə qlobal münaqişələr və ziddiyyətlər real müharibədən daha çox, davamlı istismar mühitinin qorunmasına xidmət edir. Bütün bunlarla yanaşı, mövcud gərginliklərin süni və ya yalnız informasiya manipulyasiyası olduğunu iddia etmək də sadəlövhlük olardı. Rusiya-Ukrayna müharibəsi göstərdi ki, beynəlxalq hüquq mexanizmləri zəifləyib, güc faktoru yenidən əsas alətə çevrilib. Yaxın Şərqdə dövlətlərarası və qeyri-dövlət aktorları arasındakı qarşıdurmalar regional münaqişələrin qlobal miqyas alması riskini artırır”.
E.Mirzəbəyli bildirib ki, böyük güclər birbaşa hərbi toqquşmanın nəticələrinin fərqindədir. Onun sözlərinə görə, nüvə silahının mövcduluğu və qarşılıqlı məhvetmə doktrinası hələ də müəyyən qlobal balans yaradır. Məhz bu səbəbdən "Üçüncü dünya müharibəsi" ehtimalı daha çox dolayı münaqişələr, regional müharibələr və proksi savaşlar formasında özünü göstərir.
“Ekspertlərin diplomatiyaya ümid etməsinə gəldikdə isə problem ondadır ki, diplomatiya getdikcə daha çox güclü dövlətlərin maraqlarına tabe edilir və universal dəyərlərdən uzaqlaşır. Bu şəraitdə diplomatiya müharibəni tamamilə önləyə biləcək vasitədən daha çox onu idarə olunan səviyyədə saxlamaq alətinə çevrilir. Yəni burada əsas məqsəd əksər hallarda sülhdən daha çox nəzarətdir. Mənə görə, mövcud qlobal gərginliklər “Üçüncü dünya müharibəsi”nin qaçılmaz olduğunu deməyə əsas vermir. Lakin bu riskin daim gündəmdə saxlanılması da təsadüfi deyil. Bu, yeni dünya nizamında qorxu üzərindən idarəetmənin əsas elementlərindən biridir. İnsanların təhlükəsizlik naminə azadlıqlardan imtina etməsi, dövlətlərin sosial inkişaf əvəzinə hərbi gücə yatırım etməsi, kiçik xalqların və dövlətlərin daimi təzyiq altında saxlanılması və digər bu kimi amillər müasir qlobal sistemin mahiyyətini açıq şəkildə ortaya qoyur”.
E.Mirzəbəyli vurğulayıb ki, belə bir dünyada əsas sual müharibənin olub-olmayacağı deyil, qorxu ilə formalaşdırılan bu nizamda kimin qalib, kimin isə qurban olacağıdır. Bu isə artıq təkcə hərbi yox, siyasi, iqtisadi və mənəvi mübarizə məsələsidir:
“Bununla yanaşı, qlobal qeyri-müəyyənlik, böyük güclər arasında artan qarşıdurma və “Üçüncü dünya müharibəsi” diskursunun informasiya müstəvisində intensiv şəkildə dövriyyəyə buraxıldığı bir şəraitdə Azərbaycan öz milli təhlükəsizlik və suveren qərarvermə modelini formalaşdırmış nadir dövlətlərdən biri kimi çıxış edir. Bu model nə kor-koranə bloklaşmaya, nə də təhlükə üzərindən idarə olunan asılılıq mexanizmlərinə əsaslanmır.
Azərbaycanın son illərdə həyata keçirdiyi siyasət göstərir ki, real təhlükəsizlik yalnız hərbi potensialla deyil, siyasi müstəqillik, iqtisadi dayanıqlılıq və diplomatik manevr qabiliyyəti ilə təmin olunur. 44 günlük Vətən müharibəsi və daha sonrakı proseslər sübut etdi ki, milli maraqlara söykənən qərarvermə mexanizmi həm regional, həm də qlobal təzyiqlərə qarşı effektiv cavab formasıdır”.
Millət vəkilinin sözlərinə görə, müasir dünya nizamında kiçik və orta dövlətlər üçün əsas təhlükə birbaşa müharibədən daha çox, qorxu və təhlükəsizlik ritorikası vasitəsilə suverenliyin aşındırılmasıdır. Azərbaycan bu kontekstdə müstəqil xarici siyasət yürüdərək, təhlükəsizlik məsələlərini milli maraqlar çərçivəsində müəyyənləşdirir, xarici diktə və ideoloji yönləndirmələrdən uzaq dayanır.
“Eyni zamanda, Azərbaycanın regional kommunikasiyaların bərpası, enerji təhlükəsizliyi, nəqliyyat-logistika layihələri və sülh gündəliyi üzərində qurduğu strategiya onu qlobal qarşıdurmaların obyektinə deyil, rasional əməkdaşlıq subyektinə çevirir. Bu yanaşma göstərir ki, təhlükəsizlik yalnız silahlanma yarışında iştirak etmək deyil, həm də münaqişələrin qarşısını alan siyasi ağıldır.
Azərbaycan modeli, əslində, “Üçüncü dünya müharibəsi” qorxusu üzərindən formalaşdırılan qlobal psixoloji təzyiqlərə alternativ bir yanaşmadır. Bu model sübut edir ki, suveren qərarvermə imkanlarını qoruyan, milli birliyə söykənən və uzunmüddətli strateji baxışa malik dövlətlər üçün qorxu idarəetmə alətinə çevrilə bilməz.
Nəticə etibarilə, Azərbaycan nümunəsi göstərir ki, qlobal xaos və informasiya müharibələri dövründə milli təhlükəsizliyin əsas təminatı başqalarının ssenarilərinə uyğunlaşmaq deyil, öz yolunu müəyyən etmək və bu yolu ardıcıl şəkildə müdafiə və davam etməkdir. Bu isə müasir beynəlxalq münasibətlər sistemində real suverenliyin ən əsas göstəricisidir”.
Oğuz Ayvaz
Medianews.az