Medianews.az
Heyvan rifahı – Avropada və bizdə...
110 baxış

Heyvan rifahı – Avropada və bizdə...

Avropada heyvan rifahı anlayışı sadəcə mərhəmət məsələsi deyil, ictimai dəyər və dövlət məsuliyyəti kimi qəbul olunur. Orada heyvanlara münasibət “sahibinin vicdanı”na buraxılmır, sistemli şəkildə tənzimlənir. Heyvan canlı varlıqdır və onun rifahı cəmiyyətin mədəni səviyyəsinin göstəricisi sayılır. Bu yanaşma məktəbdən, bələdiyyədən, hüquq sistemindən və gündəlik həyatdan başlayır. İnsanların heyvanla münasibəti fərdi seçim yox, ictimai davranış normasıdır.

Avropada ev heyvanları küçədə satılan əşya deyil. Onların harada doğulduğu, kim tərəfindən saxlanıldığı, hansı şəraitdə böyüdüyü, hansı peyvəndləri aldığı sistemdə görünür. Heyvanın sağlamlığı, psixoloji vəziyyəti və yaşayış şəraiti dövlətin maraq dairəsindədir. Küçə satışları, avtomobildən it-pişik paylanması, sənədsiz alqı-satqı həm tam qadağandır, həm də ağır cəzalarla nəticələnir. Bu səbəbdən Avropada sahibsiz heyvan problemi də nəzarətdən çıxmır, çünki məsuliyyətsiz sahiblik mümkün deyil.

Azərbaycanda isə mənzərə tam fərqlidir. Heyvan rifahı mövzusu əsasən emosional səviyyədə mövcuddur. Kimsə heyvana zülm edəndə sosial şəbəkədə qısa etiraz dalğası yaranır, sonra hər şey əvvəlki axarına qayıdır. Küçələrdə satılan balalar, peyvəndsiz heyvanlar, avtomobildən satış, bazarlarda antisanitar şəraitdə saxlanılan canlılar adi hal kimi qəbul olunur. Azərbaycanda  heyvanlar çox vaxt “mal”, “əyləncə”, “uşaq üçün oyuncaq” statusundadır.

Azərbaycanda sahibsiz heyvan problemi də məhz bu baxışın nəticəsidir. İnsanlar heyvan alır, amma məsuliyyətini dərk etmir, böyüyəndə, xəstələnəndə, ya da “bezəndə” küçəyə buraxır. Dövlət isə bu dövrəni qıracaq sistem qura bilməyib. Nəticədə heyvanlar da əziyyət çəkir, insanlar da.

Burada əsas sual yaranır ki, bəs fərq nədədir? Nə çatmır ki, Azərbaycanda heyvanların rifahı bu vəziyyətdədir?

Məsələ təkcə qanunların olmamasında deyil. Azərbaycanda formal olaraq heyvanlarla bağlı normalar mövcuddur. Problem bu normaların işləməməsindədir. Avropada heyvan rifahı üç əsas sütun üzərində qurulub: konkret qanunvericilik, aktiv nəzarət və qaçılmaz cəza. Bu üçlükdən biri belə işləməyəndə sistem çökməyə başlayır.

Avropada heyvan satışı üçün lisenziya lazımdır. Hər kəs istədiyi yerdə heyvan sata bilməz. Satıcı qeydiyyatdan keçir, yoxlanır, fəaliyyəti sənədləşir. Heyvanlar mikroçiplə identifikasiya olunur, peyvənd pasportu olmadan satış mümkün deyil. Nəzarət təkcə kağız üzərində deyil, həmçinin bələdiyyə, baytarlıq xidmətləri və polis real yoxlamalar aparır. Pozuntu aşkar ediləndə cərimə simvolik deyil, ciddi maliyyə və hüquqi nəticələr doğurur. Ən önəmlisi - cəmiyyət bu qaydaları normal qəbul edir və pozuntuya göz yummur.

Azərbaycanda isə mövcud qurumlar var, amma onların fəaliyyəti ya passivdir, ya da parçalanmış vəziyyətdədir. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Dövlət Baytarlıq Xidməti əsasən kənd təsərrüfatı heyvanlarına fokuslanır, ev heyvanları məsələsi arxa planda qalır. Qida Təhlükəsizliyi Agentliyi heyvan mənşəli məhsullarla məşğuldur, amma canlı heyvanların satış mühiti faktiki olaraq nəzarətsizdir. Yerli icra hakimiyyətləri və bələdiyyələr sahibsiz heyvan məsələsini ya maliyyə çatışmazlığı, ya da “bizim səlahiyyətimizə aid deyil” arqumenti ilə kənara qoyur. Polis isə çox vaxt bu məsələlərə ictimai təhlükəsizlik problemi kimi yanaşmır.

Yəni qurumlar mövcuddur, amma ortaq sistem yoxdur. Nə koordinasiya var, nə də məsuliyyət bölgüsü aydındır. Bu boşluqda küçə satışı normaya çevrilir, nəzarətsizlik isə adiləşir.

Azərbaycanda vəziyyəti dəyişmək üçün Avropanı mexaniki şəkildə kopyalamaq yox, əsas prinsipləri tətbiq etmək lazımdır. İlk növbədə heyvan satışı lisenziyalaşdırılmalıdır və küçə satışları açıq şəkildə qadağan edilməlidir. Ev heyvanları üçün minimum rifah standartları müəyyən olunmalı və bu standartlara əməl etməyənlər real cəzalarla üzləşməlidir. Mikroçipləmə və qeydiyyat sistemi mərhələli şəkildə tətbiq oluna bilər, amma bu proses kağız üzərində qalmamalıdır.

Daha vacib məsələ isə ictimai yanaşmadır. Heyvan rifahı mövzusu yalnız könüllülərin və fəalların problemi olmamalıdır. Dövlət qurumları açıq mövqe göstərməli, nəzarət görünən olmalı, cəmiyyət isə başa düşməlidir ki, heyvana münasibət əslində insanın özünə münasibətidir.

Çünki heyvanlara necə davranıldığı bir ölkənin hüquqa, məsuliyyətə və mərhəmətə nə qədər hazır olduğunun güzgüsüdür. Avropa bu güzgüyə baxmaqdan çəkinmir. Azərbaycan isə hələ də baxmamaq üçün bəhanələr axtarır.

Şəhanə Nəsirli

Bizə qoşulun