“Tatarıstan lideri Rüstəm Minnixanovun Rusiyada miqrantların sıxışdırılması əleyhinə çıxış etməsi onun Kremlin şovinist siyasətinə etirazının bir formasıdır”. Politoloq Elxan Şahinoğlu Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Kremlin siyasəti nəticəsində Rusiyada şovinist əhval-ruhiyyə artıb: “Rusiya şəhərlərinin küçələrində miqrantları təhqir etmək adi hal alıb. Rus şovinistlər təhqir etdikləri arasında fərq qoymurlar, qeyri-rusların hamısını hədəf seçirlər. Misal üçün, Rusiya və Özbəkistan arasında münasibətlərdə problem yoxdur, iki ölkə arasında tərəfdaşlıq mövcuddur. Buna baxmayaraq, rus şovinistin taksi sürücüsü olan özbək miqrantı təhqir etməsi, onu aşağılaması, “rusların qulu” adlandırması və bunun internetdə yayımlanması Özbəkistanda geniş rezonans doğurub. Özbəkistan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib”.
Politoloq hesab edir ki, Ukraynaya qarşı işğalçı müharibə davam etdikcə Rusiyada şovinizm daha da artacaq: “Kreml Ukrayna ilə əməkdaşlıq edən və Ukraynanın ərazi bütövlüyünü tanıyan istənilən ölkəyə və həmin ölkənin vətəndaşına düşmən gözü ilə baxır. Bu tendensiyanı Rusiyada yaşayan qeyri-rus millətlər də hiss edirlər. Tatarıstan lideri haqlıdır. Rusiya hakimiyyət strukturlarının miqrant ailələrini hədəf alması, miqrantların övladlarını təhsil hüququndan məhrum etməsi şovinizmin göstəricisidir. Minnixanov riskə gedib. Kreml onun qərarlarına hətta yumşaq formada etiraz edənləri bağışlamır. Kreml indiki şərtlər altında Rüstəm Minnixanovu daha loyal şəxslə əvəz etmək qərarı verməsə də, bu istəyini gələcəkdə reallaşdırmağa çalışacaq”.
Toğrul Əli,
Medianews.az