Medianews.az
Pensiyaya çıxmağa hazırlaşan evdar qadınların
61 baxış

Pensiyaya çıxmağa hazırlaşan evdar qadınların NƏZƏRİNƏ

Azərbaycanda evdar qadınların pensiya təminatı məsələsi cəmiyyətdə tez-tez müzakirə olunan mövzulardandır. Bəs, evdar xanımların gələcəkdə pensiya alma imkanları nə dərəcədə realdır?

Medianews.az xəbər verir ki, mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, evdar qadınlar hazırda da pensiya ala bilirlər, lakin bu, yalnız minimum məbləğdə olur.

“Evdar qadınlar 65 yaşına çatdıqda yaşa görə pensiya almaq hüququ əldə edirlər. Ancaq pensiya fonduna sığorta haqları ödəmədiklərinə görə yüksək məbləğdə pensiya almaları mümkün deyil. Dövlət bu kateqoriyadan olan vətəndaşlara yalnız minimum pensiya təminatı verir”.

İqtisadçı qeyd edib ki, dövlət tərəfindən evdar qadınlara müəyyən güzəştlər də tətbiq olunub.

“Belə ki, 2026-cı ilə qədər evdar qadınlar üçün 25 il iş stajı “hədiyyə” edilib. Lakin 2026-cı ildən etibarən bu staj hər il 1 il azaldılmaqla davam etdiriləcək. Məsələn, 2026-cı ildə tələb olunan staj 24 il, 2027-ci ildə isə 23 il təşkil edəcək”.

Xalid Kərimlinin sözlərinə görə, ümumilikdə pensiya hüququnun yaranması üçün minimum 25 il iş stajına malik olmaq əsas şərtlərdən biridir. O, vurğulayıb ki, mövcud sistemin mahiyyəti ondan ibarətdir ki, vətəndaş pensiya almaq üçün pensiya fonduna sığorta haqqı ödəməlidir:

“Vətəndaş nəzərə almalıdır ki, işləmək və sosial sığorta ödəmək lazımdır. Pensiya sistemi məhz bu prinsip üzərində qurulub”.

Beləliklə, evdar qadınların pensiya alma imkanı real olsa da, bu, əsasən minimum pensiya ilə məhdudlaşır və daha yüksək təqaüd üçün rəsmi məşğulluq və sığorta ödənişləri zəruridir.

Bizə qoşulun