Medianews.az
Fərhad Məmmədov İrəvandan hansı təəssüratla qayıdıb? -
2,382 baxış

Fərhad Məmmədov İrəvandan hansı təəssüratla qayıdıb? - AÇIQLAMA

“Bildiyiniz kimi, Bakıdan İrəvana təyyarə reysi yoxdur. Biz İrəvana xüsusi reyslə getdik. Üstünə “Azərbaycan” sözü yazılmış təyyarəmizi görən hava limanı işçilərinin necə təəccübləndiyini, bizə, təyyarəmizə necə təəccüblə baxdığını da aşkar hiss etdik”. Bu sözləri Medianews.az-a açıqlamasında Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov deyib.

Oktyabrın 21-22-də İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa təşkil olunub. Tədbirdə Azərbaycanı Fərhad Məmmədov, Rusif Hüseynov, Ramil İskəndərli, Kəmalə Məmmədova və Dilarə Əfəndiyeva, Ermənistanı isə Areq Koçinyan, Boris Navasardyan, Naira Sultanyan, Narek Minasyan və Samvel Meliksetyan təmsil ediblər.

Fərhad Məmmədov Medianews.az-a açıqlamasında xatırladıb ki, bu, avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyannamənin ruhuna uyğun şəkildə sülh gündəliyinin təşviqinə yönəlmiş bir dəyirmi masa idi: “Eyni zamanda bu formatda ilk görüş idi. Yəni Vaşinqtonda sülh gündəliyi qəbul edəndən sonra ilk dəfə idi Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri ikitərəfli formatda görüşürdü. Əsas müzakirə mövzusu Vaşinqton görüşündən sonra formalaşan sülh gündəliyinə vətəndaş cəmiyyətlərinin necə dəstək verə biləcəyi məsələsi idi. Çünki hökumətlər artıq bir çox istiqamətdə birgə fəaliyyətlə məşğuldurlar. Rəsmi danışıqlar platforması mövcuddur. Ona görə vətəndaş cəmiyyətlərinin də bu prosesə qoşulması üçün münbit şərait yetişib”.

“Görüşdə iştirak edən Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri arasında çoxdan tanıdığınız şəxslər var idimi” sualına Fərhad Məmmədov belə cavab verib: “Əlbəttə, biz Ermənistandan olan ekspertlərlə çoxdan tanışıq. Amma həmişə üçüncü ölkələrdə, beynəlxalq tədbirlər çərçivəsində, xarici təşkilatların təşkil etdiyi sülh yaratma layihələrində görüşmüşdük. İndi ilk dəfə idi ikitərəfli formatda görüşürdük. Eyni zamanda bu görüşün təkcə iştirakçıları deyil, həm də təşkilatçıları idik. Və üçüncü ölkədə yox, iki ölkədən birinin paytaxtında toplaşmışdıq. Azərbaycan Hava Yollarına məxsus, üstünə “Azərbaycan” yazılmış təyyarənin Ermənistan paytaxtına eniş etməsini çox əlamətdar hadisə kimi vurğulamaq istərdim”.

Səfər çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla da görüşüblər. Fərhad Məmmədovun sözlərinə görə, həmin görüş də kifayət qədər səmimi keçib: “Açıq fikir mübadiləsi apardıq. Vəziyyəti özümüz üçün aydınlaşdırmağa, ictimaiyyətin, vətəndaş cəmiyyəti qruplarının, ekspertlərin, medianın sülh yaratma prosesinə hansı töhfələri verə biləcəyini müzakirə edib dəqiqləşdirməyə çalışdıq. Fikrimcə, rəsmi formatlar kimi bu format da dayanıqlı, davamlı olacaq, vətəndaş cəmiyyətləri sülh prosesinə töhfə verə biləcək”.

Fərhad Məmmədov Azərbaycan nümayəndələrinin təhlükəsizliyinin yetərincə təmin olunduğunu, qrup şəklində İrəvanda gəzintiyə çıxıb şəhərlə tanış olmaq imkanı qazandıqlarını da qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Birgə Bəyannamə imzalayıb sərhədlərin toxunulmazlığı, ərazi əldə olunması üçün güc tətbiqinin yolverilməzliyi əsasında qonşuluq münasibətlərinin qurulması öhdəliyi götürüb, iki ölkənin xarici işlər nazirləri isə Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsini paraflayıblar. Vaşinqtonda həmçinin Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən, Ermənistandan keçən dəhlizin yaradılması razılaşdırılıb. Bu layihə ABŞ-ın patronajlığı ilə gerçəkləşəsidir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun