Medianews.az
Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR VERİLƏCƏK
1,405 baxış

Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı YENİ QƏRAR VERİLƏCƏK

Yaxın günlərdə Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı növbəti qərarını verəcək.

Medianews.az xatırladır ki, 2020-ci il martın 31-də koronavirus infeksiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Həmin vaxtdan qüvvədə saxlanan rejim ölkəyə giriş-çıxışa məhdudiyyət qoyur – quru sərhədlər bağlıdır.

Sonuncu dəfə Nazirlər Kabineti xüsusi karantin rejimi ilə bağlı qərarını 2025-ci il iyunun 24-də verib, rejim oktyabrın 1-dək uzadılıb. İndi oktyabrın 1-dək hökumət bu qərara yenidən baxmalı, rejimi ya qüvvədə saxlamalı, yaxud yumşaltmalı, ya da ləğv etməlidir.

2024-cü il aprelin 23-ü Bakıda keçirilən beynəlxalq forumda danışarkən Prezident İlham Əliyev qeyd edib ki, quru sərhədlərin bağlı saxlanması qərarı yalnız koronavirusa əsaslanmır: “Sərhədlərin bağlı olması Azərbaycanda təhlükəsizliyi gücləndirib. Prezident, milli təhlükəsizlik məsələləri ilə gündəlik məşğul olan bir şəxs kimi deyə bilərəm ki, biz sərhədlərimizi bağladıqdan sonra milli təhlükəsizliyimiz üçün çox böyük faydalar gördük və bu, reallıqdır. Biz başa düşürük ki, Azərbaycanda insanlar üçün, eləcə də qonşuluğumuzda yaşayan azərbaycanlılar və başqa millətlər üçün narahatlıq var, lakin milli təhlükəsizlik bütün digər hisslərdən və ya bütün digər səbəblərdən üstün olmalıdır”.

2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. 2024-cü ilin martında yayılmış son hesabata görə, ölkədə 835144 nəfər koronavirusa yoluxub, onların 10428-i vəfat edib.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun