Medianews.az
“Azərbaycanda psixoloji xidmət gözdən düşür, psixoloqlara inamsızlıq yaranır”
4,371 baxış

“Azərbaycanda psixoloji xidmət gözdən düşür, psixoloqlara inamsızlıq yaranır”

İxtisasca psixoloq olan, eyni zamanda uzun illərdir jurnalistika sahəsində çalışan İmdad Əlizadə psixoloq qəbulu həyata keçirməyə başlayıb. Bununla bağlı o, sosial mediada elan yayıb. Sentyabrın 17-si İmdad Əlizadə Medianews.az saytının bu məsələ ətrafında suallarını cavablandırıb.

- Jurnalistlər də psixoloqlar kimi daima maraqlı, yeni nəsə axtarır, cəmiyyətlə ünsiyyətdə olur. Qərarınız sanki qəfil təsir bağışladı...

- Bakı Dövlət Universitetinin sosial elmlər və psixologiya fakültəsinin psixologiya ixtisasını bitirmişəm. Necə deyərlər, bu sahədə üçpilləli akademik təhsilim var - bakalavr, magistratura və doktorantura. Magistratura və doktoranturada psixologiyanın ən vacib və maraqlı sahəsi olan hüquq psixologiyası üzrə ixtisaslaşmışam. Bu həm psixologiya, həm də hüquq elmini əhatə edən bir sahədir.

Ali məktəbin birinci kursunda oxuduğum dövrdən jurnalist işləyirəm - 27 ildir. Jurnalistika çox sevdiyim, ürəkdən bağlı olduğum, özümü rahat hiss etdiyim, təsdiqləyə bildiyim sahə olsa da, zaman-zaman təhsil aldığım peşəyə qayıtmaq üçün imkanlar axtarmışam. Düzdür, şansım da çox olub, amma yenə də jurnalistikada qalmışam.

Son zamanlar isə çalışdığım agentlikdə bəzi hadisələr baş verdi, bizim müsahibənin predmeti olmadığına görə bu barədə geniş danışmaq istəmirəm. Düzdür, sırf buna görə belə bir addım atmamışam, amma qərar qəbul etməyimdə son hadisələrin təsiri də olmamış deyil.

- Cavabınızı necə başa düşək: nəhayət, psixologiya sahəsində öz arzularınızı reallaşdırmaq və jurnalistika ilə sağollaşmaq?..

- Jurnalist işlədiyim dövrdə psixologiyadan tam uzaqlaşmamışam, həm təhsilimi davam etdirmişəm, həm də zaman-zaman praktik olaraq psixoloq kimi fəaliyyət göstərmişəm. Bu sahədə olan vəziyyəti isə ürək ağrısı ilə izləmişəm. Çünki həm azərbaycanlıların psixoloqa, psixoloji xidmətə müraciəti sahəsində ciddi problemlər var, həm də bəzi "psixoloq"ların fəaliyyətində. Özünü psixoloq sayıb psixologiyadan, real, doğru-düzgün psixoloji xidmətdən başqa hər işlə məşğul olan "psixoloq"ların sayəsində Azərbaycanda psixoloji xidmət nüfuz və gözdən düşür, psixoloqlara inamsızlıq yaranır. Baxmayaraq ki, bu sahə bizim ölkədə çox da qədim tarixə malik deyil, psixoloji xidmət əsasən dövlət müstəqilliyimizin bərpasından sonra inkişaf etməyə, vüsət almağa başlayıb. Psixologiyanın, psixoloji xidmətin, ən vacib peşələrdən biri olan psixoloq işinin nüfuzdan düşməsinə imkan vermək olmaz, bunun qarşısını almaq lazımdır.

Jurnalistika ilə sağollaşmağa gəlincə, belə olmayacaq. Hər halda buna ümidliyəm. Bir müddət iki sahədə çalışmağı nəzərdə tuturam. Gələcəkdə necə olacaq, bunu da zaman göstərər.

- Praktik psixoloq fəaliyyətinə başlamağınıza jurnalist dostlarınızın ilk reaksiyaları necədir?

- Çox maraqlı. Yüzlərlə mesaj almışam. Dostlar yazırlar, zəng edirlər. Bütün bunlar məni sevindirir, ömrü bada vermədiyimi göstərir. Bəzi dostlar elə bilirlər ki, jurnalistikadan birdəfəlik və tamamilə gedirəm. Həm buna inanmaq istəmirlər, həm də bu sahədə qalmağımı arzulayır, iş təklif edirlər. Onlara real vəziyyət barədə məlumat verirəm.

Dostların bəziləri isə bu qərarımı dəstəkləyir, alqışlayır. Açığı, bu məni təəccübləndirir. Eyni zamanda praktik psixoloq kimi fəaliyyətimə informasiya dəstəyi verməyə hazır olduqlarını bildirənlər, bununla bağlı xəbər yazan, açıqlama alan dostlar da çoxdur. Medianews.az xəbər portalının kollektivi daxil olmaqla, mediadakı dostlara təşəkkür edirəm.

- Süni intellekt ildırım sürətiylə inkişaf edir və onun gələcəkdə bəzi peşələri sıradan çıxaracağını pronozlaşdıranlar var. Süni intellekt psixoloq peşəsini sıradan çıxara, yaxud belə deyək, praktik olaraq psixoloji məsləhətlər verən psixoloqları əvəz edə bilərmi?

- Süni intellekt həyatımızın bütün sahələrinə sürətlə nüfuz edir və bu, davamlı xarakter alıb. Sizin də qeyd etdiyimiz kimi, süni intellektin bəzi peşələri sıradan çıxaracağı gözlənilir. Artıq müəyyən sahələrdə insanı süni intellekt əvəzləməyə başlayıb. Məsələn, hava limanlarında bələdçiləri.

Amma mən psixoloji xidmət sahəsində süni intellektin psixoloqları geniş miqyasda əvəz edəcəyinə inanmıram, bunu gözləmirəm. Çünki insanın ruhi-psixoloji durumunu, əhval-ruhiyyəsini, dərdini yalnız onun danışdıqları ilə, verdiyi suallarla, aldığımız cavablarla deyil, gözlərinə, davranışlarına baxaraq daha dərindən duya bilirik. Süni intellekt bunu bacarmayacaq. Əminəm ki, bir gün süni intellektdən əziyyət çəkənlər olacaq və onlar da psixoloji dəstəyə ehtiyac duyacaqlar, praktik psixoloqa üz tutacaqlar. O məsələlər ki, duyğularla, hisslərlə bağlıdır, orada insanı ancaq insan anlaya, dərdinə şərik çıxa və çarə tapa bilər.

- Psixoloqların əksəri yaxın adamları ilə seans keçirməkdən yayınır, bəziləri bundan tam imtina edir. Qəbulunuza gəlmək istəyən jurnalist dostlarınıza cavabınız necə olacaq?

- Gözəl sualdır. Burada iki amili nəzərə alıb qərar verməliyik. Bu, əsasən peşəkarlıq və etik qaydalarla bağlıdır. Psixoloq və pasiyent arasında bir növ neytral və etibarlı münasibət olmalıdır ki, insan rahatlıqla problemlərini danışa, dərdini anlada, ürəyini aça bilsin. Dostlar, tanışlar və qohumlar arasında isə bu neytrallıq pozula bilər, çünki artıq şəxsi həyata aid sirlərdən söhbət gedir. Təcrübə göstərir ki, pasiyentlər dost və qohum psixoloqlar yanında tam sərbəst ola bilmirlər. Çünki onlar şəxsi həyatlarına dair sirlərin bilinməsindən, həm də yayılmasından ehtiyat edirlər. Bizim hamımızın qohumlarımız, ortaq dostlarımız var. Birdən bunu qohumlar bilər, qonşular eşidər, dostlar duyar qorxusu pasiyentin sərbəst və səmimi olmasına imkan vermir. Bu da psixoloji dəstəyin obyektivliyini və effektivliyini azalda bilər.

Ona görə də əgər jurnalist dostlarımızdan kimsə psixoloji dəstəyə ehtiyac duyarsa, onu savadına, intellektinə bələd olduğum başqa bir mütəxəssisə yönəldərəm. Bu, həmin məqamda dostlara göstərə biləcəyim ilkin psixoloji yarımdır.

- İnanırıq ki, praktik psixoloq kimi fəaliyyətiniz jurnalistikadakı uğurlarınızdan az olmayacaq. Cəmiyyətə təsəlli verəcək sözünüz varmı?

- Psixoloqun uğuru doğru yanaşması, ünsiyyət qurması və problemin ən dərin qatına enərək, hətta pasiyentin özünə də məlum olmayan tərəflərini görə bilməsindədir. Bu zaman bizim əsas silahımız sözdür. Pasiyentə də sözlə yardım edə bilirik. Ona görə də insanlar psixoloq sözünə inanmalı və etibar etməlidirlər. Sözsüz ki, söhbət peşəkarların sözündən gedir. Bəzən görürsən ki, bir nəfər danışır, deyir ki, psixoloq yanına getdim, heç bir müsbət təsirini görmədim. Soruşuram ki, psixoloqun dediklərinə əməl etdin? Cavab verir ki, xeyr. Bilirsiniz bu nəyə bənzəyir? Həkimə gedirik, müayinə edib, müalicə üçün resept yazır. Otaqdan çıxan kimi resepti cırıb atırıq. 10 gün sonra da həkimin yanına qayıdıb deyirik ki, müalicəniz heç bir effekt vermədi, xəstəliyim daha da ağırlaşıb... Psixoloqun fikirlərinə diqqətlə yanaşmaq, tövsiyələrinə əməl etmək lazımdır. Buna nail olmağa çalışacam.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun