Konstitusiya Məhkəməsinin Plenumu Baş Prokurorluğun sorğusunu əsas tutaraq Cinayət Məcəlləsinin 12.1 və 12.5-ci maddələrini əlaqəli şəkildə şərh edib.
Medianews.az bildirir ki, 12.1-ci maddəyə görə, Azərbaycan vətəndaşları və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycanın hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, cinayət məsuliyyətinə cəlb edilirlər.
12.5-ci maddəyə əsasən, 12.1-ci maddədə nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələrində təyin edilən cəza ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz.
Beləliklə, Azərbaycan vətəndaşlarına və vətəndaşlığı olmadan Azərbaycanda daimi yaşayan şəxslərə xaricdə törətdikləri əmələ görə təyin edilən cəzanın yuxarı həddi ilə bağlı rəsmən məhdudiyyət qoyulub.
Aşağı hədlə bağlı isə məhdudiyyət yoxdur.
Bu səbəbdən Baş Prokurorluq Konstitusiya Məhkəməsinə üz tutaraq şərh istəyib. Müraciətdə qeyd olunub ki, xaricdə törədilən əmələ görə təyin edilən cəzanın yuxarı həddi ilə bağlı məhdudiyyət olduğu halda aşağı həddin müəyyən edilməməsi təcrübədə cəzanın tətbiqi ilə bağlı fərqli yanaşmalara səbəb olur.

Baş Prokurorluq bildirib ki, bir sıra hüquq tətbiqedənlərin qənaətinə görə, cinayət qanununun humanizm və ədalət prinsiplərinin tələblərinə uyğun olaraq xaricdə cinayət törətmiş şəxslərə münasibətdə xarici dövlətin cinayət qanununun şəxsin vəziyyətini yaxşılaşdıran, daha yüngül cəza müəyyən edən normaları tətbiq edilməlidir.
Baş Prokurorluğun sorğusunda daha sonra qeyd edilib ki, fərqli yanaşma da var. Həmin yanaşma ondan ibarətdir ki, sözügedən şəxslərlə bağlı Azərbaycan Respublikasının məhkəmələrində cəza təyin edilərkən cəzanın aşağı həddi kimi həmin əmələ görə Azərbaycanın Cinayət Məcəlləsi ilə nəzərdə tutulan cəzanın aşağı həddi tətbiq edilməlidir.
Konstitusiya Məhkəməsinin Plenumu 2025-ci il sentyabrın 30-da Baş Prokurorluğun müraciəti ilə əlaqədar qərar qəbul edib.
Qərarda bildirilib ki, xaricdə cinayət törətmiş Azərbaycan vətəndaşlarına və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının məhkəmələrində təyin edilən cəzanın aşağı həddi həmin cinayətin törədildiyi xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın aşağı həddi ilə məhdudlaşdırıla bilməz. Konstitusiya Məhkəməsi hesab edib ki, bu məsələ xarici dövlətin yox, Azərbaycanın cinayət qanunvericiliyi ilə həll edilməlidir.
30 sentyabr 2025-ci il qərarına əsasən, xaricdə cinayət törətmiş Azərbaycan vətəndaşlarına və Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə xarici ölkənin ərazisində törətdikləri cinayətə görə cəzanın aşağı həddi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələri ilə müəyyən edilməlidir. Qərarın təsviri-əsaslandırıcı hissəsində buna geniş izah verilib.

9 hakimdən ibarət Konstitusiya Məhkəməsi qanunların, fərman, sərəncam və qərarların, normativ hüquqi aktların konstitusiyaya, qanunlara uyğunluğu üzrə məsələlərin; qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrin həllinə məsuldur, həmçinin Azərbaycan Konstitusiyasını və qanunlarını şərh edir.
Vətəndaşlar qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə şikayət verə bilər.
Konstitusiya Məhkəməsinin hər bir qərarı qətidir, heç bir orqan və ya şəxs qərarı ləğv edə, dəyişdirə bilməz.
Toğrul Əli,
Medianews.az