Medianews.az
Anklav kəndlər məsələsini necə həll etməli? -
2,056 baxış

Anklav kəndlər məsələsini necə həll etməli? - İlham İsmayılın təklifi

Birinci Qarabağ müharibəsinin tanınmış veteranı, polkovnik-leytenant İlham İsmayıl Azərbaycanla Ermənistanın ərazi mübadiləsinə getməsini qaçılmaz sayır.

1957-ci il təvəllüdlü İlham İsmayıl Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini və SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Minsk Ali Kursunu bitirib. Dövlət Təhlükəsizlik Komitəsinin (Milli Təhlükəsizlik Nazirliyi) Gəncə Şəhər Şöbəsində əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili postlarında xidmət edib. Milli Təhlükəsizlik Nazirliyinin Şəmkir və Göyçay bölmələrinin rəisi, nazirliyin şöbə rəisi olub.

İlham İsmayıl 1990-1991-ci illərdə Gəncəbasar bölgəsinin erməni işğalından azad olunması əməliyyatlarının ən fəal iştirakçılarından olub, həmçinin Ermənistanla sərhədin bəzi hissələrində döyüşüb.

1995-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Təhlükəsizlik məsələləri üzrə ekspert kimi tanınır.

İlham İsmayıl Medianews.az-a açıqlamasında sülh bağlamağa qərar vermiş Azərbaycanla Ermənistan arasında dövlət sərhədlərinin müəyyənləşdirilməsinin əsas problem olduğunu vurğulayıb.

Avqustun 8-də Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair sazişin mətni paraflanıb. Sənədə görə, tərəflər 1991-ci ildə dağılmış Sovet İttifaqının respublikaları arasında sərhədlərin müvafiq müstəqil dövlətlərin beynəlxalq sərhədlərinə çevrildiyini və beynəlxalq birlikdə bu şəkildə tanındığını təsdiq edir, bir-birinin suverenliyini, ərazi bütövlüyünü, beynəlxalq sərhədlərinin toxunulmazlığını və siyasi müstəqilliyini tanıyır.

Sovet dövründə müəyyənləşmiş sərhədlərlə götürəndə Azərbaycanın 4 kəndi (Sədərək rayonunun Kərki, Qazax rayonunun Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri) Ermənistanın nəzarətindədir. Gədəbəy rayonunun Başkənd kəndi isə sovet dövründə Ermənistan ərazisinə aid olub. Yəni sovet dövrünün sərhədləri ilə götürəndə Ermənistanın 1 kəndi Azərbaycanın nəzarətindədir.

Kərki, Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndlərinin hamısı Ermənistan ərazisi ilə, Başkənd kəndi isə Azərbaycan ərazisi ilə əhatə olunub.

Medianews.az-a danışan İlham İsmayıl bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası işlərində adətən sovet dövrünün 1975-ci il xəritələrindən istifadə olunur: “İndiyədək sərhəddə 12 kilometrdən bir qədər çox məsafə məhz bu sənədlərə istinad etməklə delimitasiya və demarkasiya olunub. Sərhədlərin dəqiqləşdirilməsi istiqamətində sonrakı işlər də eyni prinsiplə, eyni hüquqi baza əsasında görüləcək. Həmin prinsiplərlə götürdükdə bizim dörd, Ermənistanın isə bir kəndinin taleyinin necə həll olunacağı məsələsi ciddi sual doğurur. Məncə, burada beynəlxalq praktikaya əsasən ən yaxşı variant torpaq mübadiləsidir.

Çünki əks halda 1992-ci ildə ağır döyüşlərlə götürülmüş Başkəndi Ermənistana verməli, deməli, ölkəmizdə Ermənistanın anklavının yaranmasına razılaşmalı olacağıq. Bizim də Ermənistan ərazisində anklavlarımız olacaq ki, bu da gələcəkdə çox mürəkkəb vəziyyətlər, ciddi problemlər ortaya çıxara bilər.

Bizim yeddi kəndimizin yolu Başkənd ərazisindən keçir. Ermənistan Başkəndə yiyələnsə, gələcəkdə istədikləri vaxt bizə qarşı istənilən təxribatı törətmək imkanı qazanacaq.

Yaxud Naxçıvan Muxtar Respublikası ilə fiziki əlaqəsi olmayan, dövlət sərhədimizdən 12 kilometrdən çox aralı yerləşən, hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş Kərki kəndini götürək. Biz arxayın ola bilərikmi ki, Ermənistan bu kəndə gediş-gəlişə, kənddə yaşayacaq vətəndaşlarımıza heç vaxt təhlükə, təhdid törətməyəcək? Xeyr. Ermənistanda revanşist qüvvələr var, gələcəkdə də olacaq. Onlar Kərkinin eləcə coğrafi vəziyyətindən yararlanmaqla hər an təxribat törətməyə can ata bilərlər. Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri haqqında da eyni fikirləri söyləmək olar”.

İlham İsmayıl qeyd edib ki, Başkənd kəndinin ərazisi təxminən Kərki və Yuxarı Əskipara kəndlərinin ümumi ərazisinə bərabərdir: “Bu iki kəndlə Başkəndi faktiki olaraq əvəzləşdirmək mümkündür. Sofulu, Barxudarlı kəndlərini isə Azərbaycan sərhədlərinin içinə qatmaq olar. Ermənistan Sofulu və Barxudarlı kəndləri ilə Azərbaycan ərazisi arasında duran hissəni bizə verə, biz də o qədər torpaq sahəsini Sofulu, Barxudarlı kəndlərinin ərazisindən ayırıb Ermənistana verə bilərik.

Aydın məsələdir ki, mən bu təkliflərin hamısını məcburiyyətdən, əhalimizi, ərazimizi, sərhədlərimizi perspektiv təhdidlərdən sığortalamaq üçün irəli sürürəm. Sabah hər hansı anklav kənddə bir azərbaycanlının başından bir tük əskik olsa, əsgər və zabitlərimiz, elə yaxın kəndlərdəki mülki əhalimiz də dərhal Ermənistan sərhədini yarıb keçəcək. Bu isə çox ağır nəticələr verə bilər. Biz bu gün sülhə gediriksə, ona real təminatlar düşünməliyik, illüziyalara qapılmamalıyıq ki, Ermənistan qol çəkdiyinə əməl edəcək, sülh razılaşmasını pozmayacaq, revanşistlər təxribat törətmək imkanlarından yararlanmağa cəhd göstərməyəcəklər.

Eyni zamanda bu təkliflər havadan götürülməyib, qarşılıqlı ərazi mübadiləsi beynəlxalq praktikada olub. Vaxtilə Hindistanla Banqladeş arasında 50-dən çox anklavın taleyi torpaq mübadiləsi nəticəsində təqribən təklif etdiyim üsulla həll edilib. Avropa ölkələrində də belə hallar olub. Gələcək təxribatlardan qaçmaq, yayınmaq üçün ən yaxşı variant anklavları torpaq mübadiləsi ilə öz sərhədlərinin içinə qatmaqdır.

Çünki mən soydaşlarımızın hər tərəfdən Ermənistan ərazisi ilə əhatə olunmuş kəndlərdə rahat, arxayın, təhlükəsiz yaşa biləcəyinə inanmıram. Buna güvənə bilmirəm. Ona görə düşünürəm ki, Ermənistanla razılığa gələk, nə onların bizdə anklavı olsun, nə də bizim onlarda anklavlarımız, torpaq mübadiləsi ilə bu təhlükəli perspektivə birdəfəlik son qoyaq”.

İlham İsmayıl Prezident İlham Əliyevin bu ilin iyulunda III Şuşa Qlobal Media Forumundakı çıxışından sitat gətirib: “Dövlət başçısı erməni tərəfi ilə görüşlərdə bir neçə dəfə onlara belə bir söz dediyini vurğuladı: “Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq”. Prezidentin qeyd etdiyi kimi, ancaq belə olan təqdirdə Cənubi Qafqazda tədricən məqbul situasiya yarana bilər”.

İlham İsmayılın fikrincə, “Siz öz həyatınızı yaşayın, biz də öz həyatımızı yaşayaq” formuluna nail olmağın, normal, sakit, dinc yaşaya bilməyin bir yolu da anklavlar məsələsini yerli-dibli həll etməkdən keçir.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun