“Naxtel”in bu ilin dekabrından fəaliyyətini dayandırması Azərbaycanda mobil operator bazarında diqqət çəkən hadisədir. Şirkətin payı ümumi bazarda nisbətən kiçik olsa da, xüsusilə Naxçıvan və bəzi regionlarda abunəçilər üçün mühüm rol oynayırdı. Bu səbəbdən bağlanma qərarı əsasən həmin bölgələrdə xidmətlərin təşkili və alternativ operatorlara keçid prosesində abunəçilərə müəyyən çətinliklər yarada bilər”. Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov Medianews.az-a açıqlamasında belə deyib.

O qeyd edib ki, “Naxtel”in abunəçi bazasının “Azercell”, “Bakcell” və “Nar” arasında bölüşdürülməsi gözlənilir: “Bu keçid bazar paylarında kəskin dəyişiklik yaratmasa da, operatorların rəqabət imkanlarını gücləndirəcək və abunəçiləri cəlb etmək üçün yeni təkliflər verməyə sövq edəcək.
Proses həm də ölkədə telekommunikasiya sektorunda abunəçi hüquqlarının qorunması, nömrə daşıma xidmətlərinin sadələşdirilməsi və şəffaflıq məsələlərini ön plana çıxarır. Abunəçilər vaxtında nömrələrini digər operatorlara keçirməsələr, balans və xidmətlərini itirmək riski ilə üzləşə bilərlər. Buna görə də həm operatorların, həm də tənzimləyici qurumların bu keçid dövründə abunəçiləri dəqiq məlumatlandırması və dəstək mexanizmlərini gücləndirməsi vacibdir”.
Xatırladaq ki, Azərbaycanda yeganə regional mobil operator olan, Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxtel” MMC fəaliyyətini dayandırır. Sentyabrın 1-də qurum bununla bağlı abunəçilərinə xəbərdarlıq edib, dekabr ayınadək “Naxtel”in telekommunikasiya xidmətlərini tam dayandıracağı bildirilib, abunəçilərə hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün həmin vaxtadək, yəni qarşıdakı üç ay ərzində ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına müraciət etmələri tövsiyə olunub.
Ölkədə “Naxtel”dən başqa cəmi üç mobil rabitə operatoru var: “Azercell”, “Bakcell”, “Nar”.
“Naxtel” 2015-ci ildə yaradılıb. 4-cü nəsil GSM + LTE operatorudur. 130 baza stansiyası var. Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edir. Hər bir baza stansiyası ilə Mərkəzi İdarəetmə Sistemi arasında fiber optik kabel xətləri çəkilib və saniyədə 1GB informasiya daşıya bilən avadanlıqlar qurulub.
Nailə Qasımova,
Medianews.az