Medianews.az
Sülh sazişi paraflanır, Minsk qrupu buraxılır, yol xəritəsi müəyyən edilir
361 baxış

Sülh sazişi paraflanır, Minsk qrupu buraxılır, yol xəritəsi müəyyən edilir

Avqustun 8-i ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparacaq. Artıq Azərbaycan Prezidenti ABŞ paytaxtındadır. ABŞ-də yaşayan azərbaycanlı jurnalist Aleks (Ələkbər) Raufoğlunun avqustun 7-də sosial media platformasında yaydığı məlumata görə, görüşdə bu sənədlərin imzalanması nəzərdə tutulur:
  1. Sülh prosesinə dair yol xəritəsini müəyyən edən birgə bəyanat.
  2. Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin artıq mətni razılaşdırılmış sülh sazişini paraflaması.
  3. Hər iki ölkənin ATƏT-in Minsk qrupundan çıxdığını rəsmən təsdiqləyən birgə məktub.
  4. Həm ABŞ-Azərbaycan, həm də ABŞ-Ermənistan arasında münasibətlərin inkişafını nəzərdə tutan anlaşma memorandumları.
Medianews.az xatırladır ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşdığı 2025-ci il mart ayının 13-də rəsmən bəyan olunub. Sazişin imzalanması üçün isə Azərbaycan iki şərtə (Ermənistan Konstitusiyasının dəyişdirilməsi, ATƏT-in Minsk qrupunun buraxılması) əməl olunmasının vacibliyini vurğulayıb. İyulun 19-da Azərbaycan Prezidenti İlham Əliyev III Şuşa Qlobal Media Forumunda bir daha bəyan edib ki, bu iki məsələ – Ermənistan Konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması – həll edilən kimi Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalana bilər: “Əgər erməni tərəfi Qarabağ münaqişəsinin bitdiyini hesab edirsə, Qarabağ münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupunu ləğv etmək lazımdır. Məntiq sadədir. Bunun üçün Ermənistan Konstitusiyasına dəyişikliklər edilməlidir ki, oradan Azərbaycana qarşı ərazi iddialarının yer aldığı müstəqillik bəyannaməsi çıxarılsın. Prinsipcə məsələ budur. Buna görə də sülh sazişinin mətni razılaşdırılıb. Bu sənədin paraflanması ideyası da Azərbaycan tərəfindən irəli sürülüb”. Dövlət başçısı vurğulayıb ki, bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib: “Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni bir var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, bir də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər. Bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik”. Medianews.az qeyd edir ki, sülh sazişinin paraflanması ilə imzalanması arasında əsas fərq razılaşmanın əhatə dairəsi və hərəkətin rəsmiliyindədir. Paraflama diplomatik danışıqların sonunda razılaşdırılmış mətnin təsdiqidir. Yəni sazişin paraflanması o deməkdir ki, tərəflər bu sənəd üzrə razılığa gəliblər. Bu akt sənədin rəsmi və hüquqi cəhətdən qüvvəyə mindiyini yox, növbəti mərhələdə imzalanmağa hazır olduğunu göstərir. İmzalama bütün sənədin rəsmi təsdiqidir, paraflama isə sənədin müəyyən hissələri, ayrı-ayrı səhifələr və ya bəndlər ilə təsdiq və ya razılaşmanı göstərə bilər. Paraflama diplomatik danışıqlar nəticəsində sənədin mətninə dair razılığın əldə edildiyini göstərən ilkin təsdiqdir. Bu mərhələdə sənədin hüquqi qüvvəyə minməsi baş vermir. Sənədin paraflanması onun imzalanmağa hazır olduğunu nümayiş etdirir, lakin bu, hələ öhdəlik doğuran bir hüquqi akt deyil. İmzalama artıq tərəflərin razılaşdırılmış sənədi rəsmi şəkildə təsdiqləməsidir. Bu mərhələdən sonra sənəd ya avtomatik olaraq qüvvəyə minir, ya da əlavə ratifikasiya (təsdiqləmə) prosesinə ehtiyac yaranır. İmzalanmış və qüvvəyə minmiş sənəd hüquqi öhdəlik yaradır. Paraflanmanın belə bir məcburiyyət yaratmaq gücü yoxdur, imzalamada isə var. İmzalanma aktını adətən ölkə rəhbərləri həyata keçirirlər. Paraflanma zamanı isə sənədi adətən tərəflərin danışıqlarda iştirak edən nümayəndələri imzalayırlar. 1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib. 1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb. 1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb. 1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub. 5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. Konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan məhz bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur. ATƏT-in Minsk qrupunun ləğvinə gəlincə, bunun üçün Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir. Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT-ə Azərbaycan və Ermənistan 1992-ci il yanvarın 30-da qəbul olunublar. 1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub. 1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib. 1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib. 1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb. Ermənistanın 1988-1994-cü illərdəki təcavüzündə Azərbaycanın cənub-qərbi və Sədərək rayonunun 1, Qazax rayonunun 7 kəndi işğal olunub. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub. 2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən işğalçı rejimə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb. 2024-cü il mayın 24-də Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndləri dinc yolla azad edilib. Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistanın, Ermənistan ərazisinin bir hissəsi – indi Gədəbəyin Başkənd kəndinə aid olan torpaqlar Azərbaycanın nəzarətindədir. Toğrul Əli, Medianews.az

Bizə qoşulun