Medianews.az
Moskva ilə Bakı arasında yeni gərginlik – <span style=color:red>Kreml müəmmalı şəkildə susur...
226 baxış

Moskva ilə Bakı arasında yeni gərginlik – Kreml müəmmalı şəkildə susur...

Ötən ilin dekabrında Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Rusiya ərazisində raketlə vurulması nəticəsində yaşanan faciədən sonra Azərbaycanla Rusiya arasında münasibətlər gərginləşmişdi. Lakin 2025-ci ilin may ayınadək Rusiyanın bu gərginliyi aradan qaldırmaq üçün atdığı bir sıra addımların effekt verdiyi, Azərbaycan tərəfdən müsbət qarşılandığı da müşahidə edilirdi. Bununla belə, mayın 4-də Rusiyanın Həştərxan vilayətinə səfərə yollanan Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Azər Badamov Moskva hava limanında saxlanıldı, Həştərxan reysinə buraxılmadı və geri qayıtmağa məcbur edildi. Azərbaycanlı deputatın nümayişkaranə şəkildə Rusiyaya buraxılmaması nədən xəbər verir? Moskva yenidən münasibətləri gərginləşdirmək xətti tutubmu? Mövzu ilə bağlı Medianews.az-a danışan siyasi şərhçi Elşad Paşasoy deyib: “Azərbaycanın sərnişin təyyarəsi vurulandan sonra Rusiya ilə münasibətlər çox gərgin idi. Amma mülki təyyarənin vurulmasına görə Azərbaycandan Rusiya Prezidenti səviyyəsində üzrxahlıq edildi. Düzdür, bu, yetərli sayıla bilməz, Azərbaycan Prezidenti bir sıra digər tələblər də irəli sürmüşdü, o cümlədən terror aktını törədən şəxslərin cəzalandırılması, kompensasiya ödənilməsi və s. Biz pərdə arxasında bu istiqamətdə hansı müzakirələrin getdiyi, anlaşmaların olub-olmadığı barədə səhih məlumata malik deyilik. Bununla belə, Rusiyadan davamlı şəkildə edilən səfərlər, nümayiş olunan jestlər rəsmi Moskvanın öz səhvini başa düşdüyü qənaətini yaradırdı. Yüksək çinli Rusiya rəsmilərinin səfərlərinin hər birində Azərbaycanla dostluqdan, əməkdaşlıqdan, strateji müttəfiqlikdən bəhs olunurdu. Mayın 3-də Rusiya Prezidenti Vladimir Putinin faşizm üzərində qələbənin 80-ci ildönümü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlandığı təbrik məktubunda da dostluq, müttəfiqlik münasibətlərinin inkişafına ümidvarlıq vurğulanırdı”. Siyasi şərhçi hesab edir ki, bütün bunların fonunda Milli Məclis deputatının Rusiya paytaxtında saxlanılması, çox mötəbər bir tədbirə – Ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ilə əlaqədar Həştərxanda keçirilən mərasimlərə buraxılmaması, arzuolunmaz şəxs statusunda geri qaytarılması tam anormal, heç bir əndazəyə sığmayan hərəkətdir: “Deputat Azər Badamovun özünün də bildirdiyi kimi, indiyədək Rusiya tərəfi bununla bağlı rəsmi açıqlama verməyib, həmçinin üzrxahlıq olmayıb. Moskvanın Şeremetyevo hava limanında Rusiyanın Federal Sərhəd Xidməti əməkdaşlarının Azər Badamova göstərdikləri bildirişdə Rusiyanın təhlükəsizliyi və ya ictimai-siyasi sabitliyi ilə bağlı ifadələr yer alıbmış. Azərbaycanlı deputat Rusiyanın təhlükəsizliyinə, sabitliyinə hansı təhdidləri yaradırdı? Aydın deyil. Üstəlik, Azər Badamov bundan əvvəl, aprelin 17-dən 20-dək Rusiyada səfərdə olub, Dağıstan Xalq Məclisinin 30 illik yubileyi tədbirlərinə qatılıb. Aprelin 17-də dövlət sərhədini adi qaydada keçib, hər hansı bir problem olmadan da geri qayıdıb. O vaxt ona hər hansı bir məhdudiyyət haqda heç bir xəbərdarlıq edilməyib. Cəmi bir neçə gün sonra Həştərxanda keçirilən tədbirlə əlaqədar səfər edəndə isə ona Moskvada bildirilir ki, bu ölkəyə girişi yasaqdır və bundan sonra ölkəyə daxil olsa, məsuliyyətə cəlb olunacaq. Bu, əsassız iddialar müəmmalı bir vəziyyət yaradır. Azərbaycan Xarici İşlər Nazirliyinin insidentlə bağlı bəyanatından da görünür ki, Rusiya qeyri-dost hərəkətə yol verməklə növbəti dəfə Azərbaycanın əsəblərini tarıma çəkməyə cəhd göstərib. Kremlin susqunluğunun özü də düşündürücüdür. Eyni zamanda Azərbaycan parlamenti ilə əməkdaşlığa üstünlük verən, mart ayında ölkəmizdə rəsmi səfərdə olarkən Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordenini təqdim edən Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun bu məsələnin üstündən sükutla keçməsi, heç bir reaksiya verməməsi də ciddi suallar doğurur. Rusiyanın Xarici İşlər Nazirliyi Azər Badamovun Rusiyaya daxil olmasına yasaq qoyulduğunu bilirdisə, yaxud özü onun adını “qara siyahı”ya salmışdısa, bu barədə öncədən rəsmi açıqlama, xəbərdarlıq verməli idi. Amma o halda Azər Badamov Dağıstan səfərinə də gedə bilməzdi. Rusiya mətbuatında yazılanlardan belə çıxır ki, Azər Badamov Dövlət Dumasının üzvü Nikolay Valuyevə verdiyi cavaba görə bu cür münasibətlə üzləşib. Valuyev boyunu aşaraq fevral ayında Azərbaycanı təhqir etmiş, ölkəmizə qarşı həqarətlər səsləndirmişdi. Azər Badamov ona haqlı, həm də kifayət qədər sanballı cavab vermişdi. Azərbaycan Xarici İşlər Nazirliyinin dövlətimizə, xalqımıza həqarət yağdıran bir deputatı bəziləri kimi “arzuolunmaz şəxslər” siyahısına salması da, şübhəsiz, məntiqli, ədalətli idi”. Elşad Paşasoy xatırladıb ki, Azərbaycanın başqa deputatları, ictimaiyyət nümayəndələri, ziyalıları da fevral ayında səslənən həmin təhqirlərə cavab vermişdi və burada qeyri-adi heç nə yoxdur: “Rusiya Azər Badamova yasaq qoymaqdansa bütün sərhədləri aşan Nikolay Valuyevin haqqında ölçü götürsəydi, beynəlxalq hüquqa və qonşuluq münasibətlərinə uyğun addım atmış olardı”. Siyasi şərhçi vurğulayıb ki, Azər Badamovla bağlı insident Azərbaycan Prezidenti İlham Əliyevin faşizm üzərində qələbənin 80 illiyi münasibətilə Moskvada keçiriləcək bayram tədbirlərində iştirak etməyə hazırlaşdığı zamanda baş verir və belə bir dövrdə münasibətlərə kölgə salan addımların atılması başadüşülən deyil: “Rusiya nə etmək istəyir? Azərbaycanla normal əlaqələr saxlamaq, yoxsa Ukraynada apardığı müharibəyə görə düşdüyü təcrid vəziyyətini daha bir yaxın qonşusu ilə münasibətləri pozmaqla bir az da ağırlaşdırmağa çalışır? Anlamaq olmur. Rusiya rhbərliyi bu insidentə ən yüksək səviyyədə münasibət bildirməli və Azərbaycan dövlətindən üzrxahlıq etmçəlidir. Eyni zamanda Milli Məclis üzvünə qarşı həqarət etmiş şəxslər, bu işin sifarişçiləri cəzalandırılmalı, Valuyev kimilər susdurulmalıdır”. Azər Babamovun Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü olduğunu yada salan Elşad Paşasoy qeyd edib ki, onun MDB ölkələri çərçivəsində fəaliyyət göstərən parlamentlərarası əməkdaşlıq formatında da fəaliyyəti var: “Adıçəkilən qrumlar Rusiya ilə münasibətlərin inkişafına töhfə verirlər. Azər Badamov iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafına əmək sərf edən şəxslərdən biridir. Üstəlik, o, hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin də üzvüdür. Bütün bunları nəzərə aldıqda baş verənləri təkcə bir deputata deyil, ümumilikdə Azərbaycan dövlətinə, xalqına, parlamentinə qarşı yönəlmiş anormal münasibət kimi qiymətləndirməyə tam əsas yaranır”. Nailə Qasımova, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “İctimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

Bizə qoşulun