Medianews.az
Pulların 90 faizindən çoxu <span style=color:red>BELƏ OĞURLANIR
191 baxış

Pulların 90 faizindən çoxu BELƏ OĞURLANIR

Son zamanlar Azərbaycan vətəndaşlarının bank kartlarından kiber üsulla pul oğurluqlarının sayı çoxalıb. Daxili İşlər Nazirliyi demək olar hər gün bu haqda məlumat yayır, vətəndaşları kiberdələduzların tələsinə düşməmək üçün diqqətli olmağa çağırır. İnformasiya texnologiyaları üzrə ekspertlər də xəbərdarlıqlar edir, kiberdələduzların metodlarını anladır, ictimaiyyət arasında maarifləndirmə aparmağa çalışırlar. Amma cinayətlərin sayı azalmır. Nədir səbəb? Daha nələr etmək olar? Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının sədri Elvin Abbasov bildirib ki, kiberdələduzluğun, vətəndaşlara dəyən ziyanın miqyası, həcmi son illər aybaay artır: “Bu hücumların 95 faizi primitiv formada - vətəndaşın öz iştirakı, əli ilə, məxfi məlumatları onun sahibindən almaqla həyata keçirilir. Həmçinin sosial şəbəkələrin Azərbaycan seqmentində bank kartlarının, şəxsiyyət vəsiqələrinin şəkilləri paylaşılır ki, əslində belə olmamalıdır. Bu gün internetdə eləcə “Azərbaycan şəxsiyyət vəsiqəsi” yazıb axtarış versək, minlərlə insanın vəsiqəsi çıxar. Dövlət qurumlarından, banklardan, ayrı-ayrı elektron sistemlərdən də kifayət qədər məlumat sızıntısı var. Məsələ burasındadır ki, sızan həmin məlumatlar “qaranlıq şəbəkə” (dark web) adlandırılan resurslarda satışa çıxarılır. Təəssüf ki, bunların hər biri dələduzların, cinayətkarların işinə yarayır. O, vətəndaşı bu məlumatlarla manipulyasiya edir. Vətəndaşı öz adı ilə çağırır, ona əlaqə nömrələrini və ya digər məlumatlarını xatırladır, beləliklə, onu inandırmağa çalışır. Nəticədə vətəndaşın öz əli ilə verdiyi kodlar ona qarşı dələduzluğa gətirib çıxarır”. E.Abbasov bildirib ki, vətəndaş daxil olmaqla, burada dövlət təşkilatlarının, biznes qurumlarının, bankların və digər subyektlərin də məsuliyyəti var: “Amma nəzərə alaq ki, kiberdələduzluğun yalnız 3-5 faizi vətəndaşa görə olmur. Belə hallara, məsələn, vətəndaşın bank hesabının oğurlanması aiddir. Beynəlxalq SMS daşıyıcılar vasitəsilə yolda o tip kodlar oğurlana bilər. Bu, artıq başqa hücum növüdür. Amma 3-5 faiz dediyimiz həmin professional kibercinayətkarlıqlar da artmaqdadır. Bu o deməkdir ki, qarşıda bizi daha gərgin günlər gözləyə, daha böyük pul itkisi ola bilər. Ona görə bir yandan cəmiyyətin maariflənməsi güclənməlidir, maariflənmə üsulları dəyişməli, daha isti təmaslı maariflənmələr olmalıdır. Yəni təbliğat təkcə rəsmi bildirişlər, ekspert şərhləri, QHT-lər, sosial çarxlar vasitəsilə aparılmamalıdır. Pulu oğurlanmış insanların özləri hadisənin necə baş verdiyini, necə tələyə düşdüklərini danışmalıdırlar. Bu, bəlkə daha təsirli ola bilər. İnsanların daha yaxşı başa düşməsi üçün bu cür hekayətlərin ortaya qoyulmasına ehtiyac var. O biri yandan dövlət qurumları da yanaşmasını dəyişməlidir. Bank sektoru bu istiqamətə daha çox invenstitsiya qoymalıdır. Öz infrastrukturunu təkmilləşdirməli, standartları daha da inkişaf etdirməli, tətbiqləri daha yaxşı qorumalıdır. Məsələn, ola bilər ki, ikili təsdiqləməni könüllü yox, məcburi etmək gərəkdir. Yaxud banklar ödəniş zamanı üztanıma sistemini aktivləşdirə bilər. Yəni vətəndaş hər hansı köçürmə etmək istəyəndə kod əvəzinə üz təsdiqləməsi gəlsin. Bir sözlə, maariflənmədən tutmuş qanunvericiliyin, standartların, infrastrukturun təkmilləşməsinədək bütün istiqamətlərdə iş aparılmalıdır ki, kiberdələduzluq azalsın, cinayətkarların şansı qalmasın. Bəlkə bunun qarşısını gələcəkdə fərqli üsullarla da almaq olar. Amma bu gün dələduzluğun qarşısını almağın əsas yolları belədir. Məncə, qeyd etdiyim metodlar reallaşsa, cinayətlər 99 faiz, hətta 100 faiz, yəni tam aradan qalxa bilər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun