16.04.2025, 13:39
206 baxış
Azad
Azərbaycanın inadı, Ermənistanın istinadı, Paşinyanın iltiması - Tarixi arayış
Aprelin 16-sı Yerevanda jurnalistlərə açıqlama verən Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkənin yeni konstitusiyasında müstəqillik bəyannaməsinə istinad olmamalıdır: “Bu mənim siyasi mövqeyimdir. Siyasi qüvvələr və liderlər bu mövqeyin lehinə və əleyhinə olan arqumentlərini açıqlamalıdır, ancaq qərarı Ermənistan xalqı verməlidir”.
Medianews.az bildirir ki, Ermənistanda yeni konstitusiyanın 2027-ci ildə, ümumxalq səsverməsində qəbul edilməsi gözlənir. Referendumun 2026-cı ilin parlament seçkisi ilə birgə keçirilməsi də mümkündür.
2025-ci il martın 13-də Azərbaycanla Ermənistan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsini razılaşdırıb. Ancaq Ermənistan Konstitusiyasının giriş (preambula) hissəsinin Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alması sazişin imzalanmasını mümkünsüz edir.
1988-ci ildə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkat başlayıb və getdikcə təcavüzə çevrilib.
1989-cu il dekabrın 1-də Ermənistan parlamentinin və Dağlıq Qarabağ Milli Şurası adlı qondarma qurumun birgə iclasında Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi qərarı çıxarılıb.
1990-cı il avqustun 23-də Ermənistan parlamenti müstəqillik bəyannaməsi qəbul edib. Bəyannamədə 1 dekabr 1989-cu il qərarına da istinad olunub, yəni dolayısı ilə Dağlıq Qarabağ Ermənistan ərazisi kimi tanınıb.
1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan edib, sentyabrın 21-də isə Ermənistanda müstəqillik referendumu keçirilib, ardınca hərbi təcavüz sürətlənib, 1994-cü ilin mayına qədər Azərbaycanın altıda biri işğal olunub.
5 iyul 1995-ci ilin referendumunda Ermənistan Konstitusiyası qəbul olunub. 27 noyabr 2005-ci il və 6 dekabr 2015-ci ilin referendumlarında yenilənən konstitusiyanın preambulasında 23 avqust 1990-cı il bəyannaməsinə istinad var. Azərbaycan bunu əsas götürərək Ermənistan Konstitusiyasının yenilənməsi tələbi qoyur.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın apardığı müharibə və savaşdan sonrakı danışıqlar, lokal hərbi əməliyyatlar nəticəsində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın rayonları tam, Şuşa, Xocavənd, Xocalı, Ağdərə rayonları qismən azad olunub.
2023-cü il sentyabrın 19-da Azərbaycan Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd və Ağdərə rayonlarının bir hissəsinə nəzarət edən Dağlıq Qarabağ rejiminə qarşı hərbi əməliyyata başlayıb, ertəsi gün rejim tərksilah olmaq öhdəliyi götürüb, sentyabrın 24-dən ermənilərin Qarabağdan kütləvi köçü başlayıb, sentyabrın 28-də rejim özünü buraxıb.
2024-cü il mayın 24-də Ermənistan Qazaxın Aşağı Əskipara, Bağanıs Ayrım, Xeyrimli, Qızılhacılı kəndlərindən çəkilib.
Sədərək rayonunun Kərki, Qazax rayonunun Barxudarlı, Sofulu, Yuxarı Əskipara kəndləri Ermənistan ərazisi ilə əhatə olunmuş (anklav) vəziyyətdədir.
Ermənistanla sülh danışıqları zamanı Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi şərtini də irəli sürüb. Ləğv üçün öncə Azərbaycanla Ermənistanın ATƏT-ə (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı) birgə müraciəti gərəkdir.
Əsası 1975-ci ildə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) kimi qoyulmuş ATƏT 57 ölkəni birləşdirir. Azərbaycan və Ermənistan quruma 1992-ci il yanvarın 30-da qəbul olunublar.
1992-ci il martın 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurası Dağlıq Qarabağa dair sülh konfransının çağırılması qərarı qəbul edib. Konfransın Minskdə keçirilməsi nəzərdə tutulub.
1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, konfransa hazırlıq məqsədilə italyan Mario Rafaelliyə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.
1994-cü ilin dekabrında həmsədrlik institutu yaradılıb, həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.
1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi həmsədr təyin olunub, 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ.
Minsk qrupunda həmsədrlər, Azərbaycan və Ermənistanla yanaşı Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə də yer alıb.
Toğrul Əli,
Medianews.az
Paylaş: