Medianews.az
Boşanmaq istəyənlərin psixoloqa getməsi məcburi olacaq - <span style=color:red>ŞƏRH
197 baxış

Boşanmaq istəyənlərin psixoloqa getməsi məcburi olacaq - ŞƏRH

Ədliyyə Nazirliyi nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbitini tapması üçün təkliflər hazırlayır. Bunu ədliyyə nazirinin müavini Abiddin Hüseynov Milli Məclisdə “Ailə, qadın və uşaq hüquqları – konstitusion hüquqların əsas prioriteti kimi” mövzusunda keçirilən ictimai dinləmədə deyib. O qeyd edib ki, nikahın pozulması üçün Ədliyyə Nazirliyinə müraciət edən şəxslərə pilot layihə kimi psixoloqa müraciət tövsiyəsi tətbiq edilir: “Təcrübə göstərir ki, cütlüklərin 20 faizi psixoloqa müraciət etdikdən sonra nikahın pozulmasından imtina edir. Buna görə məsələnin qanunvericilikdə təsbiti üçün təkliflər hazırlanır”. Nikahın pozulması zamanı psixoloqa yönləndirmənin hüquqi çərçivədə təsbit edilməsi cütlüklərin münasibətlərinə necə təsir göstərə bilər? Bu, boşanmaların sayını azaldarmı? Belə bir təşəbbüs ailə-məişət zorakılığı ilə mübarizəyə də töhfə verə bilərmi? Ədliyyə Nazirliyinin təklif etdiyi pilot layihənin uzunmüddətli effektləri hansı istiqamətlərdə daha çox gözlənilir, xüsusilə uşaqların psixoloji inkişafı baxımından?.. Mövzu ilə bağlı Medianews.az-a danışan Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov bildirib ki, Ədliyyə Nazirliyinin nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit edilməsi təşəbbüsü cəmiyyətə pozitiv təsir göstərə bilər. Psixoloqun sözlərinə görə, boşanma ərəfəsində olan cütlüklərin psixoloji dəstək alması onların öz problemlərini daha obyektiv şəkildə dəyərləndirməsinə və effektiv ünsiyyət qurmasına şərait yaradır: “Bu cür müdaxilələr anlaşılmazlıqların aradan qaldırılmasına və münasibətlərin bərpasına kömək edir. Ədliyyə Nazirliyinin psixoloqa müraciət edən cütlüklərin 20%-nin boşanmadan imtina etdiyini açıqlaması da bu faktı təsdiqləyir. Bu, psixoloji dəstəyin boşanmaların sayının azalmasında əhəmiyyətli rol oynaya biləcəyinin göstəricisidir. Boşanma mərhələsində psixoloji məsləhətlər cütlüklərin emosional idarəetmə bacarıqlarını inkişaf etdirərək, zorakılıq hallarının qarşısını almağa kömək edə bilər. Münaqişələrin sülh yolu ilə həlli və stresin idarə edilməsi kimi mövzularda məlumatlandırma ailə-məişət zorakılığının azalmasına da şərait yaradır”. E.Rüstəmov qeyd edib ki, boşanma prosesində uşaqlar ciddi emosional və psixoloji çətinliklərlə üzləşirlər: “Valideynlər arasındakı münaqişələr uşaqlarda qorxu, narahatlıq və çarəsizlik hissləri yarada bilər. Psixoloji dəstək alan valideynlər uşaqlarına daha stabil və dəstəkləyici mühit təmin edərək, onların sağlam psixoloji inkişafına töhfə verə bilərlər. Mütəxəssislər də qeyd edir ki, boşanma sonrası uşaqlarda depressiya, sosial izolyasiya və üsyankar davranışlar müşahidə olunur. Valideynlərin düzgün yanaşması və psixoloji dəstəyi bu cür mənfi təsirlərin azalmasına kömək edir. Ona görə də nikahın pozulması zamanı cütlüklərin psixoloqa yönləndirilməsinin qanunvericilikdə təsbit edilməsi ailələri qorumaq, ailə-məişət zorakılığını azaltmaq və uşaqların sağlam psixoloji inkişafına təkan vermək baxımından əhəmiyyətli addımdır. Bu təşəbbüs cəmiyyətin rifahına və sosial stabilliyinə müsbət təsir göstərə bilər”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun