Medianews.az
Amerikanın səhm bazarlarında <span style=color:red>nə baş verir?
181 baxış

Amerikanın səhm bazarlarında nə baş verir?

Bu suala qısa cavab belə olardı: səhmlərin nominal dəyərinin kəskin ucuzlaşması və bunun nəticəsində iqtisadiyyatın həcminin kiçilməsi. Görünən də budur: son bir neçə gün ərzində ABŞ iqtisadiyyatının həcmi 3,5 trilyonadək kiçilib. ABŞ səhm bazarlarında bütün kateqoriyalar üzrə 3,5-4% resessiya baş verib, Teslanın səhmləri isə cəmi bir gün ərzində 15%, ilin əvvəlindən 40-45% ucuzlaşıb. Amma bu, ilk baxışdan görünən mənzərədir. Bir qədər dərinə getdikcə isə səhmləri ucuzlaşan şirkətlərin mütləq əksəriyyətinin ümumi olaraq "bigtech" adlandırılan Tesla, Nvidia, Oracle və digər bu kimi biznes qurumları olduğu diqqəti çəkir. Başqa sözlə, bugünkü ABŞ administrasiyasının iqtisadi dayaqları kimi görünən şirkətlərin. Səhm bazarlarında baş verənləri siyasi proseslərə reaksiya kimi dəyərləndirmələr dominantlıq təşkil edir. Bu da anlaşılandır, çünki düzənli iqtisadiyyatı və siyasi sistemi olan ölkələrdə səhm bazarlarındakı durum daim siyasi gəlişmələrlə əlaqədar olur ki, bu da siyasətlə iqtisadiyyatın qarşılıqlı təsirindən irəli gəlir. Siyasi gəlişmələr isə necə deyərlər, artıqlaması ilədir. Təkcə bir gün ərzində ABŞ prezidenti Kanadadan idxal olunan məhsullara rüsum tətbiq olunması ilə bağlı bir neçə ziddiyyətli qərar qəbul edib. Bura atılan addımların qarşılığında Kanadanın cavab addımlarını da əlavə etsək (Kanada isə bir addım da geri çəkiləcək kimi görünmür), səhm bazarlarında baş verənləri izah etmək olar. Amma bu dəfə də suallar ortaya çıxır. Məsələn, Donald Trampın idxal rüsumu tətbiq etdiyi alüminium, polad, qaz, neft və ya elə ərzaq kimi məhsulların "bigtech" şirkətlərə nə aidiyyəti var? Əslində itirməli olan həmin xammala ehtiyac duyan şirkətlər olmalıdır. Amma belə deyil. O zaman baş verənləri necə izah etmək olar? Ola bilərmi ki, səhm bazarlarında "bigtech"ə qarşı sabotaj baş verir? Ola bilər və mümkündür, belə praktika da çox olur. Beləliklə, məntiqlə məsələn, Kanadadan idxal olunan məhsullara rüsumların tətbiqinə ilk növbədə iqtisadiyyatın maşınqayırma, sənaye avadanlıqları istehsalı, enerji şirkətləri və digər bu kimi sahələr reaksiya verməlidir. Amma əvvəl də qeyd etdiyim kimi, səhmlərinin dəyərini itirən əsasən texnoloji şirkətlərdir. Elon Maskın "Tesla" avtomobilləri istehsal edən və dəyərinin az qala tən yarısını itirən şirkəti burada ayrıca hal kimi nəzərdən keçirilməlidir. Belə ki, "Tesla" ilə bağlı baş verənlər sırf siyasi səbəbdən olmasa da, amma siyasi amil də təsir edənlərdən biridir. Elon Mask bu gün ABŞ demokratlarının tərəfdarları arasında ən çox qıcıq yaradan şəxsdir. Amma təkcə bu düşərgədə yox. Problem də ilk növbədə elə bundan qaynaqlanır. "Tesla" avtomobillərinin ABŞ bazarında satışının 11% demokrat ştat olan Kaliforniyanın payına düşür. Avropa bazarında isə vəziyyət bundan daha dramatikdir, çünki Avropada "Tesla" avtomobillərinin 75% Almaniya bazarında satılırdı. Elon Maskın avtomobilləri də əsasən elə həmin 2 böyük bazarda boykot olunur. Xüsusilə də Maskın Almanıyanın ifrat sağçı AFD partiyasına açıq dəstəyi alman cəmiyyətinin böyük əksəriyyəti tərəfindən reaksiyasız qarşılanmadı. Maraqlı bir fakt da budur ki, dünyanın aparıcı avtomobil şirkətlərinin (Daimler-Benz, Volkswagen, BMW) kapitallaşması orta hesabla 55-65 milyard dollar civarında olduğu halda, "Tesla" üçün bu rəqəm $ 1,5 trilyon və ya təxminən 30 dəfə yüksək idi. Bu gün isə təxminən $ 777 mlrd. Odur ki, elə həmin rəqəmlərin reallığı (başqa sözlə səhmlərin real qiymətini) nə dərəcədə əks etdirməsi və ya süni şəkildə şişirdilmiş (buna "bubble" və ya "köpük" deyilir) olması da sual doğurur. Məsələn, dünya avtomobil sənayesinin lideri olan Toyota üçün bu rəqəm $ 291 mlrd təşkil edir. Bununla bağlı bir fakta da diqqət yetirmək maraqlı olardı: 2024-cü ildə avtomobil satışı üzrə birinci olan "Toyota" 10,8 mln maşın satdığı halda, "Tesla" cəmi 1,79 milyon ədəd satmaqla kifayətlənməli olub. Başqa sözlə 6 dəfə az. İndi qayidaq "bigtech" şirkətlərə. Əvvəlki yazıda qeyd etdiyim kimi, Tramp administrasiyasına loyallıq göstərən "bigtech"in səhmlərininin ucuzlaşması bir neçə səbəbdən ola bilər: 1. Səhm bazarlarındakı manipulyasiya istisna deyil və belə hallar da olub. Mexanizm təxminən belədir: hansısa investorun və ya investorların ona məxsus olan səhmlərdən kütləvi imtina etməsi və satışa çıxarması (xüsusilə də həmin səhmlərin ümumi həcmi çox olduqda) istənilən halda şirkətin səhmlərinin qiymətinə təsir göstərir. Amma bu halda həmin proses səhm bazarı iştirakçıları tərəfindən müşahidə olunur və manipulyasiya edən tərəf bəlli olur. İnvestorlar üçün bu, heç də müsbət biznes reputasiyası sayılmır. Odur ki, bu variant çox da inandırıcı görünmür. 2. "Tesla" avtomobillərinin satışı ilə bağlı baş verənlər eyni zamanda da səhm bazarlarında təkrarlanır. Nəzəri olaraq mümkün görünsə də tam inandırıcı deyil, çünki iqtisadiyyat emosional deyil, rasional əsaslara söykənir və investor heç vaxt gəlir gətirən səhmlərdən imtina etmir. 3. Şirkətlərin səhmlərinin nominal dəyərinin onların real qiyməti ilə uyğun gəlməməsi. Yuxarıda qeyd olunan "bubble" məsələsi. Bu cür manipulyasiya da uzun müddət fəsadsız qala bilməz: bazar gec-tez özünü tənzimləyəcək. Bu variant qismən də olsa inandırıcı görünür. 4. Donald Trampın atdığı addımlar səbəbindən ABŞ iqtisadiyyatında həqiqətən resessiya başlayıb. Bu variant daha inandırıcı görünür. Həm də ona görə ki, Tramp komandasının atdığı addımlar niyyətindən asılı olmayaraq hesablama və proqnozlara söykənmir. Bu da təbiidir, çünki həmin addımları atanların mütləq əksəriyyəti bir gün də olsun icra hakimiyyəti strukturlarında çalışmaq təcrübəsi olmayan şəxslərdir. Bir çoxları isə dövlət xidmətində bir gün də çalışmayan biznes təmsilçiləridir. Dövlət isə biznes qaydaları ilə idarə olunmur. Üstəlik də verilən qərarlar düşünülməmiş, impulsiv və dəyişkən olduqda. Bu gün ABŞ iqtisadiyyatında baş verənlər davam edəcəyi halda bunun siyasi fəsadları da özünü çox gözlətməyəcək. Passionar amerikalılar onların nəticələrini öz gündəlik həyatında hiss etməyə başlayanda təbii ki. Bunun da ilkin əlamətləri özünü istehlak bazarında hələlik az da olsa artıq indidən göstərməkdədir. Ərəstun Oruclu, politoloq

Bizə qoşulun